İstanbulda iqtisadiyyat nazirlərinin görüşü keçirildi

Türk dünyası / İqtisadiyyat / Dünya / Manşet

1 485

İstanbulda iqtisadiyyat nazirlərinin görüşü keçirildi
İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü keçirilib.

İqtisadiyyat Nazirliyindən VOİCEPRESS.AZ-a verilən məlumata görə, Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan nümayəndələrinin iştirak etdiyi görüşdə ölkəmizi İqtisadiyyat naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Türk Şurasına üzv ölkələr arasında ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, birgə iqtisadi layihələrin həyata keçirilməsi, ortaq sərmayə qoyuluşuna dair imkanların araşdırılması məsələləri müzakirə olunub.

Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi ölkəsinin TDƏŞ-in iqtisadiyyat nazirlərinin 7-ci iclasına ev sahibliyi etməsindən məmnunluğunu bildirib, türkdilli dövlətlər arasında əməkdaşlığın və iqtisadi əlaqələrin daha da möhkəmləndirməsinin əhəmiyyətini vurğulayıb. Türkiyə iqtisadiyyatı, ölkəsinin TDƏŞ-ə üzv dövlətlərin iqtisadiyyatına yatırdığı sərmayələr barədə məlumat verən Nihat Zeybekçi əməkdaşlığın genişləndirilməsi üçün ticarət-iqtisadi əlaqələrin inkişafının, sərmayə qoyuluşunun artırılmasının və yeni layihələr həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Azərbaycanla iqtisadi əlaqələrdən və həyata keçirilən birgə layihələrdən danışan türkiyəli nazir Bakı-Tiblisi-Qars layihəsinin dünya iqtisadiyyatının inkişafına böyük töhfə verəcəyinə əminliyini vurğulayıb.

Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev çıxışında türkdilli dövlətlərin bütün sahələrdə, xüsusilə siyasi, ticarət, iqtisadi və mədəni-humanitar istiqamətlərdə uğurla əməkdaşlıq etdiyini, bir-birinə dəstək olduqlarını vurğulayıb. İqtisadiyyat nazirlərinin görüşünün növbəti Zirvə Toplantısına hazırlıq məqsədilə təşkil edildiyini və təşkilatın inkişafına töhfə verəcəyini diqqətə çatdıran Şahin Mustafayev gələcəkdə digər qardaş ölkələrin də Türk Şurasına tamhüquqlu üzv kimi qoşularaq fəal iştirakçı olacaqlarına ümid etdiyini bildirib.

Ş.Musatafayev qeyd edib ki, Azərbaycanda Türk Şurasının ölkələri ilə ticarət, investisiya əməkdaşlığı, iş adamları arasında əlaqələrə böyük önəm verilir. 2017-ci ilin yanvar-sentyabr aylarında ölkəmizin Türk Şurasına üzv dövlətlərlə ticarət dövriyyəsi 2,1 mlrd. dollar, o cümlədən idxal 1 mlrd. dollar, ixrac 1,1 mlrd. dollar təşkil edib. Bu dövrdə Türk Şurasının üzv dövlətlərinin Azərbaycanın xarici ticarət dövriyyəsindəki payı 15%, o cümlədən idxalda 16%, ixracda isə 13% təşkil edib. Ş.Mustafayev təşkilata üzv dövlətlərin qarşılıqlı investisiya yatırımı üçün böyük imkanlarının olduğunu və bu potensialdan yararlanmağı, tranzit potensialını reallaşdırmağı təklif edib. Bildirilib ki, ölkələrimizdən keçən tranzit marşrutlarına üstünlük verilməsi və yükdaşımalarının həcminin artırılması məqsədilə Türk Şurası üzvləri və digər türkdilli dövlətlərlə koordinasiya və əlaqələndirmə platformaları genişləndirilməlidir. Azərbaycanın iqtisadiyyat naziri həmçinin, təşkilata üzv ölkələri Azərbaycanda yaradılan Ələt azad iqtisadi zonası, sənaye parkları və məhəllələri, ölkəmizin Aktaudakı logistik mərkəzi, habelə Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarından faydalanmağa dəvət edib.

Nazir çıxışında Azərbaycanın TDƏŞ-ə üzv dövlətlərlə iqtisadi əməkdaşlığa, eləcə də ölkəmizin iqtisadiyyatına dair məlumat verib. Türkiyə ilə iqtisadi əlaqələrə toxunan Ş.Mustafayev ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, ortaq layihələr barədə danışıb, dekabrın 1-də müzakirə ediləcək Preferensial Ticarət Sazişinin ticarət dövriyyəsinin artımına dəstək olacağını bildirib.

Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Baurjan Bekişev, Qırğızıstan iqtisadiyyat nazirinin birinci müavini Daniyar İmanaliyev çıxışlarında dünən keçirilmış iqtisadiyyat üzrə işçi qrupunun iclasında müzakirə edilən məsələlər barədə danışıb, türkdilli ölkələr arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulayıb, əməkdaşlıq perspektivlərinə, təmsil etdikləri ölkələrin iqtisadiyyatına dair məlumat veriblər.

Özbəkistan iqtisadiyyat nazirinin birinci müavini Sunatulla Bekenov və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov çıxışlarında TDƏŞ çərçivəsində əməkdaşlıq, türkdilli dövlətlər arasında iqtisadi əlaqələrin inkişafı barədə fikirlərini bölüşüblər.

Sonda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşünə dair Protokol imzalanıb.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin iqtisadiyyat nazirlərinin VII görüşü çərçivəsində İqtisadiyyat naziri Ş.Mustafayev Türkiyənin İqtisadiyyat naziri N.Zeybekçi ilə görüşüb. Görüşdə ölkələrimiz arasında ticarət, investisiya qoyuluşu, birgə layihələrin icrasına dair fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi kimi tanınan Transanadolu Boru Kəməri və Trans Adriatik Boru Kəməri layihələrinin həyata keçirilməsi ilə Xəzər dənizi və Aralıq dənizi arasında yeni enerji dəhlizi açılmış olacaq və bütün regionun enerji xəritəsi dəyişəcək. Qeyd edilib ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsi 7% artıb. İqtisadi əlaqələrin daha da genişləndirilməsi perspektivlərinin müzakirə edildiyi görüşdə Preferensial Ticarət Sazişinə dair danışıqların ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsində əhəmiyyəti vurğulanıb.

Görüşdə həmçinin, iqtisadi əməkdaşlığın daha da gücləndirilməsi, Azərbaycanda yaradılmaqda olan sənaye parklarına və aqroparklara türkiyəli investorların cəlb edilməsi, tranzit yükdaşımalarının, ticarət əlaqələrinin genişləndirilməsi və s. məsələlər müzakirə edilib.

VOİCEPRESS.AZ