Gənclər, bu qədər haqsız olmayın!

Köşə yazıları / Manşet

11 502

Gənclər, bu qədər haqsız olmayın!
"2 uşaq anası özünü 7-ci mərtəbədən atdı, ailə başçısı özünü asdı, 12 yaşlı uşaq intihar etdi, imtahanda istədiyi balı toplaya bilməyən tələbə özünü binadan atdı" və s. Demək olar ki, hər gün qəzet səhifələrində, televiziyada, sosial şəbəkələrdə, online saytlarda kiminsə öz həyatına son qoyması barədə xəbərlər yayımlanır. Bir sözlə iyirmi birinci əsrin ən dəbli ölümü "intihar" hesab etmək olar. Hə son zamanlarda Azərbaycanda epidemiya kimi yayılmış intiharlar artıq həyəcan təbili çalınmasını vacib edir.

Psixi gərginlik, depressiya, münaqişələr, imkansızlıq, ailə daxili mübahisələr, şəxsi həyatındakı uğursuzluqlar və s. problemlər iradəsi zəif insanlarda intihara meyillilik yaradır. Belə insanlar ölümü həyatdan üstün tutaraq, bunun yeganə çıxış yolu olduğunu hesab edirlər. Bəzən sakit, xoşbəxt görünən insanlar belə intihar edirlər...

Həyatı tərk etməklə problemləri həll etmək olmur. Reallıqdan qaçmaq, özünə qarşı bu qədər aqressiv yanaşmaq, özünü cəzlandırmaq hissi yaranan bu insanlar intihar etməklə özlərinin xilas olacağını düşünürlər.

Mərhum professor, ölkənin baş psixiatrı olmuş Ağabəy Sultanovun bir sözünü xatırladım: "İntihar etmək barədə heç vaxt düşünməyən, bunu heç vaxt ağlından keçirməyən adam normal insan deyil". Deməli hər birimiz həyatımızda bir dəfə də olsa intihar haqda düşünürük. Lakin insan hər düşündüyünü etməlidir kimi bir anlayışmı var?

Psixoloq Nigar Rəhimli VOİCEPRESS.AZ-a açıqlamasında bildirib ki, uşaqların yanında "özümü öldürəcəm" tipli cümlələr qurmamaq, onları özünü öldürməyi tərənnüm edən kinolardan uzaqlaşdırmaq lazımdır: "Yaş həddinə uyğun olduğu deyilən cizgi filmlərini də araşdırmaq lazımdır. Normalda uşaqlar əlvan rəngləri sevir, əksi olarsa vəziyyəti ilə maraqlanmaq lazımdır. Assosial davranışlar da bura aiddir. Uşağın gözü önündə baş verən ailə içi şiddət də onun psixoloji durumunun pozulmasına və intihara gətirib çıxara bilər.

10-11 yaşından başlayaraq orqanizmdə gedən fizioloji dəyişikliklərlə bağlı olaraq yeniyetmədə psixoloji dəyişikliklər də baş qaldırır. Bu dövr keçid dövrü olduğu üçün Freydin deyimi ile desək xüsusilə də 6 yaşına qədər olan bütün boşluqlar üzə çıxır. Tərbiyədə buraxılmış səhvlər mütləq özünü bu illərdə göstərir. Ölümlə bağlı anlayışlar yeniyetməliyin ilk illərində tam qavranılır. Bu intiharlar şüurludur. Və bir çox hallarda sosial amillərin təsirinin nəticəsidir. Məsələn ailəni təsir kimi götürə bilərik. Bu dövr böhran dövrüdür. Sual oluna bilər ki, böhran nədir? Yaş böhranı təlabatlarla reallıqların uzlaşmaması nəticəsində yaranır. Deməli ailə yeniyetmənin təlabatlarına cavab versə böhran yaranmaz. Bəlkə də buna görə də yeniyetmənin intiharı ən acınacaqlı və ürəkağrıdan intihardır. Çünki çox şey aileden asılıdır və ailə zamanında yeniyetməni dinləyə bilərdi. Yeniyetmənin ilk telabatı dinlənilməkdir.

İntiharın qabağını almaq üçün:


-onu dinləyin, fikirlərinə hörmət edin
- bəzən ən mənasız addımını da dəyərləndirin
- dost kimi davranın
- ona güvəndiyinizi hiss etdirin
- xarici görünüşü ilə bağlı mənasız dəyişiklik edirsə düşünün ki, bu keçici haldır və bir vaxtlar siz də elə olmusunuz, hamı belə olur.
- dostları ilə zaman keçirməsinə icazə verin. O artiq bəzi şeyləri təkce dostları ilə paylaşmaq istəyir, bu da normaldı

Bəzən ailədə hər şey normal olur. Bu zaman usağa mühitin təsiri böyük ola bilir. Həqiqətən də yeniyetmə təsirə tez düşür. Xüsusilə də dost təsirinə. Valideyn bunun qarşısını almaq üçün dostlarla görüşməyə qadağalar qoyur. Sanki nəyisə düzəldir, amma əksinə böhranı gücləndirir.

Bəs valideyn nə etməlidi?

Valideyn dostlarla görüşməyə icazə verməli, amma övladını nəzarətsiz qoymamalıdı. Nəzarət də elə olmalıdı ki, yeniyetmə bunu anlamasın. Əks halda özünü təhqir olunmuş hiss edər. Axı yeniyetmə özünü böyük kimi hiss etmək istəyir. Ona şəxsiyyət kimi yanaşsaq bu böhran asan keçər. Bunlara riayət etməsək məsələ intihara qədər gedər.

Hər il sentyabrın 10-da bütün dünyada Ümumdünya intiharların qarşısının alınması günü (World Suicide Prevention Day) qeyd olunur. Bu tarix intiharın qarşısının alınması məqsədi ilə yaradılmış Beynəlxalq Assosiasiyanın (International Association for Suicide Prevention) dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən təsis olunub.

Bu günün qeyd olunmasında məqsəd ictimaiyyəti intihar nəticəsində itirilə biləcək insan həyatını xilas etmək üçün insanlarda məsuliyyət hissinin gücləndirilməsinə, bu istiqamətdə konkret tədbirlərə əl atılmasına cağırmaqdır.

ÜST-nin hesabatına əsasən, ildə 1 milyon insan həyatına qəsd edir və 2020-ci ilədək bu rəqəmin 1,5 dəfə artacağı proqnozlaşdırılır. Hal-hazırda intiharların səviyyəsinə görə Qərbi Avropa öndə gedir. Dünyada intihar edənlərin təxminən 1%-i Azərbaycanın payına düşür.

Bəs dinimizdə intihar haqda nə deyilir?

Sual: İslam dinində insanın özünü öldürməsi və xəsarət yetirməsi kimi şeylərə necə baxılır?
Cavab: İntihar insanın özünü öldürməsi deməkdir. Allah: “Öz-özünüzü öldürməyin”, – buyurub (Nisa, 4/29).

Çətinliklərdən bezən, ümidini itirən və problemlərdən bir çıxış yolu görə bilməyən insanların intihara meylli olması mümkündür. Bir müsəlmanın belə bir hala düşməsi mümkün deyil. Allah belə buyurub:

“Allahın rəhmətindən ümidinizi üzməyin. Çünki Allahın rəhmətindən ümidini kəsənlər Onu tanımayanlar (inkar edənlər) dəstəsidir” (Yusuf, 12/87).

Əbu Hüreyrə (r. a.) Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini rəvayət edib:

“Kim özünü bir dağdan atıb intihar etsə, o, özünü Cəhənnəm odunda həmişə atəşə ata-ata qalar. Sonsuza qədər belə davam edər. Kim zəhər içib intihar etsə, Cəhənnəm odu içərisində zəhəri əlində içə-içə qalar. Əbədi olaraq belə davam edər. Kim də bir dəmir parçası ilə intihar etsə, Cəhənnəm odunda həmin dəmirlə özünə vura-vura qalar. Sonsuza qədər belə davam edər”.1

Əbu Hüreyrə (r. a.) başqa bir rəvayətlə Mühəmməd peyğəmbərin (s. a. v.) belə dediyini nəql edib:

“Özünü boğub intihar edən Cəhənnəmdə də boğar. Özünə bir şey batırmaqla intihar edən həmin şeyi Cəhənnəm atəşində də özünə batırar. Özünü hündür bir yerdən atıb intihar edən Cəhənnəmdə də özünü atar”.

“Hətta peyğəmbərimiz də hədislərində buyurur ki, kim hansı formada intihar edirsə, cəhənnəmdə də eyni tərzdə cəzalandırılacaq. Qurani-Kərimdə özünüzü öldürməyin, deyə ayə var. Bütün bunların timsalında deyə bilərəm ki, İslam dini qəti şəkildə insanların özünə qəsd etməsinə icazə vermir. Təsəvvür edin ki, Peyğəmbərin dönəmində bəzi insanlar intihar etmişdi, onların cənazə namazları qılınmayıb. Bu bir növ insanları intihardan çəkindirmək məqsədilə olub. Fikirləşmək lazımdır ki, bu bizim hazırda yaşadığımız bədənimiz bir qəlibdir. O qəlibi Allah bizə əmanət kimi verib. Hansısa formada biz həmin əmanətə zərbə vururuqsa, ziyan veririksə, bu verilən əmanətə qarşı xəyanətdir”.

P.S Son günlər yüksək bal toplamadığı üçün intihar edən gənclərin bu ağılsız, düşünülməmiş hərəkəti məni həm məyus edib, həm də qəzəbləndirib. Bilmirəm bu gənclərə qarşı nə hiss edim. Üzülümmü, qəzəblənmi?..

Səni doğulduğun gündən öpməyə qıymayan, sən tox yatasan deyə ac yatan, istədiyi cavanlığı yaşamayıb bütün varlığını sənə qurban verən valideynlərinə bunu necə rəva bildin? Bu addımınla onları hansı cəhənnəmə atdığını heç düşündünmü? Gənclər, bu qədər haqsız olmayın!

"Bütün evləri anama verirəm" bu cümləni bir neçə gün öncə imtahanda istədiyi balı toplamadığı üçün intihar edən gənc yazmışdı. Axı o ana sənsiz bu evləri neyləsin?

Aysel İsgəndərova
VOİCEPRESS.AZ


Ранее » Zərifə gücü çatan “Zəif bəndlər”in gücü...« Далее CƏZASIZ QALAN CİNAYƏTLƏR...