Qənirə Paşayeva: "Gözdən əlil gənclər təhsil haqqından azad olunmalıdır"

Siyasət / Manşet

2 226

Qənirə Paşayeva:
VOİCEPRESS-in verdiyi xəbərə görə, Milli Məclisin bugünki iclasında çıxış edən millət vəkili Q. Paşayeva 1-ci qrup əlillərin ödənişli ali təhsildən azad edilməsi, onların təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi təklifi ilə çıxış edib. “Bu adamların sayı azdır. Onlar ali məktəblərə ödənişli əsaslarla daxil olarkən yaxşı olar ki, onların təhsil haqqını dövlət ödəsin.

Çünki onlar üçün çox çətindir bu vəsaiti ödəmək. Bir neçə gün əvvəl bir neçə görmə qabiliyyəti olmayan, ali məktəblərdə oxuyan 1-ci qrup əlil gənclərimizlə görüşdük. Təhsil haqqını ödəməkdə çətinlik çəkirlər və çox ağır vəziyyətdə qalıblar. Onlara kömək üçün bir neçə qurumlara xahiş müraciət etdik. Ona görə də universitetlərdə onların təhsil haqlarından azad edilməsi məsələsinə baxılması çox vacibdir. Bu, sağlamlıq imkanları məhdud insanlarımızın təhsilə stimullaşdırılması istiqamətində çox gözəl bir addım olardı."

Millət vəkili Qənirə Paşayeva həmçinin əlillərin işlə təminatındakı problemlərdən danışıb və qanunvericiliyi yerinə yetirməyərək əlilləri işə götürməyən müəssisə, qurum və şirkətlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsi məsələsini qaldırıb. Millət vəkili Qənirə Paşayeva bildirib ki, əlillərin işlə təminatı və məşğulluğu sahəsində həllini gözləyən ciddi problemlər var: “Məşğulluq haqqında qanuna görə əlillərin işlə təminatı üçün kvota qoyulub. Çox təəssüf ki, bir sıra müəssisə, təşkilat və şirkətlər var ki, qanunun bu müddəasını lazımı şəkildə yerinə yetirmirlər. Ona görə də bu qanununu yerinə yetirməyən müəssisə, təşkilat və şirkətlərə qarşı sərt addımlar atılmalıdır. Qanunvericiliyi bu istiqamətdə pozanlara qarşı cəza mexanizmləri daha sərt olmalıdır. Bizim əsas məqsədimiz o olmalıdır ki, sağlamlıq imkanı məhdud olan şəxsləri, əlilləri daha çox işlə təmin olunsunlar. Bu sahəyə cavabdeh qurumları isə qanunvericiliyin əlillərin işlə təminatı ilə bağlı tələblərin yerinə yetirilməsi istiqamətində nəzarət mexanizmlərini ciddi şəkildə gücləndirməsinə ehtiyac var."

Millət vəkili Q. Paşayeva Milli Məclisdə həmçinin görmə imkanları məhdud gənclərin işlə təminatındakı problemlərdən danışıb və onların qısa zamanda həllinin vacibliyini xüsusi vurğulayıb. Q. Paşayeva bildirib ki, onlar arasında elə gənclər var ki ali məktəblərə tam sağlam gənclərdən daha çox bal toplayaraq daxil olublar, bütün çətinliklərə baxmayaraq universitetlərdə yaxşı oxuyublar, amma buna baxmayaraq özlərinə iş tapa bilmirlər. Ali təhsil almış bu cür gənclərə, onların işlə təminatı məsələsinə xüsusi diqqət olmalıdır.

Onların işlə təmin olunması görmə imkanları məhdud minlərlə uşaq və gəncimizi ali təhsilə meyilləndirmək üçün böyük bir stimul olar. Millət vəkili Q.Paşayeva Millii Məclisdəki çıxışında Təhsil naziri Mikayıl Cabbarova bu istiqamətdə bir neçə gəncin işlə təmin olunması ilə bağlı xahiş müraciəti göndərdiyini də deyib:”Müəllim ixtisası üzrə universitetləri bitirmiş bir neçə görmə imkanı məhdud olan gənc bununla bağlı mənə müraciət etmişdi və həmin gənclərlə görüşüb, geniş söhbət etdik. Onlar arasında universitetlərə tam sağlam gənclərdən də yuxarı ballarla daxil olan və oxuyan istedadlı gənclər var. Onların müəllim kimi işlə təminatı çox vacib məsələdir və ümid edirik ki, Təhsil nazirimiz bu qrup gənc mütəxəssislərin işlə təmini məsələsinə xüsusi diqqət ayıracaq və onlar işlə təmin olunacaq”.



Ü. Musazadə



Ранее » Elmira Axundova: “Son zamanlar insanlarda təbiətə qarşı laqeydl...« Далее Fazil Mustafa: “Dünyanın heç bir yerində banka borcu olan şəxs...