Erməni həmsədr sülh platformasından qovuldu

YanPress

324

Erməni həmsədr sülh platformasından qovuldu
Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin iclası keçirilib.

Platformanın mətbuat xidmətindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, Vətəndaş Sülh Platformasının Nizamnaməsinin 6.9.4-cü bəndinə uyğun olaraq keçirilən iclasda qurumun həmsədri Rövşən Rzayev gündəlikdə olan məsələləri İdarə Heyətinin diqqətinə təqdim edib.

Gündəlikdən duran ilk məsələ - Vətəndaş Sülh Platformasının Katibliyinin rəhbərinin dəyişdirilməsi olub. Belə ki, Katibliyinin koordinatoru Orxan Nəbiyev xaricdə təhsilini davam etdirməsi səbəbindən onun bu vəzifədən azad olunması, lakin Vətəndaş Sülh Platformasının “Ekspertlər Şurası”na üzv olması haqqında xahişi müzakirə edilib.

Vətəndaş Sülh Platformasının katibliyinin koordinatoru vəzifəsinə D.Əliyeva adına Azərbaycan Qadınlarının Hüququnu Müdafiə Cəmiyyətinin əməkdaşı Dilarə Əfəndiyevanın namizədliyi irəli sürülüb. Müzakirələrdən sonra İdarə Heyəti Orxan Nəbiyevin Katibliyin koordinatoru vəsifəsindən azad olunması və Platformanın Ekspertlər Şurasının üzvü, Dilarə Əfəndiyevanın isə Vətəndaş Sülh Platformasının Katibliyinin koordinatoru vəzifəsinə təyin olunması haqqında qərar qəbul edib.

Daha sonra gündəlikdə duran 2-ci məsələ - Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının erməni həmsədri Rafel İsaxanyanın 30 oktyabr 2017-ci ildə Tbilisidə keçirilən təsis Qurultayında qəbul edilmiş Nizamnaməyə təklif etdiyi əlavə və dəyişiklikləri və onun həmsədr olduğu müddətdə Vətəndaş Sülh Platformasının prinsiplərinə zidd hərəkətləri İdarə Heyətində geniş müzakirə edilib. Müzakirə zamanı bildirilib ki, Nizamnamənin 6.5-ci maddəsinə əsasən əlavə və dəyişikliklər yalnız Vətəndaş Sülh Platformasının Qurultayı tərəfindən edilə bilər. Həmçinin qeyd olunub ki, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının üzvü Nizamnamənin 5.10 maddəsinə uyğun olaraq Vətəndaş Sülh

Platformasının adına, məqsədlərinə və prinsiplərinə zidd hərəkətə yol verdikdə onun üzvlüyünə xitam verilir.

Platfromanın həmsədri Rövşən Rzayev İsaxanyanın nizamnamənin qeyd olunan bəndini pozduğuna görə onun üzvülüyünə xitam verilməsi məsələsinə İdarə Heyətinin münasibət bildirməsinin xahiş edib. Yaranmış vəziyyət və təqdim olunmuş faktlar ətraflı müzakirə edilib və Rafael İsaxanyan Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri və Vətəndaş Sülh Platformasının üzvlüyündən xaric edilib.

Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin yeni həmsədri vəzifəsinə İdarə Heyətinin üzvü Artur Ağacanovun namizədliyi təklif olunub. Cənab Ağacanovun namizədliyi müzakirə edilib və o, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyətinin həmsədri seçilib.

Daha sonra İdarə Heyəti Platformaya yeni üzvlər qəbul edib və Qurultayın Yekun Qərarına uyğun olaraq 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirib.

Sonda Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platformasının İdarə Heyəti üzv ölkələrini Milad bayramı və qarşıdan gələn Yeni 2018-ci il münasibəti ilə təbrik edib.

VOİCEPRESS.AZ


Ранее » Vigen Sərkisyan etiraf etdi« Далее Rus dili Ermənistanda dövlət dili olacaqmı?