Azərbaycan Prezidenti: "Bakıda 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur"

Siyasət / İqtisadiyyat / Manşet

342

Azərbaycan Prezidenti:
Bakıda 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur.
VOİCEPRESS.AZ
bildirir ki, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş nitqində deyib.

İlham Əliyev bu gün Azərbaycanda tikinti sektorunda böyük canlanmanın olduğunu deyib:

"Mənzil İnşaatı Dövlət Agentliyinin xətti ilə sosial evlərin tikintisində irəliləyiş var. Ümumiyyətlə, indi özəl sektora, tikinti sektoruna böyük vəsait qoyulur. Təkcə Bakı şəhərində təqribən 150-yə yaxın hündürmərtəbəli binanın tikintisi nəzərdə tutulur. Onların bir çoxunun tikintisi başlamışdır. Bu, əlbəttə ki, tikinti sektoruna, tikinti materialları sektoruna müsbət təsir göstərir və yeni iş yerləri yaradır. Qeyd etməliyəm ki, biz bu il dövlət sektorunda da əlavə iş yerləri yaratmaq fikrindəyik".

Dövlət başçısı bildirib ki, həm dövlət qurumlarında, həm rayon icra hakimiyyətləri nəzdində yaradılan yeni qurumlar insanları işə cəlb edir:

"İctimai işlərə və dövlət şirkətlərində çalışmaq üçün cəlb edilənlərin sayını biz nəzərə alsaq, bu il ancaq dövlət sektorunda təqribən 50 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur. Bu addımı biz iki il bundan əvvəl atmağa başlamışıq, o dövrdə ki, dünya iqtisadi böhranı bizə müəyyən dərəcədə mənfi təsir göstərmişdir. Bəzi iş yerləri ixtisara düşürdü, bəzi özəl qurumlar işçiləri işdən azad edirdilər. Ona görə dövlət dərhal öz addımını atdı və biz on minlərlə ictimai iş yeri yaratmışıq və bu gün bu proses davam edir. Xüsusilə bölgələrdə olarkən mən daim ictimai işlərlə maraqlanıram. Bu, bölgələrdə işsizliyi aşağı səviyyədə saxlamaq üçün çox önəmli addımdır. Hər bir rayonda yüzlərlə insan ictimai işlərə cəlb olunur. Nəzərə alsaq ki, indi Azərbaycanda o qədər böyük quruculuq, təmir işləri aparılır - binaların təmiri, parkların salınması, o parklara xidmət məsələləri. Əsas məqsədimiz işsizliyi daim aşağı səviyyədə saxlamaqdır. Yəni, sosial məsələlərin həlli bilavasitə iqtisadi imkanlarımıza bağlıdır. Biz iqtisadi cəhətdən nə qədər güclü olsaq, sosial məsələlər də o qədər uğurla öz həllini tapacaqdır".

VOİCEPRESS.AZ


Ранее » İran Naxçıvana tibbi xidmətlər ixrac etməyə hazırdır« Далее Deputat dollar kreditlərinin bağlanmasını təklif etdi
Flag Counter