Fərəc Quliyev: “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır, amma bu niyə mərhələli olmalıdır?”

Tet-a-tet / Manşet

1 953

Fərəc Quliyev: “Ermənistan Azərbaycan torpaqlarından  çıxmalıdır, amma bu  niyə mərhələli olmalıdır?”
“Bu gün Türkiyə PYD və PKK terror təşkilatlarına qarşı mübarizə aparır,Rusiya Türkiyə ilə münasibətlərdə səmimidirsə , bu günə kimi PKK-nın Moskvada açdığı ofis niyə bağlanmır?”


VOİCEPRESS. AZ Beynəlxalq İnformasiya Bürosu Milli Məclisin deputatı, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyevlə müsahibəni təqdim edir:


-Fərəc müəllim, Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov, Dağlıq Qarabağ məsələsi ilə bağlı danışarkən, açıq şəkildə Rusiyanın münaqişənin həllinə dair konkret planının olmamasını dilə gətirib və tərəflərin münaqişəni mərhələli şəkildə həll etməsinə dair səy göstərməli olduqlarını bildirib. Sizcə münaqişənin mərhələli həlli təklifi əslində elə Rusiyanın həll planı deyilmi?

-Əslində 20 ildən çox zaman itkisindən sonra, “bizdə məsələnin həlli ilə bağlı konkret plan yoxdur” kimi fikirin səslənməsinin özü, Rusiyanın fəaliyyətinin prespektivsizliyindən və əhəmiyyətsizliyindən xəbər verir. Qeyd edim ki, hər zaman məsələnin mərhələli həlli müzakirə mövzusu olub. Buna əvvəlki danışıqlar da , Kazan danışıqları da misal ola bilər. Amma heç bir danışıqların münaqişənin həllinə dair irəliləyiş müşahidə olunmayıb. Əksinə demək olar ki, ermənilərin istədiyi kimi status-kvo saxlanılıb. Bu illər ərzində Rusiya özü Ermənistana dəstək verib. Ən azından ortaq ordu yaratmaq məsələsini xüsusilə qeyd etmək gərəkir. Vasitəçi əgər münaqişə tərəflərinin birinə, xüsusən də təcavüzkar tərəflə ordu yaratmağa qərar verirsə, bu artıq münaqişənin həll prinsiplərinə ziddir. Lakin bütün bunlara rəğmən hesab edirəm ki, məsələnin həllinə dair axtarış varsa, onun detalları məlum olmalıdır. Avropa Parlament Assambleyasının qəbul etdiyi qətnamələrdə, əvvəllər bu göstərilməsə də, indi xüsusilə qeyd edilir: “Ermənistan Azərbaycan torpaqlarını işğal edib və işğal etdiyi torpaqları tərk etməlidirlər”. Bu artıq konkret bir fikir ifadə edir. Bundan əvvəl də, BMT tərəfindən bu mahiyyətdə 4 qətnamə qəbul olunmuşdu. Burada isə Rusiya konkret fikrin olmamasını dilə gətirməklə münaqişənin həll açarının onda olmasını xəbər verir. Bu isə o deməkdir ki, Rusiya Ermənistanın mövqeyindən çıxış edir və birmənalı şəkildə məsələnin dondurulmuş vəziyyətdə qalmasında maraqlı olmasını nümayişkaranə şəkildə bəyan edir. Bütün sənədlərdə “Ermənistan Azərbaycan torpaqlarından çıxmalıdır” fikri ifadə olunursa, bu niyə mərhələli olmalıdır? Bu konkret bir fikirdir... Ona görə də, Rusiyanın təklifi olduqca əhəmiyyətsiz xarakter daşıyır. İslam Əməkdaşlıq Təşkilatının son çağırışında belə bir bənd qeyd edilir: “Azərbaycan tərəfinin xalqını və torpaqlarını müdafiə etməsi üçün atdığı addımlar dəstəklənir”. Yəni xalqa və torparqlara ziyan dəyirsə, biz hər yola əl ata bilərik. Orada 60-a yaxın dövlət təmsil olunur. Rusiya isə “konkret fikir yoxdur”, “münaqişə mərhələli həll olunmalıdır” kimi bəyanatlarla, bu beynəlxalq təşkilatlar tərəfindən olunan çağırışlara kölgə salmaq niyyətindədir. Axı Rusiya Donbas üçün də artıq dondurulmuş münaqişə ocağı deyir. Hazırda Krımda Rusiyadakı gözlənilən prezident seçkilərinə hazırlıq işləri aparılır. Azərbaycan Respublikasının prezidenti, cənab İlahm Əliyev də, dəfələrlə Dağlıq Qarabağ məsələsində indiki status-kvonun müxtəlif bəhanələrlə uzadılmasının yol verilməz olduğunu ifadə edir. Problemin həllinə dair heç bir addım atılmırsa, o zaman biz BMT nizamnaməsi və beynəlxalq konvensiyalara uyğun olaraq, torpaqlarımızı hərb yolu ilə azad edə bilərik. Bu məsələ həll olunmalıdır. Ona görə də, Lavrovun açıqlaması nə qədər yumşaq görünsə də, birmənalı olaraq, status-kvonun qorunmasına xidmət edir.


-ABŞ-ın Rusiyadan, xüsusilə Cənubi Qafqazda silah alan ölkələrə qarşı sanksiya tətbiq edəcəyi məsələsi nə qədər Azərbaycana şamil edilə bilər və belə olan halda Azərbaycan nə kimi addım atmalıdır? Axı Ermənistana Rusiya silah-sursatı qeyri satışla daxil olursa, o zaman Cənubi Qafqazda bir tək Azərbaycan Rusiyadan silah satın alır, deyə bilərik...Buna münasibətinizi bildirərdiz...

-Mən silah kvotasının gözlənilməsinin tərəfdarıyam. Lakin bölgədə silah kvotası artıq çoxdandır pozulub. Yəni Ermənistan silah-surasatın bir qismini Azərbaycanın işğal alında olan torpaqlarında gizlədib, bu artıq birmənalı şəkildə silah kvotasının pozulması deməkdir. İkinci tərəfdən,Ermənistan satın almasa da, silahını qeyri leqal şəkildə almağa davam edir. Böyük miqdarda Gümriyə gətirilən silah-sursat, kredit halında alınan silahlar, daha sonra kredit borclarının silinməsi məsələsi bunlar qaçılmaz faktlardır. Bir az əvvəl də qeyd etdim ki, üstəlik Ermənistan və Rusiya arasında ortaq ordu yaradılıb. Bu isə o deməkdir ki, müştərək ordunun hesabına daxil olan silah-sursatlar, hərbi texnika birmənalı şəkildə Ermənistanın hərbi balansına daxildir. Biz müdafiə olunmağa məhkumuq. Çünki biz işğal olunan tərəfik və bu cür qeyri qanuni yollarla silahlanan bir təcavüzkar dövlətə qarşı mübarizə aparırıq. ABŞ-ın Rusiyadan, xüsusilə Cənubi Qafqazda silah alan ölkələrə qarşı sanksiya tətbiq edəcəyi məsələsini gündəmə gətirərkən, əvvəl mütəmadi Rusiyadan qeyri leqal formada silahlanan Ermənistanın silahsızlaşdırlmasına cağırış etməlidir. Lakin bütün bunlarla yanaşı mən hesab edirəm ki, Azərbaycan Rusiyadan yox, digər NATO ölkələrindən silah almalıdır. Çünki Ermənistan və Rusiya müttəfiqdir. Bizim ərazilərimizi isə əslinə Rusiya işğal edib, Ermənistan isə sadəcə nəzarət məqsədi ilə gətirilib və Qarabağa bağlanıb... ABŞ öz maraqları çərçivəsində çağırışlar etməzdən əvvəl regiondakı təhlükəizliyin təmin olunması baxımından da, Ermənistanın qeyri leqal silahlanmasını göz ardı etməməlidir.


-23-26 yanvar Tarixlərində Avropa Parlament Assambleyasında Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir. Bu günlərdə isə Ermənistan uydurulmuş tarixlərinə daha bir uydurma tarix əlavə etdi. Belə ki, Ermənilərə görə 13 yanvar tarixi onlarda qanlı yanvar tarixi kimi bu ildən tarixə yazıldı. Həmin gün isə erməni iddialarına görə Bakıda qətlə yetirilən ermənilər anılacaqmış. Sizcə Sarkisyan bu cəfəngiyyatla Avropa Parlament Assambleyasında çıxış edə bilərmi?


-Ermənilərdən nə desən gözləmək olar! Burada təəcüblənəcək heç nə yoxdur. Ermənilər Xocalı soqrımı zamanı vəhşicəsinə qətlə yetirdikləri azərbaycanlıların rəsmlərini belə dünya ictimaiyyətinə ölmüş erməni uşaqları kimi təqdim etməkdən çəkinmirlər. Xəstə təfəkkürlü erməniləri mühakimə etmək uzun məsələdir. Biz birmənalı olaraq, erməniləri məğlub etməliyik. Onları kaputaliasiya aktına qol çəkdirməliyik. Onlar uydurulmuş tarix yazma iddialarından əl çəkməyəcəklər. Onlar bu cür tarixi hadisələr uydurmaqla, özlərini dünya ictimaiyyəti qarşısında zavallı kimi göstərmək niyyətindədirlər. Hər kəs bilir ki, 20 yanvar tarixində Stavropoldan ermənilərdən formalaşdırılmış Rusiya qoşunları Azərbaycana daxil olublar. Ona görə də, onların nə danışmaqlarının əhəmiyyəti yoxdur. Biz sadəcə torpaqlarımızı işğalçılardan azad etmək haqqında ciddi düşünməliyik.

-Ermənistan ekspertləri iddia edir ki, Ermənistanda yeni ildə qiymət artrımları İran hadisələrinin təkrarlanacağına dəlalət edir. Digə tərərfdən Erməni deputat Nikol Paşinyanın “Hakimiyyəti devirmək problem deyil” deməsi ilə yanaşı digər bir deputatın “Ermənistan mütləq sürətdə müdafiə sistemini yenidən qurmalıdır” kimi çıxışlar, sizcə Ermənistanın çökmə mərhələsinin göstəricisi deyilmi?


-Ermənistan artıq çöküb. Qeyd etdiyim kimi Ermənistan Rusiyanın bir əyalətidir. Rusiyada baş verən çöküntülər orada da, əksin tapır. Ermənistanın keçmiş baş naziri bir dəfə bəyanat verdi ki, Dağlıq Qarabağ müharibəsi aktiv fazaya keçərsə, Metsamor Atom Elektrik Stansiyasını partladacağıq. Təsəvvür edin ki, ora partlayarsa, bütün region təhlükə altında olacaq, xüsusən də, Ermənistana təsir edəcək. Bu isə o deməkdir ki, rəsmi İrəvanı nə eməni əhalisi nə də, onun təhlükəsizliyi maraqlandırmır. Ermənistan birmənalı olaraq, Rusiyanın tapşırıqlarını yerinə yetirir, bi erməni cəmiyyətinin ziyanına olsa belə..



- Türkiyənin Afrin əməliyyatı, daha doğrusu “Zeytun Budağı” əməliyyatına dəstək verməyən Rusiya ilə Türkiyənin bundan sonrakı münasibətləri necə olacaq? Bunun proqnozunu verə bilərsinizmi? Bir sıra Qərb yönlü analitiklərin fikrincə Türkiyə Rusiya münasibətləri daha əvvəlki səviyyədə olmayacaq.


- Razıyam. Mən öncədən də, demişdim ki, Rusiya Türkiyə münasibətləri mövsümi xarakter daşıyır. Bunun Rusiya da fərqindədir. Bu gün Türkiyə PYD və PKK terror təşkilatlarına qarşı mübarizə apardığı halda, bu günə kimi PKK-nın Moskvada açdığı ofis niyə bağlanmır? Deməli Rusiya düşünür ki, Amerika PKK və PYD-dən dəstək əlini çəkərsə, həmin teror qruplaşmalarının sığınacaq yeri Moskva olmalıdır. Rəsmi Moskvaya isə bu Türkiyəyə təzyiq üçün gərəklidir. İki dövlət arasında etimad olduğu halda belə bir məsələnin olması mümkünsüzdür. Türkiyə isə bunun fərqindədir. Məhz elə ona görədir ki, Türkiyə artıq Qərb dövlətləri ilə münasibətləri normallaşdırmağa başlayıb. “Zeytun Budağı” əməliyyatında da İncirllik hərbi bazasından istifadə olunmaqdadır. Türkiyənin Afrin əməliyyatını isə İngiltərə və digər Avropa dövlətləri dəstəkləyir. Rusiya Suriyadan geri çəkilmək üçün bəhanə axtarırdı. Çünki sanksiyalarla dalana dirənən Rusiya daha artıq güc səfərbər etmək iqtidarında deyil. Afrin əməliyyatı isə Rusiya üçün bəhanə oldu. Lakin bir daha qeyd edim ki, nə Türkiyə Rusiyaya, nə də Rusiya Türkiyəyə sona qədər güvənmir və etimad göstərmir.


- Azərbaycan qardaş Türkiyənin Afrinə hücumu məsələsi gündəmdəykən hansı mövqedən çıxış etməlidir sizcə?

-Azərbaycanın mövqeyi həmişə aydındır. Toplantıların birində cənab prezident İlham Əliyev Ermənistan nümayəndəsinin Türkiyənin ünvanına söylədiyi fikirə qarşı “ Türkiyə prezidenti burada yoxdur, mən buradayam!”, deyə cavab verdi. Biz bu qədər bir-birimizə yaxın bir dövlətik. Mən hər zaman deyirdim ki, Türkiyə arasında mövcud mədəni və iqtisadi əlaqələr dərhal siyasi və hərbi əlaqələrə transfer olunmalıdır. Şükürlər olsun ki, bu məsələ də, reallaşır. Azərbaycan birmənalı şəkildə Türkiyənin yanındadır. Azərbaycan bütün vasitələrlə Türkiyəyə dəstək verməyə hazırdır. Bu gün Türkiyənin mənəvi dəstəyə çox ehtiyacı var. Bu baxımdan Azərbaycan Türkiyənin yanında olduğunu dəfələrlə dövlət səviyyəsində bəyan etməkdən çəkinmir.


- İran hadisələrindən sonra İran prezidenti Həsən Ruhaninin Azərbaycana gəlişi, Türkiyənin Afrin əməliyyatında Azərbaycandan dəstək gözləməsi, Qüdsün ABŞ tərəfindən İsrail paytaxtı elan olunması ilə bağlı açıqlamadan sonra Fələstinin Azərbaycandan mənəvi dəstək gözləməsi kimi məqamlar xarici ekspertlər tərəfindən Azərbaycanın artıq regionda ayrı-ayrı dövlətlərdə baş verən hadisələrə təsir edə biləcək gücə malik olması kimi dəyərləndirilir. Bilmək istərdik, bu həqiqətən belədirmi?

-İslam Əməkdaşlıq Təşkilatının son çağırışları arasında Azərbaycanın tolerantlıqla bağlı nümunə kimi göstərilməsi vurğulanır. Azərbaycanda etnoslara, dinlərə tolerant münasibət Azərbaycan xalqının mahiyyətidir. Hələ sovet dönəmindən bu yana Azərbaycanda nə dini, nə də milli ayrı-seçkilik olmayıb. Hər zaman Azərbaycanda yəhudilər, talışlar, ruslar, ermənilər bərabər yaşayıb. Bu gün də, senaqoqlar, məscidlər və kilsələr Azərbaycanda fəaliyyət göstərməkdədir. Azərbaycanda heç bir təriqət bölgüsü də, yoxdur. Azərbaycanda digər islam dövlətlərindən fərqli olaraq şiə və sünnilər bir yerdə namaz qılır. Bu özü-özlüyündə islam dünyası üçün bir örnəkdir. Bütün bunlarla yanaşı Azərbaycan qonşu dövlətlərlə sıfır problemli qonşuluq siyasəti kursu yürütməkdədir. Baxmayaraq ki, biz göstərdiyimiz diqqəti bir çox hallarda özümüzə qarşı müşahidə etmirik. Rusiya və İran bəzən üzümüzə başqa, arxamızca tamamilə əks mövqedən çıxışlar edirlər. Azərbaycan inanılmış və səmimi tərəfdaşdır. Azərbaycan hər kəs üçün qızıl körpü rolunu oynayır. Ən mühüm səbəb isə Azərbaycanda dinlər və millətlərarası ədavətin olmamasıdır ki, Azərbaycan regionda yetəri qədər nüfuza malik bir dövlətə çevrilmişdir. Azərbaycan bu gün istər Şimal-Cənub dəhlizi olsun, istər Qərb-Şərq dəhlizi üzərində olsun, neft istehsalı və tranziti dövləti olaraq da, çox əhəmiyyətlidir. Ən əsası isə hesab edirəm ki, dövlət rəhbərləri arasında şəxsi münasibətlərin də rolu az deyil.


-Azərbaycanda gözlənilən prezident seçkiləri sizcə nələri vəd edir? Siz Milli Dirçəliş Hərəkatı Partiyasının sədrisiniz. Fərəc müəllim partiya sədri kimi prezident seçkilərində iştirak edəcəkmi?

-Mən bu gün Parlamentdə təmsil olunan müxalifət partiyasının sədriyəm. Amma qeyd edim ki, bizim müxalifətçiliyimiz dövlətə qarşı, insanlara qarşı müxalifətçilik demək deyil. Biz milli maraqlar naminə atılan bütün addımları dəstəkləyirik. Bizim üçün əsas məsələ milli maraqlardır. Bizim müxalifətçiliyimiz qərəzli deyil. Bəzən müşahidə edirik ki, hakimiyyət nümayəndəsinin yaxşı və pis əməli fərq qoyulmadan tənqid edilir, “çəkilin kürsüyə mən oturum” amalına xidmət dir. Amma sual olunmur ki, sən hansı düşüncə ilə kürsü başına keçmək istəyirsən? Biz hakimiyyətdə oturmağı yalnız fiziki olaraq hakimiyyət kürsüsündə oturmaqda görmürük. Biz düşüncəmizin hakimiyyətdə olmasının tərəfdarıyıq və bunun üçün çalışırıq. O düşüncə ilə o kürsüdə kim oturur otursun, bizim uçun əsas deyil,əsas hansı düşüncənin iş başında olmasıdır. Mən 2013-cü ildə prezident seçkilərində iştirak etmişdim. Bu ildə gözlənilən seçkilərdə partiyamız iştirak edəcək. Namizəd hələ ki, dəqiqləşdirilməyib. Bu mən də ola bilərəm.


-Fərəc müəllim, sizi bir çox məsələlərə obyektiv yanaşan bir millət vəkili kimi tanıyırıq. Bir məsələyə münasibət bildirmənizi, hətta yeri gələrsə xahiş edərdik bu məsələni Parlamentdə səsləndirəsiniz. Deməli, bu günlərdə redakasiyamıza Lələtəpənin azadlığı uğrunda ayaqlarını itirən gənclər müraciət edib. Onların cəmi 143 manat məbləğində prezident təqaüdü almaları məlum olub. Məlumdur ki, bir sıra yazıçı və müğənnilərdə prezident təqaüdü göstəriciləri daha yüksəkdir. Maraqlıdır bu təqaüdlər hansı göstəricilərə görə belə bölüşdürülür və bu bölüşdürməni daha ədalətli şəkildə nizamlanmasının təmin olunması mümkündürmü?

-Doğurdan da, ciddi bir məsələdir. Mən söz verirəm ki, bu məsələni araşdıracağam və növbəti Parlament iclasında bununla bağlı gərəkən addımların atılmasına çalışacağam.


-Çox sağolun, dəyərli fikirləriniz üçün minnətdarıq.

-Buyurun. Mən təşəkkür edirəm.




Ülkər Musazadə
VOİCEPRESS.AZ

Ранее » Arzu Nağıyev: "Davos forumunda iştirak Azərbaycana mühüm üstünlüklə...