Məmmədyarov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər

Siyasət / Manşet

4 058

Məmmədyarov və Zərif Qarabağdakı vəziyyəti müzakirə etdilər
Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.

İran-Azərbaycan-Türkiyə xarici işlər nazirlərinin İranın Rəmsar şəhərində keçirilən üçtərəfli görüşü çərçivəsində İran və Azərbaycan XİN rəhbərləri arasında ikitərəfli görüş olub.

XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycanla İran arasında ikitərəfli əlaqələrin hazırkı vəziyyətindən və inkişafından məmnunluq ifadə olunub və Azərbaycan prezidenti İlham Əliyevin 23 fevral tarixində İrana etdiyi səfərin ikitərəfli əməkdaşlığın inkişafında mühüm addım olduğu bildirilib.

İkitərəfli əsasda münasibətlərin bütün sahələrdə inkişaf etdiyi qeyd olunub, hər iki ölkə arasında əməkdaşlığın vacib komponenti olan nəqliyyat dəhlizlərinin, o cümlədən Şimal-Cənub dəmir yolu xəttinin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb.

İkitərəfli və çoxtərəfli formatda Azərbaycan və İran əlaqələrinin regional əməkdaşlığa mühüm töhfələr verdiyi qeyd olunub. Bu xüsusda 7 aprel 2016-cı il tarixində Bakıda Azərbaycan-Rusiya-İran üçtərəfli formatında xarici işlər nazirləri səviyyəsində görüşün keçiriləcəyi xatırladılıb.

Cəbhədə yaranan son vəziyyətlə əlaqədar ətraflı məlumat verən E. Məmmədyarov bildirib ki, Ermənistan Silahlı Qüvvələri 2 aprel 2016-cı il tarixində cəbhəyanı ərazilərdə sıx məskunlaşan mülki əhalini hədəfə alaraq Azərbaycan qoşunlarının təmas xətti boyunca mövqelərini ağır silahlardan intensiv atəşə tutub.

Nazir əlavə edib ki, həmin gün saat 15:00-dan etibarən atəşkəsin başlanması barədə razılıq olsa da, Ermənistan tərəfi buna riayət etməyib, eyni zamanda 3 aprel tarixində Azərbaycan tərəfi xoş niyyət və sülhpərvər məramlardan çıxış edərək əks-həmlə və cavab tədbirlərini birtərəfli qaydada dayandırması barədə qərar versə də, Ermənistan artilleriya və digər ağır silahlarla Azərbaycan ordusunun mövqelərini intensiv olaraq atəşə tutmaqda davam edib.

Nazir qeyd edib ki, Ermənistan beynəlxalq ictimaiyyəti aldadır, bütün vasitələrlə, o cümlədən gərginliyin yaradılması və saxlanılması ilə münaqişənin həllinin əsasını təşkil edən məsələlərdən diqqəti yayındırmağa və status-kvonu saxlamağa çalışır. Onun fikrincə, beynəlxalq ictimaiyyət Ermənistana ciddi təzyiq göstərməli və Ermənistanın təxribatları dayandırmasına və Azərbaycan ərazilərindən qoşunlarını çıxarmasına nail olunmalıdır. Azərbaycan atəşkəsin təmin edilməsi və münaqişənin həlli istiqamətində ciddi siyasi prosesin başlamasının tərəfdarıdır.

15:36

İranın XİN rəhbəri Məhəmməd Cavad Zərif çərşənbə axşamı azərbaycanlı həmkarı Elmar Məmmədyarov ilə görüş zamanı Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib.

VoicePress.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

İran Ramsarında 5-6 aprel tarixlərində Azərbaycan, İran və Türkiyə XİN rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək.

Zərif daha öncə danışıqların üç ölkənin iqtisadiyyat, ticarət və terrorla mübarizə sahələrində əməkdaşlıq məsələlərinə həsr ediləcəyini vurğulamışdı.

Eyni zamanda, İran XİN rəhbəri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ilə Qarabağ münaqişəsinin müzakirəsi üçün də görüşmək niyyətində olduğunu bəyan etmişdi.




VoicePress.az



Ранее » İlham Əliyev: "Döyüş əməliyyatlarını dayandırırıq, amma b...« Далее Bu da şad xəbər!!! Ağdərə, Cəbrayil, Füzuli işğaldan azad ed...