Türkiyədə qarlı-şaxtalı hava şəraiti ən çox “Türk Hava Yolları” (THY) aviaşirkətinə ziyan vurub.
VOİCEPRESS Türkiyə KİV-nə istinadən xəbər verir ki, THY-nin son 4 gündə İstanbul aeroportlarından mindən çox uçuşu ləğv etməsi səbəbindən 15 min sərnişin otellərə yerləşdirilib, 40 min nəfərə zəruri ərzaq paylanıb. Bu 4 günlük zərərin dəyəri təqribən 100 milyon lirə təşkil edir.
Son olaraq gecə saat 00:00-a qədər bütün reyslərin ləğv edildiyini açıqlayan THY-nin bir çox təyyarələri başqa hava limanlarına enmək məcburiyyətində qalıb.
Ümumilikdə “Türk Hava Yolları”nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.
“Türk Hava Yolları” (THY) aviaşirkəti bu gün səhər saatlarına olan İstanbul-Bakı və Bakı-İstanbul reyslərini ləğv edib.
“Azərbaycan Hava Yolları” QSC-dən bildiriblər ki, AZAL Bakı-İstanbul reysi üzrə bütün uçuşları yerinə yetirir.
VOİCEPRESS.AZ