RUSİYA MƏYUS OLUB

Təhlil / Manşet

468

RUSİYA MƏYUS OLUB
İrəvanda misli görünməmiş həbs dalğası dünya mediasında ciddi müzakirə mövzusuna çevrilib

“Kreml Koçaryanın həbsdə saxlanılması ilə bağlı məsələlərdə Paşinyana və İrəvana ciddi təzyiq göstərəcək”

Ermənistanın birinci instansiya məhkəməsi İstintaq Xidmətinin vəsatətini təmin edərək, sabiq prezident Robert Koçaryan və KTMT-nin baş katibi, general Yuri Xaçaturovun həbsi barədə qərar verib. Hər iki şəxs 2008-ci ilin martın 1-də baş verən və 10 nəfərin ölümü ilə nəticələnən hadisələrdə günahlandırılır. Xaçaturov əlavə olaraq, konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Təşkilatın baş katibi birinci instansiya məhkəməsinə 5 milyon dram ödəyərək girov müqabilində zaminə buraxılmağa nail olub.

Ermənistanın sabiq prezidenti Robert Koçaryan isə həbsdən xilas ola bilməyib. Xüsusən, keçmiş prezidentin həbsi Azərbaycan cəmiyyətində də böyük maraqla qarşılanıb. Bəziləri bunu tarixi ədalətin öz yerini alması kimi dəyərləndirib. Çünki Robert Koçaryan da, Serj Sarkisyan da əsl cani olublar. Hər ikisi də Qarabağda günahsız insanları qətlə yetirən əli qanlı şəxslər idilər. Onlar hərbi cani olmaqla yanaşı, öz xalqlarına qarşı da cinayətlərə yol vermiş qaranlıq şəxslər kimi tarixə düşüblər. Hakimiyyətdə olduqları müddət ərzində isə qanunları kobud şəkildə pozaraq öz ciblərini doldurmuş, sərvətlərini artırmışlar. İndi erməni xalqına hesab vermək məcburiyyətində qalıblar.

"Paşinyanın addımları Qarabağın itirilməsilə nəticələnəcək”

Koçaryanın həbsi Rusiya tərəfindən birmənalı qarşılanmayıb. Qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edib. Bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir: "Paşinyan qərb stulunda oturmaqla Ermənistanın beynəlxalq arenadakı mövqeyini dəyişmək niyyətindədir. Lakin buna cəhd edərkən mövcud reallıqları görməzlikdən gəlir və belə bir şəraitdə Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyini təmin etməsini və əvvəlki ölçüdə dəstək verməsini istəyir ki, bu da tamamilə absurd və qəbuledilməzdir. Serj Sarkisyan iki stulda əyləşmişdi. Nikol Paşinyan isə başlıca olaraq, qərb stulunda əyləşmək istəyir. Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır. Əgər Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yaranacaq”.

Köçəryan niyə məhv edilir? - Erməni politoloq

"Yekramas” saytına açıqlamasında erməni politoloq Aleksandr İsgəndəryan deyib ki, Robert Koçaryanın həbsi daha çox siyasi məsələdir. Onun sözlərinə görə, hazırda Ermənistanda siyasi elitada dəyişikliklər gedir: "Bu hələ də başa çatmayan siyasi tranzitdir. Prosesin birinci hissəsi Paşinyanın baş nazir olması idi. Bundan sonra icraedici hakimiyyətdəki elitanın yuxarı hissəsində dəyişikliklər başladı. Növbəti mərhələ qanunverici hakimiyyət oldu. Burada isə hüquqi prosedurlar olmalıdır. Belə ki, yeni hakimiyyət leqal yollarla hakimiyyətini təmin etməlidir. Parlamentdən sonra növbə məhkəmə hakimiyyətinə çatacaq. Bu vaxta qədər qanunverici hakimiyyətdə dəyişikliklər baş verməli, yerli hakimiyyətlər dəyişməlidir. Bu proses artıq gedir, bəzi yerlərdə, xüsusilə də İrəvanda isə başa çatıb. Dəyişiklik yerli səviyyələrdə elitanın dəyişdirilməsini tələb edir. Bölgədəki seçkini yerli icra orqanları təşkil etdiyi üçün bunları nəzarətə almaq çox vacibdir.

Eyni prosesi hökumət biznesdə də aparır. Biznesmenlər hansısa formada yeni hökumətə qarşı loyallıq göstərməlidir. Belə proseslərin əsas vacib məqamlarından biri zərbələrin endiriləcəyi açar şəxslər olur. Robert Koçaryan cəmiyyətdə indiyə qədərki sistemin müəllifi kimi qəbul edilir. Koçaryan ictimai fikirdə sistemin simvoludur. Serj Sarkisyan isə onun varisi sayılır”.

"Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar”

Millət vəkili Aydın Mirzəzadə baş verən həbslərlə bağlı feysbuk səhifəsində fikirlərini bölüşüb. O, baş verənləri təhlil edərək, erməni xalqına qan udduran Koçaryan və Xaşaturovun azərbaycanlılara qarşı da eyni əməl törətdiyini xatırladıb: "Azərbaycanda Robert Koçaryan və Yuri Xaçatorovu tanımayan yoxdur. Biri on il Ermənistanın prezidenti, ikincisi isə on il Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi olub. Ancaq bizlər onları vəzifələrinə görə yox, Azərbaycan torpaqlarının işğalında, vətəndaşlarımızın öz dədə-baba torpaqlarından qovulmasında və qətlə yetirilməsində, Xocalı faciəsinin baş verməsində xüsusi rollarına görə tanıyırıq. Bu cinayətlərinə görə təəssüf ki, onlar indiyə qədər mühakimə olunmayıblar”. A.Mirzəzadə bu cinayətlərinə görə sözügedən şəxslərin cavab verəcəklərinə inandığını bildirib və əlavə edib ki, onlar 2008-ci ildə Ermənistanda konstitusiyalı hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilirlər: "Qarabağda törətdikləri cinayətlər yada salınmır, ancaq Koçaryan-Xaçaturov məsələsi göstərir ki, başqa xalqa qarşı cinayət törədənlər heç zaman öz xalqına xoşbəxtlik gətirə bilməz. Cinayətkar həmişə cinayətkardır. Hətta öz xalqına qarşı da o mütləq cinayət törədir. Ermənistanda baş verənlər daxili siyasətin nüanslarıdır, ancaq tarix bir daha sübut etdi ki, insanlığa qarşı cinayətlər mütləq cəzalalarını alırlar. Beləliklə, həm də belə qənaətə gəlmək olar ki, Ermənistanda cərəyan edən hadisələr və bu fonda davam edən siyasi böhran ölkədə xaos və anarxiyaya doğru istiqamət alıb”.

İrəvandakı həbslər: Paşinyanın hədəfi nədir?

Sabiq dövlət müşaviri Qabil Hüseynli bildirib ki, Koçaryanın həbsi tamamilə qanunauyğundur: "İrəvanda misli görünməmiş həbs dalğası dünya mətbuatında da ciddi surətdə müzakirə edilir və Rusiya bundan məyus olub. 2008-ci ildə baş verən hadisələrin cinayət olduğunu o vaxt müxalifət irəli sürmüşdü və bununla bağlı məhkəməyə də müraciət etmişdi. Lakin hakimiyyət və güc həmin vaxt Robert Koçaryanın əlində idi. Ondan sonrakı prezident Serj Sarkisyan da Qarabağ klanının üzvü idi. Onlar eyni klanın nümayəndələri olduğuna görə də bu məsələlərin cinayət tərkibi olmadığını iddia edərək, əhalinin özünün iğtişaşlar yaratdığını söyləyərək, olayı ört-basdır etməyə çalışdılar. Amma əhali yaxşı bilirdi ki, həmin gecə güc tətbiq edilməsi tamamilə qanunazidd idi”.

Politoloq vurğulayıb ki, hazırda Ermənistanda baş verənlər Rusiyanın sadiq adamlarına qarşı həyata keçirilən repressiya tədbirlərini xatırladır: "Amma bu adamların hər birinin indiyə qədər törətdikləri cinayətləri var. Paşinyan indi bu addımı atmasaydı, əhali arasında onun prinsipsizliyi barədə rəy formalaşa bilərdi. O zaman Paşinyanın özü gələcəkdə bu cür loyal hərəkətlərə görə cavab verməli olacaqdı. Amma Paşinyan onu hakimiyyətə gətirən insanların təzyiqi altında bu hadisələrin araşdırılmasına dair göstəriş verdi. Araşdırma nəticəsində bütün faktlar üzə çıxdı. Bunun Rusiyaya yönəlik tədbir olduğunu söyləmək çətindir”. Ekspertin sözlərinə görə, Rusiya olanları ciddi narazılıqla qarşılayacaq: "Koçaryan Rusiyanın bir nömrəli adamlarından idi. İndiyə qədər də "Qazprom”un mərkəzi idarə heyətində məsul vəzifələrdən birini icra edirdi. Güman edirəm ki, Rusiya Koçaryanın həbsdə saxlanılması ilə bağlı məsələlərdə Paşinyana və İrəvana ciddi təzyiq göstərəcək. Xaçaturovun həbs edilə bilməsi ehtimalı da Rusiya tərəfindən narazılıqla qarşılanacaq və bunun qarşısının alınması üçün addımlar atılacaq”.



"Şərq" qəzetinə istinadla

VOİCEPRESS.AZ


Ранее » Vətənpərvər olmaq asandırmı?