Millət vəkili: "Vaxtınızı mənasız işlərə sərf etməyin"

Siyasət

378

Millət vəkili:
Millət vəkili Qənirə Paşayeva Masallıda Kitab Günündə çıxış edərək gənclərə çağırış edib.

VOİCEPRESS.AZ xəbər verir ki, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılğı, Masallı Rayon İcra Hakimiyyəti və Təhsil Şöbəsinin dəstəyi ilə Masallının Bədalan kəndində uşaqlar, gənclər üçün “İnkişafın yolu kitabdan keçir” adlı tədbir - “Kitab Günü” keçirilib.

Təşkilatın rəhbəri Arzu Bağırova tədbirdə məktəblilərin hər birinə Azərbaycan tarixi, ədəbiyyatına dair, Qarabağla, dünya ədəbiyyatı ilə bağlı kitablar hədiyyə edib və onları daha çox öyrənməyə çağırıb:

“Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. İnkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir. Özəlliklə qızlarımızın təhsilinə xüsusi diqqət göstərməliyik. Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı anadan keçir”.

Tədbirdə çıxış edən millət vəkili Qənirə Paşayeva da bu cür layihələrin böyük əhəmiyyətini xüsusi vurğulayıb:

“Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar. Cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual, vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşünün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir”.

Millət vəkili uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamandan daha faydalı istifadə etməyə səsləyib:

“Uşaqlar xarici dillərlə də xüsusi maraqlanmalıdır. Yaxşı olardı ki, zamanlarını mənasız işlərə və ya verilişlərə, teleseriallara, şou proqramlarına ayırmasınlar”.

Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon təhsil şöbəsinin rəhbəri, Bədəlan kənd orta məktəbi direktoru, müəllim və kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunaraq kitabla bağlı belə görüşlərə böyük ehtiyac olduğunu, uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırovaya və millət vəkili Qənirə Paşayevaya təşəkkürünü bildiriblər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, onlara müəllifi olduğu “Səni Allaha eşq götürür” kitabını imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən, onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.


VOİCEPRESS.AZ

Ранее » İtaliya prezidenti Bakıya gəlir« Далее İtaliya prezidenti Azərbaycana gələcək