CƏZASIZ QALAN CİNAYƏTLƏR...

Köşə yazıları / Manşet

10 260

CƏZASIZ   QALAN   CİNAYƏTLƏR...
R. T. ƏRDOĞAN: ”Dünyada vəhşi bir qətliam arayan varsa, Xocalıya baxsın. Unutmadıq, unutdurmayacağıq!!!"

Son yüzilliklərdə xalqımızın başına gətirilən faciələri, müsibətləri xatırlayırıq, danışırıq, yazırıq...

"Tarix onu bilməyənləri və unudanları cəzalandırır". Bəs bu tarix yaddaşımızda və kitablarımızda necə yaşayır, necə təsvir olunur?

XIX-XX əsrlərdə ermənilər tərəfindən özgə torpaqlarını zəbt edib bu torpaqlarda "Böyük Ermənistan" adlanan öz dövlətlərini yaratmaq xəstə təxəyyülləri ilə yadda qalıbdır. Erməni tarixçilərindən biri qeyd edir ki, ermənilərin keçmişi haqqında elə bir məlumat yoxdur ki, onu tarix, ya da səlnamə adlandırasan... Cənubi Qafqazda "erməni dövləti"nin yaradılması Çar Rusiyasının fəaliyyətinin nəticəsidir. Yəni ermənilərin özlərinin də içindən çıxan tarixini danmayan az da olsa ermənilər var. Qafqaza yerləşdirilən ermənilər "Böyük Ermənistan" uğrunda yazılan-yazılmayan bütün qanunları və dəyərləri məhv etməyə hazırdırlar.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər öldürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirildi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürüldü, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilib. Hücumda həmçinin mayor Ohanyan Seyran Mişeqoviçin komandanlığı altında Sovet ordusunun 366-cı alayının 2-ci batalyonu, Yevgeni Nabokixin komandanlığı altında 3-cü batalyon, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeri İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və giziri iştirak edib .

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub.

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçilərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınların törədilməsi ilə müşayiət olunub. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması Sovet dövründə də davam edib. 1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunaraq, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulub və bununla da Ermənistan monoetnikləşmə prinsipinə malik Ermənistana çevrildi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq, Ermənistan Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirməkdədir. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.

Ermənilərin məqsədi Xocalı şəhərini hədəfə almaqla Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı coğrafi baxımdan elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin ən qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə birləşdirirdi.

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər edirdilər. Onların başının dərisini soyub, başlarını və bədəninin digər orqanlarını kəsib, uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarnını yarıb, onlara min bir işgəncə veriblər.

Xocalı soyqırımı zamanı ermənilərin qeyri insani işgəncə ilə törətdikləri qətliamlar rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirib.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Bu gün Ermənistanda mühüm dövlət postlarını tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan, eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Xatırladaq ki, artıq dünyanın bir neçə ölkəsinin parlamenti Xocalı soyqırımını tanıyan qərar qəbul edib.. Xocalı Azərbaycan tarixində qanlı tarix olaraq yazılır.

Bu soyqırımı törədən Asala Terrör təşkilatının baş terroristi, dünyamiqyaslı terrörçu Monte Melkonyan kim idi?


Ermənistana xarici ölkələrdən xüsusi hazırlıqlı terrorçuların gəlməsini təşkil edən şəxs idi. Və o terrorçuların sayəsində biz 20 faiz torpaqlarımızı itirdik. Türk düşmanı olan ASALA terror təşkilatının baş bilən terroristi Monte Melkonyanın rəhbərliyi ilə baş tutan Xocalı qətliamı birmənalı olaraq türklərin etnik təmizlənməsinə hesablanmışdı. Monte Melkonyan 1957 -ci il noyabrın 25-də ABŞ-ın Kaliforniya ştatında anadan olub. 1978-ci ildən Livanda gedən vətəndaş müharibəsində, sağ xristian qüvvələri tərəfində döyüşmüşüb. Daha sonra Türkiyə ordusuna qarşı PKK-nın həyata keçirdiyi əməliyyatlarda iştrak etmişdir. 24 sentyabr 1981-ci ildə Melkonyan Parisdəki Türkiyə səfirliyinə hücum əməliyyatına rəhbərlik edib.

Həmin ilin noyabrında Fransa polisi tərəfindən saxta sənədlərlə həbs edilmişdir. Melkonyanın həbsinə cavab olaraq ASALA sil-silə terror aktlarını həyata keçirmiş və sonda Melkonyan Fransa höküməti tərəfindən Livana deportasiya olunmuşdur. Lakin bir müddət sonra o saxta sənədlərlə yenə də Fransaya qayıtmağa müvəffəq olub. 1983-cü ildə Melkonyan Parisdəki "Orli" hava limanında, Türk hava yolları şirkətinin kassaları qarşısında partlayış təşkil etmişdir. Nəticədə 8 nəfər həlak olmuş, 55 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdı. 1985-ci ildə o Fransa polisi tərəfindən yenidən həbs olunmuş və teror aktının təşkilində günahkar bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Lakin Melkonyanın cəzaçəkmə müddəti müəmmalı şəkildə azaldılmış və o 1989-cu ildə azadlığa buraxılaraq, Fransadan Yəmənə deportasiya edilmişdir.

1990-cı ildə Melkonyan Ermənistana gəlmiş və Azərbaycanın Dağlıq Qarabağ ərazisinə göndərilmişdii. Monte Melkonyana Ermənistan tərəfindən Qarabağda türklərin etnik təmizlənməsi uğrunda gərəkən əməliyyatlara rəhbərlik etdiyi halda, prezident kürsüsünə sahib olacağı vəd edilmişdi.

Əbəs yerə deyil ki, Melkonyan Azərbaycanın Xocavənd rayonunun işğalı zamanı Ermənistanın ön cəbhələrinin komandirlərindən biri olub. Xocalı soyqırmı zamanı əli çoxsaylı türklərin qanına bulaşan Melkonyan Ermənistan tərəfindən bir çox mükafatlar almış, adına küçələr, məktəblər verilmişdir.

12 iyun 1993-cü ildə “Azərbaycan Bayrağı” ordenli , kəşfiyyat komadiri İbad Hüseynov tərəfindən məhv edilmişdir.

Qarabağ faciəsinə ilk olaraq, Qardaş Türkiyəmiz dəstək oldu və Xocalı soyqırımını tanıdı. Amma 26 il keçsə də, hələ də Qarabağ həqiqətlərini dünyaya gərəkdiyi şəkildə çatdırmağa müvəffəq olmamışıq. İllərdir, Türkiyənin bütün şəhərlərində keçirilən Xocalı soyqırımı ilə bağlı toplantılara dəvət alan, görüşlər keçirilən qəhrəmanımızın adı Xocalı soyqırımı ilə yanaşı çəkilir. Çünki türixdə qanlı terrorları ilə yadda qalan Monte Melkonyan son axıtdığı günhasız qan Xocalıda qətlə yetirdiyi biz türklərin qanı oldu. Və bu tarixi faciəni Azərbaycan və Türkiyə heç vaxt unutmayacaq.

Azərbaycan-Türkiyə onu da unutmayacaq ki, o qanlı faciəni törədən cəlladı Azərbaycan-Türk əsgəri olan, kəşfyyatçı -döyüşçü, kəşfiyyat komandiri olmuş məhz İbad Hüseynov məhv edə bildi...

Bu günlərdə məhz, Xocalı faciəsinin il dönmü zamanı öz çıxışlarının birində Türkiyə Cumhuriyyətinin prezidenti R. T. Ərdoğan ”Dünya da vəhşi bir qətliam arayan varsa, Xocalıya baxsın. Unutmadıq, unutdurmayacağıq!!!" -deməsi, Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" , və Mustafa Kamal Atatürkün " Azərbaycanın acısı acımız, sevinci sevincimizdir" anlamını bir daha təsdiqləmiş oldu.

Dünya arenasının gündəmində olan Türkiyənin həm daxili, həm də xarici siyasətindəki çətinliklərə baxmayaraq , Türkiyə Cumhuriyyətinin prezidenti R. T. Ərdiğanın Azərbaycana qarşı olan həssaslığı Azərbaycan dövləti və Azərbaycan xalqı üçün də unudulmaz olacaq!





Gülşən Behbud
VOİCEPRESS.AZ

Ранее » Gənclər, bu qədər haqsız olmayın!« Далее Milli İdeyalogiyanın keşiyində dayanan Əsgərimiz...