Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib

Siyasət / Dünya / Manşet

270

Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib

Xarici işlər nazirinin müavini Araz Əzimov dekabrın 5-də NATO-nun Şimali Atlantika Şurasının “Qətiyyətli Dəstək” missiyası üzrə hazırkı və potensial əməliyyat tərəfdaşları ilə birgə xarici işlər nazirləri səviyyəsində iclasında iştirak edib.

VOİCEPRESS.AZ xəbər verir ki, iclas zamanı NATO müttəfiqləri və əməliyyat tərəfdaşları Əfqanıstandakı təhlükəsizlik vəziyyəti və sülh prosesindəki inkişafları müzakirə etdilər, Əfqanıstanda uzunmüddətli sülh və sabitliyə sadiq olduqlarını ifadə ediblər.

Nazir müavini Araz Əzimov Əfqanıstan üzrə 13-cü Cenevrə Konfransı ilə yanaşı, hazırkı iclasın Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına dəstəyin ifadə edilməsi baxımından növbəti imkan olduğunu bildirib. O, Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasına və Əfqanıstanın inkişafına yönələn töhfələrinin davam etdiriləcəyini vurğulayıb.

Nazir müavini Araz Əzimov Əfqanıstanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına Azərbaycanın dəstəyini bir daha ifadə edib.

Xarici işlər nazirinin müavini NATO Mənzil Qərargahına səfəri çərçivəsində, həmçinin NATO Baş katibinin müavini Rouz Qotemöller ilə görüş keçirib.

Görüşdə Azərbaycan və NATO arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycan və NATO arasında Sülh naminə Tərəfdaşlıq Proqramı çərçivəsində ötən 25 il ərzindəki uğurlu əməkdaşlıqdan bəhs edilib və əldə olunan nailiyyətlərin əhəmiyyəti qeyd olunub.

Nazir müavini Araz Əzimov Azərbaycanın Alyans ilə müntəzəm siyasi dialoqu və praktiki əməkdaşlığı davam etdirmək əzmində olduğunu diqqətə çatdırıb.

NATO Baş katibinin müavini Azərbaycanın NATO-nun rəhbərliyi altında aparılan “Qətiyyətli Dəstək” missiyasına əhəmiyyətli hərbi qüvvə, tranzit, təlim və maliyyə töhfələrini yüksək qiymətləndirib. O, Əfqanıstanda sülh və sabitliyin təmininə yönələn səylərinə görə Azərbaycan Hökumətinə minnətdarlığını ifadə edib.

Tərəflər həmçinin regional təhlükəsizlik məsələləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparıb.


Araz Əzimov NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib






VOİCEPRESS.AZ


Ранее » Elmar Məmmədyarov İtaliyanın Lombardiya regionunun prezidenti ilə...« Далее Azərbaycan səfiri İsveçrədə prezident seçkilərini izlədi