Bu sual əslində rəsmi Moskvanı düşündürməlidir... - Təhlil

Təhlil / Manşet

4 302

Bu sual əslində rəsmi Moskvanı düşündürməlidir... - Təhlil
Bu gün bütün gündəmi Rusiyanın XİN başçısı Sergey Lavrovun qeyri diplomatik cavabı zəbt edib, desək yanılmarıq. Demokratiya və söz azadlığının mövcud olduğu bir ölkədə, kimin necə sual verməsi, fikir söyləməsinə qarşı bəzi xarici qüvvələrə xidmət edən siyasi dairələrin bu cür kəskin reaksiyasının nəyə xidmət etdiyi hər kəsə məlumdur. Çünki dünya birliyi tərəfindən qəbul edilmiş, Rusiya Federasiyasının xarici işlər naziri, təcrübəli diplomat kimi tanınan Sergey Lavrovun qeyri peşəkar cavabı, rəsmi Moskvanın xarici siyasətinin türk demişkən iyi niyyətli olmadığını sübuta yetirmiş oldu. Yəni yüksək ranqlı bir diplomatın ifadə etdiyi hər bir kəlmə, bütün bir dövlətin münasibətini və niyyətini ifadə etmək iqtidarında olsa da, bir jurnalistin sualı sadəcə bir redaksiyanın münasibətini təmsil etmək qədər təsirə malikdir.

Lakin bütün bu qeyri adekvatlığı və qeyri diplomatik yanaşmanı nəzərə alaraq, durumun lazimi səviyyədə dəyərləndirilməlidir. Belə ki, əslində Lavrovun səsləndirdiyi fikirlər, Azərbaycanın yox, Rusiyanın imicinə zərər gətirəcək cavab idi.

Yəni əgər Lavrov dediyi kimi Azərbaycan heç nəyi həll etmək iqtidarında deyilsə, 20 ildən artıq fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunda təmsil olunan həmsədrlər, xüsusən də Rusiyalı həmsədr nə iş görüb?

Bəs bu günə kimi Rusiya Prezidentinin təkidi və tövsiyyələri ilə dəfələrlə tərəflərin danışıqlar masasına oturması siyasi şou idimi? Status-Kvo haqqında məsələyə gəlincə Minsk Qrupu münaqişə tərəflərinin razılığa gəlmədiyini ifadə etdiyi zaman, Lavrov nə üçün bu gün Azərbaycan jurnalistinə verdiyi cavabı səsləndirmirdi? Bunun ardından Ermənistan Prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ məsələsinin həlli nə Azərbaycan, nə Ermənistandan asılı deyil” kimi fikir söyləməsi, əslində Lavrovun qeyri adekvat çıxışına ermənisayağı dəstək deyildimi? Çünki Lavrovun çıxışı Rusiyanın havadarlığı ilə baş tutan danışıqların siyasi şoudan başqa bir şey olmadığını sübut edirdi.

Lavrovun cavabı birbaşa olaraq, mövcud iqtisadi və siyasi böhran vəziyyətində rəsmi Moskvanın ilk növbədə Ermənistanla deyil, danışıqların rəsmi Moskva ilə aparılmasını vurğulamaqla yanaşı Rusiyanın bu istiqamətdə “təkliflər paketini” qəbul edə biləcəyinə dəlalət edirdi. Söz yox ki, Rusiya Cənubi Qafqazda öz mövqeyini möhkəmləndirmək niyyətindədir. Məhz bu üzdən də, vassalı hesab edilən Ermənistanın ərazisini sözün əsil mənasında öz hərbi baza alanına çevirib.

Lakin ABŞ prezidenti Donald Trampın hakimiyyət başına keçməsindən sonra, rəsmi Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənmək prinsipinin daha qüvvətli olması eyni maraqları bölüşən digər siyasi dairələrə heç də xoş təsir bağışlamır. Bu nöqteyi nəzərdən, Lavrovun çıxışı həm də, digər siyasi dairələrə qarşı səsləndirilmiş ultimatumdan başqa bir şey deyildi.

Belə bir durumda, görəsən Sergey Lavrov Cənubi Qafqaz uğrunda pərdəaraxası toqquşan hansı siyasi dairələrin maraqlarına xidmət edir? Bu sual əslində rəsmi Moskvanı düşündürməlidir.

Xatırlayırsınızsa, ötən il Aprel döyüşləri zamanı, Rusiya Prezidenti V. V. Putinin xüsusi narahatçılığını və tərəflərin qarşılıqlı kompromisə getmələri üçün səylərini hər kəs müşahidə etdi. Bunun ardından Sergey Lavrovun bu cür qeyri diplomatik çıxışı yalnız və yalnız rəsmi Moskvanın siyasi ağırlığını şübhə altına qoyur, Putinin nüfuzuna xələl gətirir...




Ülkər Musazadə
VOİCEPRESS.AZ


Ранее » UNEC alimi SABAH qruplarının İqtisad Universitetinə müsbət təsi...« Далее Qarşılıqlı qonşuluq prinsipləri ilə əməkdaşlıq bizi Rusiya ...