Millət vəkili: "Seçki ərəfəsində belə qadağaların qoyulması məqsədə uyğun deyil..."

Tet-a-tet / Manşet

792

Millət vəkili:
Nəsib Məhəməliyev: "Türkiyənin qələbəsi bizim qələbəmizdir"

VOİCEPRESS.AZ Yeni Azərbaycan Partiyasının üzvü, Milli Məcləsin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü cənab Nəsib Məhəməliyevlə müsahibəni təqdim edir:

-Nəsib müəllim, prezident seçkiləri start götürüb. Artıq çox az müddət qalır seçimlərə. Yeni Azərbaycan Partiyası öz seçimini irəli sürüb. Prezident postuna namizədlərin televiziya vasitəsi ilə çıxışlarına nəzər yetirirsiniz. Böyük qarşıdurmalar və sərt çıxışlarla bağlı fikirlərinizi bildirmənizi istərdim...

-Bəli, doğru buyurursunuz artıq ikinci aydır ki, Azərbaycanda prezident seçkilərinə start verilib. YAP növbəti dəfə öz liderini respublika prezidentliyinə namizədliyinə irəli sürüb. Qeyd etməliyəm ki, bu seçim təkcə YAP üzvlərinin yox, Azərbaycan xalqının tam əksəriyyətinin arzusudur.Təbii ki, prezidentliyə namizədlərin televiziya debatlarına baxıram. Hər hansı böyük qarşıdurmaların, sərt çıxışların şahidi olmamışam. Namizədlər müzakirəyə çıxarılan məsələlərlə bağlı öz proqramlarını, fikirlərini xalqa çatdırmağa çalışırlar. Mənə elə gəlir ki, onların hər biri Respublika prezidenti İlham Əliyevin liderliyini birmənalı qəbul edir. Əvvəlki seçkilərdə müəyyən mənada qarşıdurmalara, böhtan xarakterli çıxışlara rast gəlirdiksə, bu ilki təbliğat kompaniyasında daha konstruktiv, təmkinli proseslerin şahidi oluruq. Bütün bunlar cənab Prezidentin uzun illər Respublikanin inkişafı yolunda apardığı siyasətin nəticəsində baş verir. Xalqımız çox gözəl bilir ki, ilk növbədə əmin- amanlığın, sabitliyin olmağı ən vacib şərtdir, ikincisi iqtisadi inkişaf, sosial rifah halının yaxşılaşması, sərbəst yaşamaq imkanklarının olması, gələcəyə inam... Bütün bunları təmin edən şəxs İlham Əliyevdir və hesab edirəm ki, bu seçim ən doğru seçimdir.


-Öncədən seçimlərdən dərhal sonra bir sıra beynəlxalq qurumların seçkiləri şübhə altına düşürəcək bəyanatlarının səslənə biləcəyi istisna edilmir. Çünki bu cür qüvvələr hər zaman olub. Maraqlı məqam odur ki, həmən beynəlxalq qurumlar nə üçün bu günlərdə Ermənistanda keçirilən prezident seçkilərində Sarkisyanlar tandemi ilə bağlı münasibət bildirməkdən çəkindilər?

- Seçkidən sonra bəzi Azərbaycanın inkişafını arzulamayan qüvvələr qərəzli bəyanatlar verə bilər. Bu gözləniləndir. Bunlara çox ciddi yanaşmaq lazım deyil. Əsas məsələ, biz vahid bir xalq olaraq seçkiləri tam mütəşəkkil, şəffaf, demokratik, qeyd etdiyiniz qüvvələrin əlinə hər hansı bir arqument vermədən keçirek. Bunun üçün ilk növbədə siyasi iradə var, əməlli təbliğat aparmaq üçün, bir çox dövlətlərin yüz illərlə görə bilmədiyi, ancaq Azərbaycnın qısa zaman kəsiyində gördüyü inkişaf modeli var. Qalır seçkini düzgün təşkil edərək, güclü bir mandatın güclü liderə verilməsi. Hesab edirəm xalqımızın müdrikliyi buna tam imkan verir. Beynəlxalq təşkilatların Ermənistanda keçirilən seçkilərə münasibət bildirməmələri ilk dəfə deyil. Təxminən 8 il öncə həmin Sərkisyan ilk dəfə prezident seçiləndə 38 nəfər həlak olmuşdu, böyük dağıntılar baş vermişdi. Ancaq həmin təşkilatlar seçkini leqitim adlandırmışdılar.Təəssüf ki, Azərbaycana qarşı ikili standartlar mövcuddur və biz bunu hər zaman diqqət mərkəzində saxlamalıyıq.

- Bu günlərdə Rusiyanın Kemerova şəhərində çox sayda günahsız insanların, uşaqların həyatını itirdiyinin şahidi olduq. Yanğının Rusiyadakı prezident seçkilərindən bir həftə sonraya təsadüf etməsi və Rusiyanın beynəlxalq siyasi arenadakı mövcud pozisiyasını nəzərə alsaq, bu yanğının terror hadisəsi olmasını demək olarmı?


- Kemerova şəhərində baş vermiş hadisəni ürək ağrısı ilə izlədim. Həlak olanların ailələrinə başsağlığı verirəm. Yanğının bilavasitə Rusiyada keçirilən seçkilərlə əlaqəsinin olmasını deyə bilmərəm. Orada istintaq qruplari işləyir və onlar yekun rəyi bildirəcəklər. İlkin versiya səhlənkarlığın oldugu göstərilir, bəzi məsul şəxslər barədə həbs qəti imkan tədbiri seçilmişdir. Bunun Rusiyanın hazırki beynəlxalq vəziyyəti ilə əlaqədar törədilmiş terror aktı olduğunu düşünmürəm.

-Bu günlərdə Qazaxıstan prezidenti Nazarbayev post sovet dövlətlərinin daha əvvəl təmsil olunduqları iqtisadi platformanın bərpa olunmasının məqsədə uyğun olduğunu dilə gətirib. Amma bu iqtisadi platformada Azərbaycanın da təmsil olunmasının mütləq hesab edildiyini vurğulayıb. Qeyd edək ki, platformada Qırğızıstan da, təmsil olunmağı müsbət qarşılayıb. Sizcə Azərbaycanın post sovet dövlətləri ilə ticari əlaqələri möhkəmlətəcək alternativ təşkilata üzvlüyünə ehtiyac varmı?

- Qazaxıstan prezidenti Nazarbayevin bəyanatı ilə tanış olmamışam, ancaq post sovet ölkələrinin tam miqyaslı iqtisadi platformada isştirakı ancaq bir halda mümkün olar. İlk növbədə post sovet ölkələrində mövcud olan milli münaqişələr öz həllini tapmalı, qaçqınlar məcburi köckünlər yerlərinə qayıtmalı, ölkələrin ərazi bütövlüyü təmin olunmalıdır. Yalnız bundan sonra ümumi platformada iqtisadi münasibətləri nəinki bərpa etmək, hətta daha intensiv şəkildə inkişaf etdirmək olar. Əks halda Azərbaycan öz strateji maraqlarına uyğun olaraq, ikitərəfli iqtisadi və ticari münasibətlərə üstünlük verməlidir.

- Rusiyanın mövcud diplomatik sanksiyalarla dalana dirəndiyini nəzərə alsaq, sizcə bu durum Dağlıq Qarabağ məsələsinə nə kimi təsir edə bilər? Türkiyə millət vəkilləri hesab edir ki, Rusiya belə bir durumda Türkiyə ilə münasibətlərini riskə atmayacaq və Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olacaq. Sizcə bu nə qədər doğru ola bilər?

- Son dövrlər Rusiya beynəlxalq aləmdə problemlərlə üzləşi, ancaq qeyd etmək lazımdır ki, Daglıq Qarabağ probleminin həlli ilə təkcə Rusiya deyil ATƏT -in Minsk qrupu məşğul olur. Minsk qrupuna daxil olan dövlətlərin isə proseslərə fərqli baxışları mövcuddur. Daha doğrusu hər bir üzv dövlət öz dövlət maraqlarına uyğun hərəkət edir və bəzi hallarda ikili standartlardan çıxış edirlər. Buna görə də problemin həlli gecikir. Türkiyəli millət vəkillərinin fikirlərinə gəldikdə isə Türkiyə bizim qardaş dövlətdir, təbii strateji müttəfiqimizdir. Son zamanlar Türkiyənin yaxın şərq regiyonunda qazandığı qələbələr bizi də sevindirir və hər bir azərbaycanlı bununla fəxr edir. Suriya münaqişəsinin həllində Türkiyənin və Rusiyanın birgə hərəkət etməsi təbii olaraq, hər iki dövlətin və eyni zamanda Azərbaycanın mənafeyinə uyğundur. Daglıq Qarabağ münaqişəsinə gəldikdə isə Rusiyanın birmənalı olaraq Azərbaycanın yanında olacağına inanmaq, məncə bir az sadəlövlük olardı. İnanıram ki, bu münaqişə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun qələbəsilə başa çatacaq.

-Bu günlərdə xaricdə prezidentin və Azərbaycanın ünvanına qarayaxma kampaniyasına başlayan bir sıra üzdəniraq soydaşlarımıın bu əməllərinin qarşısının alınması məqsədi ilə millət vəkili Hadı Rəcəbli sosial şəbəkələrə qadağa qoymaq təklifi ilə çıxış edib. Bu qərarın İranda bu yaxınlarda səbəb olduğu kütləvi etirazları nəzərə alaraq, seçkiqabağı bu kimi təklifin heç də uyğun olmadığını düşünmək gərəkirsə, sizcə bu qarayaxma kampaniyasını necə durdurmaq mümkündür?

- Mətbuatdan bu barədə müəyyən məlumatlarım var. Azərbaycan xalqının və şəxsən cənab prezidentin əleyhinə aparılan bu kompaniyanı qəti şəkildə pisləşir və qəbul olunmaz hesab edirəm. Mən ümumiyyətlə mənəviyyatdan kənar ifadələrin, söyüşlərin, tərbiyəsiz hərəkətlərin kimin tərəfindən işlədilməsindən asılı olmayaraq tamamilə əleyhinəyəm. Ələlxüsus, xalqın və onun rəhbərinin ünvanına atılan böhtanları, hansiki bizim əsas qanunumuz olan konstitusiya ilə şərəf və ləyaqəti qorunur. Bu ağır cinayətdir. Hesab edirəm ki, bu hansısa bir mərkəzdən məqsədli şəkildə idarə olunur. Mən bunu qəti şəkildə pisləyirəm. Hörmətli həmkarım Hadı Rəcəblinin belə bir təkliflə çıxış etməsini eşitməmişəm. Mənim fikrimcə, seçki ərəfəsində belə qadağaların qoyulması məqsədə uyğun deyil. Qarayaxma kampaniyası ilə məşğul olanların auditoriyası çox da, böyük deyil, ictimai rəyə isə təsiri demək olar ki, sıfra bərabərdir. Ona görə də, hesab edirəm ki, onlara daha çox diqqət yetirərək, reklam etmək yox, soyuqqanlı olaraq, fikir verməmək daha düzgün olardı. Nəticə etibarı ilə aprel ayının 11-də Azərbaycan xalqı tam mütəşəkilliklə öz sözünü deyəcək və bir çox suallar avtomatik olaraq təsdiqini tapacaq.

-Bu arada Türkiyə prezidenti cənab Ərdoğanın “Qarabağı da ermənilərdən Afrindən terorçuları təmizlədiyimi kimi təmizləyəcəyik fikrini Türkiyə millət vəkilləri “Sayın Ərdoğan heç bir sözü böş yerə deməz, onun bu sözünün arxasında duracaq planları var” kimi şərh etdilər. Sizcə bu planlar hansı planlar ola bilər?

- Mən çox sevinirəm ki, qardaş ölkənin rəhbərliyi hər zaman sistemli şəkildə Qarabağ problemini diqqətdə saxlayır. Hal- hazırda Türkiyə bir dövlət olaraq tarixinin şərəfli və eyni zamanda çox mürəkkəb bir dövrünü yaşayır. İnanıram ki, Türkiyə bütün bu çətinliklərdən üzüağ çıxacaq və bizləri sevindirəcək. Konkret Qarabağla bağlı hansısa planların olması barədə məlumatım yoxdur. Ancaq onu bilirəm ki, bu problemin həlli tək Türkiyədən asılı olsaydı, günü bu gün öz həllini tapardı. Təəssüf ki, burada məsələlər bir az mürəkkəbdir. İstənilən halda, bizim qələbəmiz Türkiyənin qələbəsi, Türkiyənin qələbəsi bizim qələbəmizdir.



Ü. Musazadə
VOİCEPRESS.AZ


Ранее » Fərəc Quliyev: “Ermənistan Azərbaycan torpaqlarından çıxmal...« Далее Türkiyəli millət vəkili: "Azərbaycanlılar öz səsindən istifa...
Flag Counter