• 16:25 – Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar 15:28 – Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi 14:24 – Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək 13:24 – İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır 12:51 – ATƏT-in baş katibi: "Rusiya Cənubi Qafqazda münaqişələrin həllində mühüm rol oynayır" 
  • 18:13 – Məmmədyarov və Mnatsakanyan Münhendə görüşə bilər 
  • 12:46 – Azərbaycanda elektron satınalma modelinin tətbiqinə başlanılır 
  • 11:04 – Bakıda xüsusi səs siqnalları ilə təchiz edilmiş işıqforların hansı ərazilərdə quraşdırılacağı açıqlanıb 

Müslüm Məmmədov: “Hal-hazırda iki dövlət arasında sülh və barışıqdan danışmaq çox tezdir...”

VOİCEPRESS.AZ-ın eksklüziv müsahibi millət vəkili, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Müslüm Məmmədovdur:

-Müslüm müəllim, bu gün Ermənistanın yeni hakimiyyəti ilə bağlı bir-birinə zidd mülahizələr yürüdülür. Gah Paşinyanın Azərbaycan torpaqlarını geri verilməsi məsələsinin gündəmdə olması deyilir, gah da Paşinyanın Sarkisyan rejminin Dağlıq Qarabağı geri verəcəyi və bunun tarixi səhvi olaraq, həyata keçməsinə izin verməyəcəyi iddia olunur. Hansı daha doğru iddiadır?


-Hesab edirəm ki, Paşinyan strateji düşüncəyə malik bir siyasətçi deyil. O qeyri-peşəkar bir siyasətçidir. Paşinyanı digər Ermənistan prezidentləri Sarkisyan və Köçəryandan fərqləndirən başlıca cəhət, onun bir qədər populist olmasıdır. Bu da onun jurnalistlik fəaliyyətindən qaynaqlanaraq, sözlə oynamağı bacarmasından irəli gəlir. Bundan istifadə edərək, o hakimiyyətə gəlməyi bacardı. Bir sıra insanlar hesab edir ki, Paşinyan hakimiyyətə gəlibsə, deməli o, ağıllı adamdır. Yox. Hakimiyyətə gəlmək, hələ ağıllı adam demək deyil. Mən şəxsən düşünürəm ki, Paşinyanın digər Ermənistan prezidentlərindən heç bir fərqi olmayacaq. Paşinyan xalqın fikrindən asılı olan bir fiqurdur. Ən azından Paşinyanın yaxın müddətdə Ermənistanın xarici siyasəti ilə bağlı hər hansısa bir qərar verəcəyi ehtimal edilmir. Çünki Paşinyan hazırki durumda sadəcə öz mövqeyini dövlətdə möhkəmləndirmək niyyətindədir. Paşinyan seçkidən dərhal sonra üç əsas məsələni Ermənistan üçün prioritet hesab etdiyini vurğulayır: Ermənistan Respublikası, Qondarma Dağlıq Qarabağ Respublikası və erməni diasporu. Bu o deməkdir ki, bütün verdiyi bəyanatlara baxmayaraq, yenə də Paşinyan işğal altında olan torpaqlarımızı müstəqil dövlət kimi dilinə gətirir.

-Müslüm müəllim, əvvəlkilərdən fərqli olaraq, Paşinyan bundan sonra Ermənistanın ancaq öz mövqeyini müdafiə edəcəyini, “Arsax”ın isə hər baxımdan özünü müdafiə etməyi, eyni zamanda danışıqlar prosesində iştirak etmə məsələsinə özü nail olmalıdır kimi bəyanatlarla çıxış edib. Sizcə, bu öz-özlüyündə bir fərq deyilmi? Digər baxımdan bir sıra rus politoloqları, o cümlədən Oleq Kuznetsov hesab edir ki, Paşinyan əsl İrəvan ermənisi olduğu üçün o Dağlıq Qarabağla bağlı o qədər də, kəskin mövqedə olmayacaq...

-Rəsmi İrəvan bu fikiri ifadə etsə də, o bunu icra etmək iqtidarında deyil. Çünki Paşinyan hakimiyyət uğrunda apardığı mübarizədə qələbə qazanacağına bəlkə də, inanmırdı. Ümumiyyətlə, Paşinyanın seçki platformasında sadəcə xalqın rifahı, iqtisadiyyatın gücləndirilməsi ön planda qeyd olunurdu. Bu məsələ hər hansısa bir erməni xalqının nümayəndəsinin Ermənistan hakimiyyətindən gözləntisidir. Dağlıq Qarabağ kimi böyük bir məsələnin Ermənistanın üzərində qalması ilə o öz platformasında irəli sürdüyü öhdəlikləri həyata keçirməkdə çətinlik çəkə biləcəyini hesablayaraq, bu kimi bəyanatlarla çıxış edə bilər. O bu gün xalqa söz verdiyi kimi işğal olunmuş torpaqlarda saxladığı orduya ayrılan pulu xalqa xərcləmək məcburiyyətindədir. Amma Paşinyan bunu edəcəkmi və ya edə bilməyəcəkmi. Bu böyük sual altındadır. Amma o bunu edə bilməyəcək. Çünki ölkə əhalisinin içərisində aparılan ideoloji iş elə bir mərhələdədir ki, görünür, Erməni xalqı düşünülən kimi asanlıqla Qarabağın öz sahiblərinə qaytarılmasına imkan verməyəcək. Buna qarşı olan qüvvələr var. Bu gün Serj Sarkisyan Ermənistanda hakimiyyətdə deyilsə, bu o deməkdir ki, o, müxalifətdədir. Bu isə birmənalı şəkildə Paşinyan üçün aktual bir təhlükədir. Çünki onlar Paşinyanın Qarabağla bağlı hər hansısa bir addım atmasını gözləyirlər. Belə olan halda Sarkisyan əhalini ayağa belə qaldırmaq üçün çağırışlara başlaya bilər. Ermənilər ümumiyyətlə, populist xalqdır və onları belə pafoslu şüarlarla ayağa qaldırmaq o qədər də, çətin deyil. Ona görə də, Paşinyanın əvvəlki hakimiyyətdən fərqli olaraq, verdiyi hər bir bəyanat onun konkret addım atacağı demək deyil. Hazırda Köçəryanla bağlı məsələyə baxanda belə Paşinyanın öz siyasi rəqiblərini aradan qaldırmaq niyyətini görmüş oluruq.

- KTMT-yə üzv dövlətlər Qazaxıstan və Belarus prezidentlərinin Ermənistana qarşı sərt münasibətlərini dilə gətirən erməni mətbuatı iddia edir ki, Azərbaycan təşkilata üzv olmasa da, Ermənistanla müqayisədə təşkilatda Azərbaycanın maraqları defakto daha yaxşı təmsil olunur. Azərbaycanın bərabərhüquqlu qonşuluq siyasətini və nüfuzunu belə qələmə verən Ermənistan, öz xarici siyasətində yaşanan disbalansı müşahidə etdiyi halda bu Dağlıq Qarabağ məsələsinə necə yansıya bilər?

- KTMT təşkilatından Ermənistanın gözləntilərinin heç bir hüququ əsası yoxdu. Ümumiyyətlə, o təşkilat Ermənistanın ərazisinə aid bir məsələ olduqda müdaxilə etmək imkanına malikdir. Ermənistanın öz ərazisinə hər hansısa beynəlxalq müdaxiləsi olduqda bu təşkilat gərəkəni etməkdə mükəlləfdir. Bu gün Ermənistan Dağlıq Qarabağ məsələsində özünü tərəf kimi görmədiyi halda KTMT-nin Dağlıq Qarabağla bağlı ondan yana mövqe almasını necə tələb edə bilər? Azərbaycanla Ermənistan arasında isə bu gün heç bir elan olunmuş müharibə yoxdur. Azərbaycan da heç bir zaman Ermənistanın bir santımetr torpağına belə iddia etməyib. Azərbaycan burada əksinə, işğala məruz qalan dövlətdir. Belə olan halda, əlbəttə, Ermənistanın addımları KTMT-yə üzv dövlətlərin qınağına səbəb olur. Ümumiyyətlə, biz rəsmi İrəvanın yürütdüyü siyasətdə bundan sonra da belə mexaniki və düşünülməmiş səhvləri müşahidə edəcəyik. Çünki Paşinyan hakimiyyətində beynəlxalq səviyyəyə malik güclü, təcrübəli diplomat yoxdur.

-Bir məsələyə də münasibət bildirməyinizi istərdim. Ümumiyyətlə, bu gün Paşinyanın kimin adamı olması məsələsi hər kəs üçün böyük sual doğurur. Xatırlayırsınızsa, Azərbaycanda baş nazir təyinatından dərhal sonra Rusiya Federasiyasının baş naziri Vladimir Medvedyev təbrik məktubu göndərdi. Amma ötən gün Paşinyanın baş nazir seçilməsinin ardından Rusiya tərəfindən gözlənən o təbrik gəlmədi. Əksinə, Ermənistan həbsxanasında olan 64 yaşlı Köçəryanın doğum günü ilə bağlı Rusiya prezidentindən gələn təbrik, sizcə, Ermənistana bir mesaj idimi, yoxsa, Paşinyanın Rusiyanın ya Qərbin adamı olması ilə bağlı çaşqınlıq yaratmaq məqsədi ilə yürüdülən bir məsələ idi?


-Konkret olaraq, bildirim ki, Paşinyan Rusiyanın adamı deyil. Biz onun bioqrafiyasına baxdıqda onun daha çox Qərbyönlü olduğunu görə bilərik. Burada bir məsələ yaranır ki, Paşinyan Rusiyanın adamı olmadığı təqdirdə nəyə görə öz adamının hakimiyyətdən getməsinə bir reaksiya vermədi? Niyə görə Qərbyönlü birinin hakimiyyətə gələ biləcəyi ehtimalı olsa belə, Rusiya buna göz yumdu? Mənə elə gəlir ki, onlar Paşinyanın güclü siyasətçi olmadığını bilirlər. Aprel ayında misal üçün keçirilən seçkilərin nəticələrini Avropa Şurasının Müşahidə Şurası müsbət qarşılamışdı. Baxmayaraq ki, o seçkilərdə Sarkisyanın partiyası qələbə qazanmışdı. Bu gün isə Paşinyanın seçilməsinə baxmayaraq, həmin müşahidə şurası eyni reaksiyanı verir. Seçki nəticələrinə görə ortaya fərqli rəqəmlər çıxır, amma Avropa Şurası bunu da, dəstəkləyir... Qərb də bilir ki, Paşinyan güclü siyasətçi deyil. Amma görünür Qərb üçün Ermənistanda Paşinyandan daha real bir fiqur olmadığından onu dəstəklədilər. Bu gün Paşinyanın Erməni xalqını Rusiyadan qopardıb Qərbə kökləmək kimi qüvvəsi də yoxdur. Rəsmi Moskva mövcud durumda çox gözəl manevr etdi. Misal üçün Rusiya Paşinyanın hakimiyyətə gəlməsinə mane olmadı, amma nəticənin dəyişməz olaraq qalmasına nail ola bildi. Bu arada rəsmi İrəvan çox maraqlı bəyanatla çıxış etdi: Ermənistan hakimiyyəti qeyd edir ki, xarici dövlətlərin silahlı qüvvələri Ermənistan ərazisində olmayacaq. Yəni rəsmi İrəvan qəbul edir ki, Gümridə yerləşən Rusiya hərbi bazası xarici ölkənin hərbi qüvvəsi deyil. Bu isə birməalı olaraq Ermənistanın hələ də Rusiyanın forpostu olmasını etiraf etməsi deməkdir.

-Bu günlərdə millət vəkili Elman Məmmədov ermənilərə qarşı hal-hazırda “Anakonda" siyasəti apardığımızı iddia edir. İddia olunan “Anakonda” siyasətinin mahiyyəti nədir? Ümumiyyətlə, belə pafoslu kəlmələrə ehtiyac varmı? Qardaş Türkiyə o boyda Afrin və Fırat əməliyyatlarını başa çatdırdı, amma bu siyasi gedişi terrora qarşı “Anakonda” siyasəti adlandırmadı...

-Politologiyada “Anakonda” deyilən əməliyyat var. Bu bir termindir. Anakonda özündən qat-qat güclü olan rəqibini sıxaraq, boğaraq öldürmə, məhv etmə gücünə malik olduğu üçün, bu proses siyasi anlam da daşıyır. Hazırda iqtisadi baxımdan bir dövləti müəyyən qədər təcrid etmək öz-özlüyündə “Anakonda” siyasəti adlandırmaq olar.

-Belə çıxır ki, Amerika İran arasında gedən soyuq siyasi müharibəni biz Anakonda siyasəti adlandıra bilərikmi?

-Bəli. Tamamilə doğrudur. Venesuellaya da bunu aid etmək olar.

-Ukrayna prezidenti Petro Poroşenko NATO-ya Rusiya arasında başverən silahlı hadisədən sonra Krım yanı Azov dənizinə hərbi gəmilərin yollanmasına dair çağırış etməsi, Bu məsələdə ən çox Polşanın səssiz qalmaması, eyni zamanda Yaponiya ilə Rusiya arasında yenidən aktuallıq qazanan Kuril adaları məsələsi sizcə üçüncü dünya müharibəsinin başlaması ehtimalına dəlalət etmirmi?

-Hesab edirəm ki, üçüncü dünya müharibəsi artıq 2-3 ildir başlayıb. Biz bunu Suriya, İrak, Əfqanistan, Ukrayna və digər məsələlərdə görə bilərik. Miqyas baxımından daha əvvəlki dünya müharibələrindən fərqli ola bilər, amma illər sonra bu gün gedən müharibəni bəlkə də, tarixçilər dünya müharibəsi kimi qiymətləndirərək tarixə köçürəcəklər. Çünki diqqət yetirsəniz, bu gün müəyyən qaynar məqamlarda dünyanın aparıcı dövlətlərinin müdaxiləsini və ya yaxından uzaqdan əlaqəsi olduğunu görmək mümkündür. Kuril adaları məsələsi səhv etmirəmsə, son 1-2 il ərzində bir qədər aktuallıq qazanıb. Hətta bu yaxınlarda Yaponiya ilə Rusiya arasında razılıq və sülh müqaviləsinin bağlanmasına dair danışıqlar aparılır. Rusiya Yaponiya kimi ticari əlaqələri geniş ölkə ilə öz münasibətlərini yaxşılaşdırmağa çalışır.

-Məlumata görə, Ermənistan Bakıda keçiriləcək Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında təmsil olunacaq. Bir ay öncə millət vəkili Əflatun Amaşovun da, eyni layihə ilə İrəvana səfəri baş tutub. Bir sıra ekspertlər iddia edir ki, bu Ermənistan Azərbaycan arasında XİN nazirləri səviyyəsində baş tutan görüşmədə xalqların sülhə və barışığa hazırlaması prosesinin başlanğıcıdır. Sizcə işğal altında olan torpaqlar,minlərlə qaçqın və köçkünlərimiz, minlərlə əsirlərimiz varkən xalqımızın sülhə hazırlıq məsələsi nə qədər real görünür?

-Bu təşkilatın növbəti iclasının İrəvanda keçirilməsi və nümayəndəmizin oraya getməsi qrafiklə müəyyən olunan bir işdir. Bu dəfə ev sahibliyi İrəvan edirdi. Bu planla olunan bir hadisədir və sülhə hazırlıq kimi bir niyyətə xidmət etmir. İki dövlətin sülhə hazırlanması məsələsi paralel şəkildə aparılmalıdır. Amma bu gün Ermənistanın mövqeyi sülh mövqeyi deyil. Belə olan halda hansı sülhdən söhbət gedə bilər axı? Rəsmi İrəvan konkret olaraq bu gün də Madrid prinsiplərini qəbul etmir. Hesab edirəm ki, hal-hazırda iki dövlət arasında sülh və barışıqdan danışmaq çox tezdir.

-Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında, Menbiç bölgəsində PKK-nın Suriya qanadı və PYD/YPG-yə qarşı yeni hərbi əməliyyatlara başlayacağı ilə bağlı bəyanat verdi. Sizcə, bu məsələ ABŞ-Türkiyə qarşıdurması ilə nəticələnəcəyi təqdirdə regionda nələr baş verə bilər?

-Türkiyə diplomatiyası olduqca düşünülmüş bir siyasi kursla müşahidə olunur. Ümumiyyətlə, hazırda rəsmi Ankara olduqca mükəmməl diplomat komandasına malikdir. Ona görə də, Türkiyə istənilən bir əməliyyata başlamazan əvvəl hər bir detalı yüz ölçüb bir biçdikdən sonra tərəflərlə razılıq əldə etmədən başlamaz. Əlbəttə ki, Amerika hazırda bu kimi əməliyyatların qarşısını almaq üçün əlindən gələni edəcəyini bildirdi. Ərdoğan bəyanat verdi ki, Amerika razılıq versə də, verməsə də, Türkyə sözü gedən əməliyyatlara başlayacaq. Hesab edirəm, ortaq bir anlaşma yolu mütləq olacaqdır.

-Apardığımız müşahidələrə əsasən, bu gün Türkiyə Fırat əməliyyatına başlamasını qərar olaraq deyil, sanki anons və ya daha doğru desək, elan kimi səsləndirir. Digər tərəfdən, Çavuşoğlunun Trampla görüşündən əldə olunan tezisə əsasən, Tramp Fətullah Gülənin Türkiyəyə ekstradisiyası ilə bağlı müsbət fikir bildirməsi məsələsi müzakirə obyektidir. Sizcə Vaşinqtonla Ankara arasında anlaşma Türkiyənin Afrindən çıxması və Fırat kalkanı əməliyyatından geri çəkilməsi müqabilində Fətullah Gülənin ekstradisiyası üzərindən ola bilərmi?

-Tamamilə, doğrudur. Bu mümkündür. Ola bilsin ki, bu əməliyyatın hələ də, elan olaraq qalmasının arxasında razılaşma prosesinin detallarının müzakirəsi dayanır.

-Qeyd etmək gərəkir ki, bundan əvvəl də, Vaşinqtonla Ankara arasında “Keşikçi əməliyyatı” baş tutmuşdu və bu əməliyyat hər iki tərəfin maraqlarına xitab edəcək tərzdə həyata keçirilmişdi. O baxımdan da, Fətullah Gülənin ekstradisiyası müqabilindən Fırat Kalkanı əməliyyatından geri dönüş kimi anlaşma nəinki iki dövlətin maraqlarına xitab edəcək, eyni zamanda regionda sabitliyin təmin olunmasına da töhfə vermiş olacaq...

-Təbii ki, bu doğru mülahizədir. Amma bununla bağlı aralarında tam razılığın əldə olunmasını da demək olmur.

-Müslüm müəllim, maraqlı müsahibəyə görə təşəkkür edirəm.


-Siz sağolun. Mənə də, xoş oldu.






Ülkər Musazadə
VOİCEPRESS.AZ
рейтинг: 
Оставить комментарий
Biz sosial şəbəkələrdə
  • Facebook
  • Twitter