Zərifə gücü çatan “Zəif bəndlər”in gücü...

Köşə yazıları / Manşet

13 887

Zərifə gücü çatan “Zəif bəndlər”in gücü...
Bəşəri tarixin ən böyük varlığı qadındır. Qadını bəzi “zəif bənd”lər zərif yox, zəif adlandırır. Amma Tanrının dünyaya və həyata bəxş etdiyi qadın zərif və ən güclü varlıqdır. Bu tendensiya bir çoxları tərəfindən mübahisəli mövzu kimi qəbul edilsə də, özünü güclü bənd kimi qələmə verənlərin elə çoxlarının “gücü”nün qadının var olmasından qaynaqlandığı da, bir reallıq mövzusudur.

Bu günlərdə bir sıra qadınlar tərəfindən redaksiyamıza elə şikayətlər daxil olur ki, oxuduqdan sonra bir hüquqşünas kimi əlimizdən bir şey gəlməsə də, laqeyid qalmaq, biganəlik nümayiş etdirməkdə aciz olduğumuzu nəzərə alıb, məsələni bir qədər ictimailəşdirib geniş auditoryanın diqqətinə çatdırmaq istədik.

Yəqin bir çoxlarınız tərəfindən metro və avtobuslarda artıq əvvəlki kimi qadına hörmət əlaməti olaraq yer verilməməsinin də, şahidi olmusunuz. Qışda sərt qışın, yayda istinin, yaz və payızda isə iş yorğunluğunun ayağına yazıb, bu sözdə güclü bəndlərin qadınalara qarşı sərgilədikləri “hörmət”i bir təhər ört-bastır edirik. Lap gənc, bığı burma, “Güclü bəndlər” in qadınların hüzurunda dolu avtobusda özünü yuxuluğa vurmasını da... Günü-gündən çoxluq təşkil edən bu “güclü bənd” sərnişinlərdən heç də geri qalmayan avtobus sürücüləri zəhərli ilan kimi çatana çatıb, çatmayana da, zəhərini atmaqdan nə usanmırlar, nə də, utanmırlar. İstər-istəməz insanda belə bir sual yaranır. Sərnişini seçmək olmasa da, sürücünü ki, seçmək olur... Bəs elə isə, görəsən Nəqliyyat Nazirliyi sürücüləri hansı keyfiyyətlərə əsasən işlə təmin edir?

Əlqərəz, redaksiyalarımıza daxil olan məktublara nəzər salanda, vaxtı ilə ata-babalarımızdan bizə miras qalan deyimlərin bu gün deformasiyaya uğramasının zamanı gəlib çatıb, deyə düşünsək belə yeri var. Çünki vaxtı ilə deyərdilər ki, uzaq qohumdan yaxın qonşu yaxşıdır. İndi isə zəriflər üzərində güc göstərisi nümayiş etdirənlərdənsə, elə uzaq qohum yaxşıdır misalı lap yerinə düşər. Heç bir şikayətçinin ailə məsələsini ictimailəşdirmək fikrində deyiləm. Sadəcə bu günlərdə ailədaxili məsələlərdə zorakılıqların artmasını, cütlüyün öz inadları ücbatından uşaqlara psixoloji zərbə vuraraq, inadlarına alət etmələrini görəndə, bizdə də bir sıra xarici dövlətlərdəki kimi dövlətin belə bir durumlarda uşaqların, qadınların müdafiəsinə qalxmasını arzu edirsən...

Vallah zərif bəndə mütəmadi psixoloji və fiziki təsir göstərməklə özünü “güclü” hesab edən kişiciklər, əslində ağıla möhtac olanlardır. Şəxsiyyətindən, kimliyindən, tutduğu kürsüsündən, gəzdirdiyi qalstukdan və ya üstünə titrədiyi soyadından asılı olmayaraq, qadına qarşı istənilən şəkildə güc nümayiş etməsi ilə əslində "Nəhəng Sıfırdan" başqa bir şey olmadıqlarını sübuta yetirmiş olurlar.

Tarixi bir ənənədən doğan bir faktor var ki, o da qələbə hissidir. Amma maraqlıdır, görəsən sözügedən bu “kişiciklər” qadın üzərində güc nümayiş etdirəndən sonra heç aynaya baxıb, öz gözlərindəki qələbə parıltısını görə bilirlərmi? Qərarsızlıq, dəyişkən fikrli olmaq, vədinə və sözünə sahib çıxa bilməmək kimi tendensiyalar ağız dolusu “güclü bəndəm” deyib, sinələrinə döyənləri əslində sadəcə zəyif bənd kimi təqdim edir.

Qadının gücü onun qəlbinin sevgi və mərhəmət dolu olmasındadır. Qadının ağlı onun böyüklük göstərib əff edə bilməsində, özündən, həyatından keçəcək qədər birinə sevgi ilə bağlanmasındadır. Qadının gücü onun müdrikcəsinə, qol gücünə yox, iti ağıl və siyasətçil addımla məqsədə çata bilməsindədir... Əfsuslar olsun ki, “güclü bəndlər” də bunların heç biri bir çox hallarda müşahidə olunmur.

Uşaqikən hər birimizin kitabında bir ərəb əfsanəsi vardı. Külək və Günəşin yarışması. Külək bəhsə girib yolla gedən kəndlinin əynindəki pencəyini çıxaracağını bildirir. Günəş Küləyin böyük səylə əsib, gurlayıb pencəyi kəndlinin əynindən çıxara bilməsi üçün əlləşdiyini görür. Külək əsdikcə, kəndliyə soyuq olur. Odur ki, kəndli pencəyə bir qədər daha sarılır. Günəş parlayır. Həmən an kəndli pencəyini çixarır. Çünki isti idi. Günəş üzünü Küləyə tutub deyir: “Güc nümayiş etdirməklə yox, xoşluqla nail olduğun nəticə daha gözəl və əsil qələbədir”.

Üstündən illər keçib. Bu əfsanəni bəlkə də, çoxlarınız birinci sinif kitabından xatırladınız... Amma həmin əfsanənin əslində bu gün ailə daxili problemlərdə öz əksini tapdığını da fərq etmək gərəkir. Ümid edək ki, güclü bəndlər, ərəb əfsanəsindəki günəş kimi təmkinli olub, qarşısındakına düşmən kimi yox, elə günəşin kəndliyə baxdığı kimi baxacaq...




Gülçin Çinar

VOİCEPRESS.AZ


« Далее Gənclər, bu qədər haqsız olmayın!