Naib Əlizadə: "Gəlin, görün, sonra yazın!"

Köşə yazıları / Manşet

1 971

Naib Əlizadə:
Bu il Naxçıvan Muxtar Respublikası həm beynəlxalq, həm də ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. 2018-ci il İslam Mədəniyyətinin və ölkəmizin Gənclər Paytaxtı seçilmiş Naxçıvan şəhəri hal-hazırda xarici və yerli turistlərin maraq dairəsindədir. Təbii ki, hər bir qonaq muxtar respublikaya səfərindən öncə bölgənin turizm potensialı, infrastruktur imkanları barədə məlumat əldə etməyə, muxtar respublikanı daha yaxından tanımağa çalışır. Belə bir məqamda, Bakı şəhərində yaşayıb karyerasını Naxçıvanda davam etdirən bir şəxs kimi, mən də ötən 6 aya yaxın müddət ərzində Naxçıvan Muxtar Respublikasında yaşadığım təəssüratları qələmə almaq, bir mətbuat nümayəndəsi kimi düşüncələrimi sizlərə çatdırmaq qərara gəldim. Öncədən vurğulayım ki, 2014-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişəm və əmək fəaliyyətimə kütləvi informasiya vasitəsi olan “Əks – Səda” qəzetində başlamışam.

Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev ideyalarını rəhbər tutan bir gənc olaraq, dövlət və dövlətçiliyə xidmət mənim ən böyük arzularımdan biri olub. Qeyd etdiyim kimi, mətbuat nümayəndəsi olmağım mənim ictimaiyyətlə münasibətlərimin formalaşmasında mühüm rol oynamış və gələcəyim naminə apardığım araşdırmaların əsasını təşkil etmişdir. Bu dövrlər ərzində Bakı şəhərində bir neçə dəfə iş müraciətlərimin cavabsız qalması və Naxçıvan Muxtar Respublikası haqqında eşidib-öyrəndiklərim gələcək fəaliyyətim baxımından həyatımda bir dönüş nöqtəsi oldu. Etiraf edim ki, ilk dövrlərdə muxtar respublika haqqında ciddi məlumat sahibi deyildim.

Lakin Naxçıvana səfər edən şəxslərdən eşitdiklərim, mətbuat vasitəsilə gördüklərim məndə verdiyim qərarın doğruluğuna inam formalaşdırırdı. Ötən il muxtar respublikada elan olunmuş dövlət qulluğu müsabiqəsini fürsət bilərək sənədlərimi Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri yanında Dövlət Qulluğu Komissiyasına təqdim etdim. Komissiyanın ilk çağırışında gəlib gördüklərim isə məni yaxşı mənada təəcübləndirdi. Naxçıvan hava limanında göstərilən xidmət, yolboyu müşahidə olunan müasir şəhər infrastrukturu və əsrarəngiz təbiət bu şəhərinin tərifi baxımından heç bir mübaliğəyə yer qoymurdu.

Daha sonra Dövlət Qulluğu Komisiyyasında gördüklərim muxtar respublikada rəsmi – işgüzar üslübun, dövlət qulluqçuların etikdavranışlarının və operativ idarəçilik sisteminin necə gözəl vəhdət yaratdığının bariz nümunəsi idi. Mən yanılmamışdım. Beləliklə, komisiyyanın dəqiq və operativ şəkildə keçirdiyi imtahanda yüksək nəticə göstərərək Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarının birində işə qəbul oldum. Muxtar respublikada şəxsən heç kimi tanımadığıma baxmayaraq, işlədiyim qurumda mövcud fəaliyyət modeli, kollektivin və yerli insanların göstərdiyi münasibət, mənim ən qısa müddətdə muxtar respublikaya doğmalaşmağıma zəmin yaratdı. Bu gün mən əminliklə qeyd edə bilərəm ki, Naxçvan Muxtar Respublikası qəzet kağızlarında və kitab vərəqlərində əks olunananlardan daha böyük və daha geniş imkanlara malik, bütün istiqamətlərdə inkşafda olan tarixin dərinliklərindən gələn qədim diyar, sözün əsl mənasında Qoca Şərqin Qapısıdır.

Lakin bu gözəllikləri, burda qurub-yaradan əlləri, muxtar respublikanın hər bir sakinini əhatə edən diqqət və qayğını gözlərinlə görmək və yaşamaq lazımdır. Bu gün muxtar respublikada gənclərə yaradılan yaradıcılıq imkanları, orta və kiçik sahibkarlara göstərilən dövlət qayğısı, muxtar respublikanın şəhər və rayonlarını əhatə edən istehsal və təsərrüfat qüvvəsi hər bir qonağın xoş təəccübünə səbəb ola bilər. Xüsusən qeyd etmək istəyirəm ki, müasir Naxçıvanda mərkəz və ya ucqar anlayışı yoxdur, əhalinin məşğulluq dərəcəsi kifayət qədər yüksəkdir.

Bütün bu uğurlar Naxçıvanda dövlət dəstəyi və insan zəhmətinin birgə məhsuludur. Olduqca çətin və təhlükəli coğrafi mövqeyinə baxmayaraq Naxçıvan bu gün hər kəsin yaşamaq, yaratmaq arzusunda olduğu tarixi diyardır. Lakin son zamanlar ölkə mətbuatında ictimai rəyi formalaşdırmaqda çətinlik çəkən, gözlərini xarici qrandlara dikən, daha dəqiq desək, ölkə üçün özlərində düşmən imicini formalaşdıran bəzi mətbu orqanlar muxtar respublikada görülən işləri, aparılan uğurlu siyasətə kölgə salmaqla məşğuldular.

Yaratdıqları sayt vasitəsilə əsası olmayan faktlar barədə uydurma xəbərlər paylaşmaqla özünə oxucu kütləsi yığmağa çalışan bu şəxslərə cavab olaraq, onu deyə bilərəm ki, muxtar respublikada yaşayan hər kəsə məlumdur ki, hətta kiçik sahibkarlığa belə dövlət tərəfindən hər il yüz min manatlarla vəsait ayırır və heç bir vətəndaşa qarşı süni maneələr yaradılmır. Xüsusi qeyd etdikləri, LED lampalarına gəlincə, xəbərdən də göründüyü kimi müəllifin bu sahədə mövcud olan yeniliklərdən xəbərsiz olduğu özünü açıq şəkildə büruzə verir. Hazırda, dünya enerji bazarında, enerjiyə qənaət olunan müasir dünyamızda işıq sistemlərində LED lampaların üstünlük təşkil etdiyini bilməmək və ya bilmək istəməmək, qərəzli yanaşmanın aşkar təzahürüdür.

Sonda, mən, jurnalist peşəsinə, ictimai fikrə hörmət edən hər bir mətbuat nümayəndəsinə səslənirəm: "Gəlin, görün, sonra yazın!"




Naib Əlizadə
VOİCEPRESS.AZ

Ранее » TARİX ONU BİLMƏYƏNLƏRİ CƏZALANDIRIR - 100 İLLİK FACİƏMİZ« Далее Tənzilə Rüstəmxanlı: "Növbəti hədəf siz olacaqsınız..."
Flag Counter