Gözlər Türkiyədə: hər şey 24 iyunda bilinəcək

Türk dünyası

855

Gözlər Türkiyədə: hər şey 24 iyunda bilinəcək
Türkiyə-ABŞ uzaqlaşmasına səbəb sadəcə PY/YPG məsələsi olmadığı kimi, yaxınlaşması da bu məsələlərdən asılı ola bilməz. Yəni Türkiyə-ABŞ münasibətlərinin pisləşməsi və yaxşılaşmasının kökündə duran məsələlər daha dərindir.

VOİCEPRESS.AZ xəbər verir ki, bu sözləri axar.az-a Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədri Araz Aslanlı Türkiyə və ABŞ arasında imzalanan razılaşmaya münasibət bildirərkən deyib. O bildirib ki, ABŞ və Türkiyə arasındakı fikir ayrılıqları əsasən Yaxın Şərqdəki proseslərdən qaynaqlanır:

“Əvvəllər də PKK ilə mübarizəyə, Türkiyə-İsrail münasibətlərinə görə bu iki ölə arasında fikir ayrılıqları mövcud idi. Yaxın Şərqdə, yəni İranın nüvə proqramı və İrana tətbiq olunan sanksiyalar, Suriyada, İraqda və bir qədər də Misirdə gedən proseslər Türkiyə-ABŞ münasibətlərinin bir az da gərginləşməsinə səbəb olub. Bu proseslərdə Türkiyə və ABŞ arasında ciddi fikir ayrılıqları yaşanıb. Bu fikir ayrılıqları bəzən ABŞ və Türkiyənin NATO-dakı müttəfiqlikdən uzaqlaşması ilə bağlı söyləntilərin yayılmasına qədər irəliləyib”.

Ekspert vurğulayıb ki, YPG/PYD, Suriyadakı kürd faktoruna ABŞ-ın dəstəyi məsələsi iki ölkə arasında mövcud olan problemlərdən sadəcə biridir:

“Bu problemlər Türkiyə üçün həyati risk daşıyır. Bu həm Suriyanın, həm də gələcəkdə Türkiyənin ərazi bütövlüyünün pozulmasına gətirib çıxara bilən problemlərdir. Amma düşünmürəm ki, son razılaşma ilə birlikdə Türkiyə-ABŞ arasındakı münasibətlər tam düzələcək və Türkiyə-ABŞ Suriyada müttəfiqə çevriləcək. PYD məsələsi və kürd faktoru ilə bağlı gələcəkdə yenə Türkiyə-ABŞ arasında fikir ayrılıqları yaşanacaq. Amma bu, Türkiyənin tamamilə ABŞ-dan uzaqlaşıb NATO-dan qopması demək deyil. Çünki bu, illərlə formalaşmış münasibətlər sistemidir və davam edəcək. Sadəcə olaraq, Yaxın Şərq məsələsində ABŞ və Türkiyə arasında fikir ayrılığı hər zaman qalacaq. Mövcud konyekturada ABŞ-Türkiyə arasında Yaxın Şərq məsələsində müəyyən müddətə yaxınlaşma ola bilər”.

Ekspertin sözlərinə görə, 90 gün ərzində PYD/YPG dəstələrinin Suriyadan çıxması ilə bağlı məsələ Türkiyənin arzusu, ABŞ tərəfinin isə verdiyi sözdür:

“Amma müəyyən bir təqvim içərisində PYD/YPG dəstələrinin Suriyadan tamamilə çıxması inandırıcı görünmür. Çünki bu təqvimlə bağlı da fikir ayrılıqları yaşanacaq. Ola bilər ki, ABŞ YPG-nin ona qulaq asmadığını deyəcək. YPG PKK-nın Suriyada qanadıdır. Amma onlar PKK-dan ayrı təşkilat olduğunu bildirir. Yəni sabah burada yenə də başqa təşkilatların peyda olması ehtimalı realdır. Yaxud da terror dəstələrinin tam Suriyadan çıxarıldığı bildirilsə də, ola bilər ki, bu məlumat həqiqəti əks etdirməsin. Belə olan halda Türkiyə ordusuna qarşı bu bölgədə yeni terror hücumlarının olması da realdır. Yəni bu terror dəstələrinin Suriyadan tam çıxarılması zəif ehtimaldır”.

Ekspert Türkiyənin Afrində olduğu kimi, Menbiçdə də əməliyyat keçirəcəyi ilə bağlı bəyanatlarına da münasibət bildirib:

“ Menbiçdə Türkiyənin Afrində olduğu kimi əməliyyatlar keçirəcəyini birmənalı deyə bilmərik. Çünki həm regionun şərtləri, həm də Türkiyənin bu günlərdə seçkiyə getməsinə görə bu ehtimal zəifdir. Hazırda Türkiyə daxilində Türkiyənin sərhədlərindən kənarda keçirdiyi əməliyyatlarla bağlı fikir də birmənalı deyil. Bu əməliyyatları milli təhlükəsizlik baxımından çox vacib məqam kimi də, risk kimi qiymətləndirənlər var. Amma hazırda Türkiyədə bu istiqamətdə bir iradə mövcuddur. Gələn həftə Türkiyədə parlament və prezident seçkiləri keçiriləcək. Seçkidən sonra əvvəlki əməliyyatlarda olduğu kimi Türkiyə daxilində olan iradə davam edəcək, ya yox?! Əvvəlki əməliyyatların keçirilməsi üçün Türkiyəyə şərait yaradan dövlətlərin mövqeyi dəyişəcək, yoxsa yox?! Bu suallara cavabı biz yalnız seçkilərdən sonra verə bilərik”.

Qeyd edək ki, Türkiyənin baş naziri Binəli Yıldırım Türkiyə və ABŞ-ın 90 günlük razılaşma imzaladığını bildirib. Razılaşmaya əsasən, 90 gün ərzində PYD və YPG dəstələri Suriyanın Menbiç şəhərindən çıxarılmalıdır.

VOİCEPRESS.AZ


Ранее » Ərdoğanı seçkidə hansı nəticə gözləyir?« Далее Türk əsgəri Menbiçdə
Flag Counter