Naxçıvana açılan atəşin cavabı: Bütün cəbhə boyu...

Siyasət / Manşet

1 485

Naxçıvana açılan atəşin cavabı: Bütün cəbhə boyu...
20 mayda Naxçıvanla təmas xəttində açılan erməni atəşi Ermənistan-Azərbaycan arasında davam edən tarixi müharibənin lokal bir ərazi vahidinə - Dağlıq Qarabağ bölgəsinə aid olmadığını bir daha nümayiş etdirdi. 1000 km-dən artıq sərhəddin hamısını təhlükə zolağı kimi qəbul etmək olar, lakin yaxın keçmişin acı təcrübəsi sübut edir ki, hərbi əməliyyatlar zamanı düşmən tərəfi çox ustalıqla bizi güclü olduğu meydanlara çəkərək həm insani, həm də hərbi resurslarını maksimal effektivliklə istifadə edə bildi.

Hər halda, 90-cı illərdə Gədəbəy, Qazax, Tovuz istiqamətlərində gedən döyüşlər öz miqyasına və qarşıya qoyulan məqsədlərin tutumuna görə heç bir taktiki-strateji üstünlük yarada bilmədi. Halbuki Sovetlər Birliyinin dağıldığı ilk illərdə hər hansı beynəlxalq qüvvə və ya hüquqi aktlar toplusu Milli Ordumuzun Göyçə gölündə, yaxud Ağrı dağının ətəyində savaş aparmasına mane olası deyildi.

SSRİ-nin axırına çıxan Qərb dövlətləri yeni müstəqilliyini qazanan dövlətləri tanısa da, bizim məkanımız üçün hələ regional və beynəlxalq təhlükəsizlik sistemi formalaşmamışdı. Əgər Silahlı Qüvvələrimizin gücü çatsaydı, Şuşa və Xankəndi ətrafına can atınca, daha ağıllı hərbi siyasət yürüdüb özünün resurslarını bütün cəbhə boyu səpələyər və rəqibin “zəif bəndləri”ni tez bir şəkildə aşkarlayıb onun Baş Qərargahına zərbə vurardı. Heç kəsə sirr deyildi ki, Sərkisyan-Köçəryan-Ohanyan və Babayan kimi simalar nə qədər cəllad hərbi fiqurlar olsalar da, Kəlbəcərdən Ağdama qədər geniş bir radiusda silahlı əməliyyatları aparmağa nə texnika, nə səriştə, nə də iradələri çatardı. Doğrudur, rus generalları Xankəndində əyləşib onların əzbər bildikləri coğrafiya üçün istənilən planı hazırladılar, lakin demokratik hərəkatın ilk dalğasındaca hakimiyyətə gələn şərqşünas alim Levon Ter Petrosyanın dayaqları sarsılsaydı, avtomatik olaraq onun əks-sədası Şuşaya hücuma hazırlaşan dağınıq hərbi dəstələrin durumunda hiss olunacaqdı. Başqa cür də ola bilməzdi. Tarixdə hələ heç vaxt paytaxt məğlub olanda periferiyanın gücü ilə iflasın qabağını almaq mümkün olmur.

Yalnız Naxçıvanda, kiçik bir sovet əyalətində Kremlin zirvəsindən xəyanətlə endirilən patriarx Heydər Əliyevin məhdud daxili resursları səfərbər etməsi hesabına, eləcə də Muxtar Resbublikanın statusunu mühüm bir səviyyəyə qaldırması ilə, İttifaq miqyasındakı əlaqələri və Türkiyə-İran dövlətləri ilə birbaşa təmasları erməni hücumlarının qarşısını almaqda misilsiz rol oynadı. Rəsmi Bakının didişmələr içərisində olan siyasi rəhbərləri bundan qətiyyən şad deyildilər, hətta əksinə, istəyirdilər ki, ən ağır çəkili rəqiblərindən yaxa qurtarmaq üçün istənilən təxribata və separatizmə getsinlər ki, Əliyev məhz hərbi meydanda uduzsun və onun bir daha siyasi olimpə iddiası olmasın. Həqiqətdə muxtar ərazi vahidinin səngərində ağır məğlubiyyət Azərbaycanın bütövlükdə varlığını sarsıdar və dövlətçiliyinə son qoyardı, eləcə də hər bir elita təmsilçisinin tərcümeyi-halını birdəfəlik ləkələyər və onu tarixin arxivinə yola salardı. Bir də ki, Bakıda yadelli işğalçılar hökmranlıq edəndə sən hansı taxt-taca və millətə başçılıq edə bilərdin ki?

Lakin böyük Əliyevi Qorbaçovun zərbələri yox edə bilmədisə, məhəlli siyasətçilərin, özü də bir çoxu Naxçıvan əsilli baron-mülhauzenlərin hücumları saray intriqalarından, hakimiyyət qovğalarından hər zaman qalib çıxan nəhəng sistem adamının möhkəmlik sınağına heç bir təsir göstərə bilməzdi. Gerçəkəkdən də tarixin ironiyasına baxın ki, hələ heç bir dayanıqlı sistem formalaşdıra bilməyən “frontovik”lərin nəinki siyasi, eləcə də hərbi meydanda uduzması qaçılmaz idi və az qala Yevlaxa hücum təhlükəsi qarşısında ölkənin qərbi ilə şərqinin bir-birindən ayrılması perspektivini bir kənara qoyub, 200 ildir Türkiyə və Azərbaycan arasında qalaya çevrilən istehkamı, onu qoruyan sərkərdəni zərərsizləşdirmək əməliyyatına girişmələri acı təəssüf doğururdu. O zamanın fədakar bir ziyalısı, Naxçıvanın rəhbərlərindən biri və Əliyevin yaxın silahdaşı olan adamın mənə şəxsi söhbətlərində o zamanın xaosundan necə çıxıldığına heyrətini indi də gizlədə bilmir, yaşının müdrik çağında o vaxtkı ustadının dərslərini bir gün də unutmadığını dönə-dönə söyləyirdi. Gerçəkdən də zərrə özündə ümumini əks etdirdiyi kimi, tariximizin Naxçıvan epopeyası da hər zaman dövlətləşmə, millətləşmə və hərb səlnaməsinin bir hissəsi olaraq qalacaqdır.Çünki böyük və əbədiyaşar mirasdır.

O diyarın qorunması 100 il əvvəl türk əsgərinə borcluydusa, Qars müqaviləsi ilə təhlükəsizlik çətiri qazanmışdısa, üstündən 70 il keçəndən sonra Azərbaycan Atatürkünün hesabına ayaqda qala bildi. Doğma vətəninin qorumaq nümunəsi belə olar. Xatırlayın, Heydər Əliyevin qarşısında dayanıb şəkil çəkdirdiyi o kasıb koma mühasirəni yarmaq sənətinin parlaq nümunəsidir və Stalinqradın 1942-ci ildəki hünərinə, müharibədəki dönüş hadisəsi olmasına onminlərlə roman-povest həsr edənlər qoy azərbaycanlı sərkərdənin kiçik resurslarla göstərdiyi qəhrəmanlığa da layiq olan bircə bədii əsər yaratsınlar. Heydər Əliyev “kiçik torpaq” anlayışını dəyişdirərək, bir ada respublikanın toxunulmazlığının simvoluna çevrildi. Başqa heç bir siyasət və hərbi səhra komandirinin qarlı-şaxtalı və təlatümlü bir siyasi zamanda öz ocağını belə, vuruşaraq əldə saxlaması nümunəsini görən olmayıb.

İndi isə 20 mayda Azərbaycan əsgəri Adil Tatarovun qətlə yetirilməsi ilə cəbhə xəttində İrəvan inqilabından aldığı eyforik gücü nümayiş etdirməyə çalışan Paşinyan hökumətinə cəmi 3 gün sonra adekvat, hərbi dillə desək, simmetrik cavab verildi. Ölkəmizin informasiya fəzasına demokratiya qaranquşu kimi təqdim edilən birisinin mübarizə apardığı ideyaları guya Şuşaya daşıdığını göstərməsi və ilk səfərini Qarabağa etməsi təmas xəttində gərginliyin artacağından xəbər verirdi. Özü də Gümrü hərbi bazası tərəfindən neytrallığa nail olan yeni erməni hakimiyyəti meydanlarda xalqdan aldığı mandatı mütləq hərbi-vətənpərvərlik müstəvisinə və səngərə keçirməyə cəhd edəcəkdi. Ayrı cür olsaydı, ordu içərisində özünə rəğbət qazana bilməzdi. Lakin zərbənin Naxçıvandan vurulması və özü də bunun məhz Prezident İlham Əliyevin bölgəyə səfəri zamanı verdiyi ultimativ bəyanatlara cavab reaksiyası kimi qələmə alınmasını istəməsi fonunda provokasiyanın həqiqi məqsədlərini anlamaq çətin deyildi.

Bununla yanaşı, iki klan arasında davam edən müharibənin cəbhə xəttinə doğru inkişaf etməyəcəyini düşünmək də sədalövhlük olardı. Prezident İlham Əliyevin bəyənatından sonra erməni hərbi ekspertləri dərhal Naxçıvanda hansı növ raketlərin olmasına diqqət çəkməyə başladılar. Təhlillərdə əsasən, “Smerç”, İqla-S zenit raket kompleksləri və TOS-1A kimi alovsaçan sistemlərinin adı keçir və müxtəlif ranqlı dövlət adamları həmin silahlar vasitəsilə Ermənistanın strateji hədəflərinin vurula biləcəyi bəyan edilirdilər. Üstəlik, Əlahiddə Ümumqoşun Ordu statusuna daxil hərbi-texniki və texnolji parametrlər yenidən gündəmə qayıtdı. Azərbaycanlı əsgərin öldürülməsinə qarşı Naxçıvandan verilən reaksiyadan görünürdü ki, kontur zərbə assimetrik ola bilər. Yəni, cəmi 3 gün sonra guya naməlum şəraitdə erməni əsgəri 20 yaşlı Martin Xaçatryanın meyiti tapılır. Əlbəttə, döyüş bölgəsi şəraitdə bütün müşahidə qurğularının nəzarəti altında qaranlıq heç nə qala bilməz. Sadəcə, erməni inqilabi liderləri cəmiyyədəki qalxınmanı belə xəbərlə boğmaq istəmədilər və ona görə də hadisə yerinə iki yüksəkçinli nazir - Tonoyan və Mnatsakanyanı göndərdilər. Fövqəladə vəziyyət rayonuna gələn xarici işlər və müdafiə nazirlərinin rəhbərlərinə hansı raportun verdiyi bəlli deyil, lakin erməni ordusunun mətbuat katibi məlumat yaydı ki, sən demə, azərbaycanlılar yeni istehkam qazaraq mühəndislərin əliylə irəliləməyə və mövqelərini möhkəmlətməyə cəhd edirlər. Doğrudur, insindentin Rusiyanın təxribatı olduğunu iddia edən media mənsubları da tapıldı və sən demə, Kreml TANAP-ın qarşısına yeni hərbi eskalasiya ilə çıxır. Lakin görünür, Paşinyanın hələ kövrək olan komandası belə uydurmaların rus kəşfiyyatı tərəfindən tez bir anda ifşa ediləcəyini görüb onu çeynəməkdən vaz keçdilər.

Lakin Naxçıvan strateji mənada Türkiyə və Azərbaycanın forpostu olduğundan ermənilər yaxşı dərk edir ki, 1-ci Qarabağ savaşından fərqli olaraq, Azərbaycan indi bütün sərhəd boyu müharibə modelini seçə bilər. Sözsüz ki, Rusiyanın əsəblərinin tab gətirməcəyi həddə Putinin daşları Qafqazda yeni erməni hökumətinin başına enəcək. Əsas zərbənin kimin əliylə vurulacağı o qədər də önəmli deyil. Lakin Moskvadan son hadisələrə soyuqqanlı baxış tamam başqa bir versiyanı ortaya qoyur. O da orduda Sərkisyanın dayaqlarının yeni iqtidarı sabotaj etməsidir. Diqqətli təhlilçilər yaxşı başa düşür ki, keçmiş rejimin siyasi səhnənin qan tökmədən getməsinin gizli səbəbləri var. Hərbi sistem keçmişdə qurulub və indi Paşinyan “Qarabağ döyüşlərinin növbəti əfsanəsi”ni, aprel döyüşlərində sinəsi ilə sipər olmağa çalışan Qərargah rəisi Movses Akopyanı dəyişməyə qərar verir. Barıt qoxulu komandirlərin yerinə kimlər gələcək və onların səngərdə davranışı necə olacaq, bunu yaxın zamanlarda görəcəyik. İki böyük klan arasında davam edən çəkişmə hərbi qüvvələrin monolitliyinə necə təsir göstərəcək və ön cəbhədən silahını geriyə çevirəcək əsgərlərin qabağına kimlər çıxacaq?

Gerçəkdən də Naxçıvana doğru atılan güllələr Sərkisyanın ordudakı əlalatılarının İrəvana qarşı ssenarisidirsə, onda gözlənilən seçki kampaniyası mütləq silah sədalarının altında keçəcək.

Azərbaycan seçki burulğanında çəkişən tərəflərinin arasında didişmələrin dərinləşməsi üçün müxtəlif ssenarilər həyata keçirə bilər. Hər halda Yaxın Şərqin dərin bilicisi və özündən sonrakı rəhbərləri güzəştə səsləyən Levon Ter Petrosyanın son açıqlaması göstərir ki, 90-cı illər Azərbycanına bənzəyən bir ölkəni hakimiyyət böhranında boğmaq o qədər də çətin deyil.

İki dövlət qurmaq istəyirdilər, hər birindən məhrum oldular!


VOİCEPRESS.AZ


Ранее » İlham Əliyev: "Ordu bir daha öz gücünü göstərdi"« Далее Əli Əhmədov: "Əhalinin artması hər il 100 mindən artıq iş ye...
Flag Counter