Danışan alət – Sərkisyan və onun komandası

Təhlil / Manşet

6 579

Danışan alət – Sərkisyan və onun komandası
Danışan alət – Sərkisyan və onun komandası

Əslində Ermənistan cəmiyyətinin dialektikası şüuraltı mübarizələrin ən ideal nümunəsinə heç vaxt bu qədər yaxın olmayıb. Çeşid-çeşid dekorativ ideoloji baryerlər zamanın danılmaz gerçəkliyi önündə dayanıqlığını itirdikcə, genetik kodlardan gələn aramsız siqnallar özünü insanlara daha aydın və çevik şəkildə xatırladır.

Bu siqnallar ilk baxışdan guya unudulmuş, yaddan çıxmış, əslində isə hər an “döyüşə” hazır vəziyyətdə dayanan ideyaların “toz”unu silir, onları gerçəkliyin sifarişi kimi şərtləndirir və prosesin qarşısıalınmaz dinamikasını mənəvi, psixoloji cəhətdən prioritet ideoloji zirehlərlə sığortalayır.

Rəqabət isə yeni alternativlərin kəskin üstünlüyünü gizlətmir! Nəticədə əhalinin mütləq əksəriyyəti uzun müddət şüuraltıda uyuyan və qəfil partlayışlardan diksinən obrazların dililə danışır! Bu obrazları Ermənistan cəmiyyəti üçün yad saymaq olmaz. Çünki özgə planetdən gəlməyiblər. Əksinə, indi onlar dinc erməni sakininin ürək döyüntülərini özündə ehtiva edən ən ideal qəhrəmanlardır! Adamlar bu qəhrəmanların kürəyinə sığınıb fikir və niyyətlərinin əsas məğzini siyasi elitanın süfrəsinə hələlik rüşeym şəklində daşıyır! Sərkisyan iqtidarı üçün bu rüşeymlər gələcəkdə qaçılmaz olacaq mütləq sürprizlərin ilk qaranquşları sayılır! İndi bu qaranquşlar iqtidar kabinetinin qapısını hələ ki, öz dimdiklərində gətirdikləri müjdəçi suallarla döyür!..

Beləliklə, erməni tələbələrin "Müdafiə haqqında" və "Hərbi xidmətdə hərbi qulluqçuların statusu" haqqında qanun layihəsinə etiraz dalğası "erməni milləti" və onun təhlükəsizliyi konsepsiyasını, o cümlədən vətəndaş problemlərini yenidən gündəmə gətirib və ciddi suallara geniş meydan verib:

Təhsil sahəsində sayı-hesabı bilinməyən problemlərin "at oynatdığı”, siyasi iradəsizliyin hökm sürdüyü, milli təhlükəsizliyin təhdid altında qaldığı bir vaxtda etiraz dalğasının əhatə dairəsi niyə məhz bu çərçivədən kənara çıxmır?

Niyə bu problemlərlə bağlı erməni cəmiyyətində gündə az qala yüz dəfə verilən suallar adi vətəndaşlar tərəfindən etinasız qarşılanır?

Niyə ölkədə vətəndaş həmrəyliyinin təməl sütunlarını sarsıdan məqamlar əhalidə narahatlıq doğurmur?

Doğrudan da ciddi suallardır! Belə suallar gözləməyi sevmir! Çünki Sərkisyan iqtidarının qapısında onsuz da uzun müddət növbədə dayanmağa vadar ediliblər!..

Bəlkə elə buna görə müdafiə naziri əsas müzakirə obyektinə qaçaraq yenidən qayıdıb və Feysbuk hesabında baş verənləri özünün "qələbə"si, digərlərinin isə "məğlubiyyəti" kimi dəyərləndirmədiyini bildirib. Ancaq parlamentdəki qızğın müzakirələr zamanı arxasını klassik demokratiyaya çevirməkdən də çəkinməyib. Çünki davranışları birbaşa sistemdaxili potensial rəqiblərinə hesablanıb. Yəni, qazandığı “qələbəni” iqtidarın adına yazmaqla Vigen Sərkisyan parlament seçkiləri öncəsi özünümüdafiə mövqeyi tutub və alternativlərini qıcıqlandırmamağa çalışıb. O da var ki, hazırki məqamda qalib və məğlub mövzusu nisbi xarakter daşıyır. Çünki layihələrin ictimai müzakirəsi zamanı nazir siyasi xarizmadan və elastiklikdən kifayət qədər uzaq olub. Bununla da parlamentin daimi komissiyasında sərbəst şəkildə hətta yetərsaya nail ola bilməyən Vigen Sərkisyan tələbələr üzərində qələbə qazansa da, siyasətdə ciddi məğlubiyyətə uğrayıb.

Düzdü, sonradan öz niyyətini birbaşa prezidentin dəstəyilə reallaşdırıb və gözlərini baş nazir kreslosuna daha böyük ümidlərlə zilləyib. Lakin bu zaman tələbə hərəkatının yalnız kabinet güzəştlərindən və müəyyən kompromislərdən sonra bitə biləcəyi faktını unudub...

O üzdən ölkədəki gərginliyin daxili dinamikası dərhal daha təhlükəli mərhələyə etap olunub. İndi o, insanları bir qədər də açıq və acıqlı şəkildə danışmağa vadar edir. Məsələn, ordu problemlərini araşdıran ekspert Ruben Martirosyan yerli televeziya kanallarına verdiyi son müsahibəsində əsl cəsarət nümunəsi sərgiləyib.
SİTAT: “Ermənistan ordusunda əsgərləri öldürürlər, cinayət işlərini gizlədirlər, günahsız hərbçiləri törətmədikləri əməllərə görə zindana atırlar, əsl cinayətkarlar isə cəzasız qalır! Bunu hamı bilir: Problemi kökündən həll etmək imkanımız yoxdur! Serj Sərkisyan isə açıq şəkildə yalnız bunu deyir: Nə istəyirsizsə, onu da edin! Nəticədə ordu məhv olur (!) və tələbələr əsəbi şəkildə möhlət hüququnun məhdudlaşdırılmasına qarşı çıxır! Çünki bu gün orduda hökm sürən özbaşınalıq səbəbindən heç kim xidmətə getmək istəmir! Məmurlar isə öz övladlarını ölkədən qaçırırlar!”

Yeri gəlmişkən, Ruben Martirosyan Ermənistanda kifayət qədər təcrübəli və nüfuzlu mütəxəssis kimi tanınır. Cəsarəti, sabitqədəmliyi və sözübütövlüyü ilə mütləq əksəriyyətin sevgisini qazanıb. Əhali öz tribunasını ona etibar edir. Çünki ekspertin fikirləri obyektivliyi ilə seçilir və ictimai rəyin formalaşmasında müəyyənedici rol oynayır.

SİTAT: “Məndə dəqiq məlumat var: Orduda korrupsiya Serj Sərkisyanın qudası Mərkəzi Həkim Komissiyasının rəisi olan vaxtdan geniş vüsət alıb. Sağlam gənclərə xidmətdən möhlət hüququ verilib, onların yerinə isə sağlamlığında problem olanlar göndərilib. Və bu zaman yeganə məqsəd pul qazanmaq olub. Əgər kiçicik fərqləri nəzərə almasaq, vəziyyət dəyişməyib. Bu mənada möhlət hüququnun ləğvi məcburi addımdır! Ordunun həyatında olduğu kimi ölkənin inkişafında da çeşid-çeşid mənfi təsirlərini göstərəcək. Gərginlik, qarşıdurmalar qaçılmaz olacaq. Çünki hər şey zərgər dəqiqliyilə ölçülüb-biçilməli və tamamilə tərsinə olmalı idi. Elə etməliydilər ki, gənclər ürək genişliyilə, həvəslə xidmətə yollansınlar. Bunun üçün silahlı qüvvələrdə özbaşınalığa son qoyulmalı, münasibətlər nizamnamə tələbləri çərçivəsində qurulmalıdır. Bu gün erməni əsgəri qul vəziyyətindədir. Onun bütün hüquqları əlindən alınıb. Hər hansı məsələnin müzakirəsi yalnız bu neqativləri aradan qaldırdıqdan sonra mümkündür!”

Ruben Martirosyanın fikirləri cəmiyyətdə əsas söz sahiblərindən biri kimi tanınan, Gümrüdəki "Asparez" klubunun sədri, Ağsaqqallar Şurasının üzvü Levon Barseqyan tərəfindən də dəstəklənib. Ermənistanın birinci informasiya kanalına verdiyi son müsahibəsində rus əsgərinin itkin düşməsi haqqında danışarkən öz həmkarından bir qədər də irəli gedən L.Barseqyan daha acıqlı və daha cəsarətli görünüb.

SİTAT: "Ermənistan iqtidarı Rusiya rəhbərliyilə bir masa ətrafında oturub ciddi razılaşmalar əldə etməli, buranın yiyəsi olduğunu göstərməlidir. Amma Serjiki adam yerinə qoyan yoxdur! Heç kim ona məruzə etmir! Hakimiyyətin saxtalığı və qeyri-ciddiliyi səbəbindən ölkədə (!) özbaşınalıq və yiyəsizlik hökm sürür!..”

Beləliklə, Ermənistan cəmiyyətində əsən sərt küləklər zaman-zaman kül altında qalmış közü yenidən səhnə önünə daşımaqda, qaranlığın xaotik statusunu daha parlaq, daha konkret ifadə tərzilə anlatmaqdadır.

Kataklizmin müəyyənedici elementlərilə yüklənmiş düşüncə fərqliliyi isə ideallar arasında gedən ölüm-dirim mübarizəsini toplumun xeyrinə dəyişməklə yeni qəhrəmanlarından heç vaxt vaz keçməyəcəyini vurğulayır, özü də böyük hərflərlə...

Çünki bu qəhrəmanlar xalqa iqtidar komsomolçularından daha yaxındır. Əhali öz ürəyindən keçən fikirləri Sərkisyan hakimiyyətinə məhz onların dililə diqtə edir: “Hərbi xidmətdən möhlət hüququnun ləğvi, hərbi qulluqçuların statusu və s. və i. bütün bunlar sadəcə bir bəhanədir. Biz sizin Qarabağla bağlı mövqeyinizi bölüşmür, daxili və xarici siyasətinizi dəstəkləmir, öz övladlarımızı ümumiyyətlə orduya göndərmək istəmirik! Çünki onlar sizin yalançı oyunlarınızın yeganə həqiqi qurbanlarıdır!”

Göründüyü kimi, bu gün Ermənistanda starteji mövzuların kəskin müzakirəsi vəziyyətin ciddiliyini xatırlatmaq üçün ən əlverişli vasitəyə çevrilib. Münbit şərait illərlə kölgədə qalmış iddiaları indi asta-asta öz həqiqi mövqeyinə qaytarır. Bu kimi iddiaların sayı artdıqca, xüsusilə ordu müstəvisində vətənpərvərlərin sırası seyrəlir.

Nəticədə ölkəni forposta çevirən Sərkisyan hakimiyyəti günün yeni baş qəhrəmanları tərəfindən küncə sıxışdırılır. Dünən hakimiyyət strukturlarını hərbi formada ələ keçirənlər bu gün ordu prizmasından ideoloji yaylım atəşinə tutulur. Silahlı Qüvvələrin komplektləşdirilməsi məsələsi isə yalnız Müdafiə Nazirliyinin həll edə biləcəyi problemlər siyahısından çıxır və ölkənin bütün güc strukturları arasında proposional qaydada parçalanır. Bu isə öz növbəsində Sərkisyan və onun komandasının meydanda tək qalması anlamına gəlir. Çünki heç kim bu komanda ilə döyüşə getmək istəmir...

İbrahim Rüstəmli

VOİCEPRESS.AZ


Ранее » Tələbələr Vigen Sərkisyanın təbliğat piarında iştirakdan imt...« Далее Söyün Sadıqov: "Putin üçün bu seçkilərdə qələbə qazanmaq ...