Fransalı fotoqrafın etirafı: “Xocalı qətliamının qurbanlarının mülki insanlar olması insanı çox sarsıdırdı”

Siyasət / Tet-a-tet / Manşet

5 553

Fransalı  fotoqrafın etirafı: “Xocalı qətliamının qurbanlarının  mülki insanlar olması insanı çox sarsıdırdı”
Reza Deqati : “Ermənilər Qarabağ müharibəsində Rusiyanın dəstəyi ilə ağır hərbi texnikadan istifadə edirdilər...”

O, dünyanın ən müxtəlif qaynar nöqtələrində baş verənləri fotoların yaddaşına köçürüb. “National Geographic”, “Time Photo”, “GEO” kimi nüfuzlu nəşrlərdə fotoları dərc edilib, “World Press Photo” (1983, 1986), Fransanın “Xidmətlərinə görə” ordeni, UNİCEF-in “Ümid” mükafatı və bu kimi saysız-hesabsız mükafatlara layiq görülüb. Azərbaycanda isə onu daha çox Qarabağ müharibəsini, daha doğrusu, Xocalı soyqırımını əks etdirən fotolarına görə tanıyırlar. Elə o dövrdən də, Azərbaycan Reza Deqatinin yaradıcılığında və həyatında mühüm yerlərdən birini tutur. Hətta Parisdə Heydər Əliyev Fondunun təşkilatçılığı ilə 2014-cü ildə fotoqrafın sərgisi, “Günahsızların qırğını” və “Odun cazibəsi” kitablarının təqdimatı da keçirilib. VOİCEPRESS eksklüziv olaraq Əfsanə Bayramqızının təqdimatında dünyaşöhrətli fransalı fotoqraf Reza Deqati ilə müsahibəni təqdim edir:

- Reza bəy, sizin yaradıcılığınız müxtəlif səpkili mövzuları əhatə edir. Maraqlıdır, fotolarınızın dili ilə dünyaya hansı mesajı çatdırmağa müvəffəq olursuz?


-Mənim foto sahəsindəki fəaliyyətimin əsası müxtəlif insanlarda (özünü başqa insanın yerində hiss etmək bacarığı) empatiya yaratmaq, onların həyatı, dünyanın dərk edilməsinə səbəb olmaq və bir-birlərinə mehriban, dost olmağa çağırmaqdır. İnsanları özlərini sevməyə, mədəniyyətlərini və eləcə də insanlığı sevməyə təşviq etmək. Fotolarımda bu cəhətləri qabartmağa çalışıram.

-Sizcə, münaqişəni işıqlandıran fotojurnalist üçün nə kimi meyarlar və prinsiplər mövcuddur?

-İlk növbədə, istənilən fotoqrafda ehtirasın olması vacib şərtdir. O, həqiqətən də gördüyü işi sevməlidir, təhlükədən xəbərdar olmalı, eyni zamanda qeyri-zəruri risklər götürməməlidir. Burada cəsurluq da, mühümdür. Lakin cəsurluq foto sənətinin deyil, həyatın bir parçasıdır.

- Azərbaycan ictimaiyyəti sizin daha çox Xocalı soyqırımı və Şuşada çəkdiyiniz fotolarınız sayəsində tanıyır. Qarabağ müharibəsi dövrünü necə xatırlayırsız? Maraqlıdır üzərindən illər keçsə belə o fotorlara baxanda hansı hissləri keçirirsiz?

- Xocalı qırğını baş verəndən sonra Qarabağda bir neçə həftə oldum. Azərbaycan tərəfində təlim keçməmiş əsgərlər və hərbçiləri xatırlayıram. Azərbaycanlıların yetəri qədər hərbi təchizatı və silahı yox idi. Ermənilər Qarabağ müharibəsində Rusiyanın dəstəyi ilə ağır hərbi texnikadan istifadə edirdilər. Dinc əhalini xatırlayıram. Xatırlayıram ki, Qarabağ müharibəsi zamanı dinc insanlar həqiqətən də Qarabağda və Xocalıda baş verən qırğından çox əziyyət çəkirdilər. Həmin insanlar nə hərbiçi, nə də polis idilər. Onlar sadəcə siravi və mülki insanlar idi. Xocalı qətliamının qurbanlarının mülki insanlar olması insanı çox sarsıdırdı. Ən diqqət çəkən məqam isə Azərbaycan hərbçilərinin yetəri qədər hərbi materialları olmasa da, döyüşməkdən çəkinməmələri idi. Azərbaycan hərbçiləri çox cəsurca döyüşürdü...

- Xocalı qətliamı ilə bağlı hadisələri ürəkağrısı ilə izləmək məcburiyyətində qaldığınız Qarabağ müharibəsində nələri gördünüz? Məsələn Litvalı fotoqraf Riçard Lopatis də, həmin müharibədə iştirak edən bir fotoqraf idi. O müharibə ilə bağlı öz xatirələrini danışarkən, ermənilər tərəfindən yandırılan azərbaycanlı meyidlərin içində bir canlı qız uşağının naləsinin bu gün də qulağında cingildədiyini göz yaşları ilə xatırlayır. Maraqlıdır, siz bu kimi təsirli məqamların şahidi olmusuzmu?


- 1992-ci ildə Xocalıdan qaçıb gələ bilmiş ailələr Ağdamın mərkəzində toplaşmışdılar. Öz ailələrindən, yaxınlarından hansısa xəbər, soraq gözləyirdilər. Mütəmadi olaraq, Qırmızı Xaç Komitəsinin nümayəndələri 26 fevral tarixində ermənilər tərəfindən qətlə yetirilmiş dinc azərbaycanlıların cəsədlərini gətirirdi. Onlar arasında qadın, uşaq və qoca da var idi. O anları mən dəhşətlə xatırlayıram. Çünki həqiqətən də, çətin anlar idi. İnsanların hər gələn cəsədin başına toplanıb, göz yaşı ilə öz ailə üzvlərini axtardığını görürdüm. Çox təsirli və dəhşət saçan bir mənzərə idi.

-Bəs müharibə şəraitində obyektiv mövqeni qorumaq adına hər hansısa çətinliklərlə üzləşdinizmi heç? Digər tərəfdən Qarabağ müharibəsi illərində xaricə materiallar göndərmək də çox çətin idi...

- Əsas işim jurnal fotoqraflığı idi. Həmin dövrdə jurnal fotoqrafı kimi, hər gün Qarabağ müharibəsi ilə bağlı fotolar göndərməli idim. Mənə həvalə olan işin əsas prinsipi kimi işimi tez bitirməli, Parisə dönməklə bərabər şəkilləri seçib agentliyə göndərməli, bütün Fransa mediasında yayımlamalı idim. Əlbəttə, müharibə şəraitində çalışmaq çox çətindir. Əsas çətinliyimiz nəqliyyat tapmaq, Qarabağda baş verən hadisələrdən yetəri qədər çox məlumat toplamaqla bağlı idi. Eyni zamanda müharibə şəraiti təhlükəli və təhlükəsiz yerləri daha öncədən fərqinə varmağı da gərəkdirirdi. Bəli, ən böyük problem isə çəkdiyim kadrları göndərmək idi. Bu tək mənim problemim deyildi. Qarabağ müharibəsi zamanı orada olan bütün xarici fotoqrafların üzləşdiyi bir durum idi. Çətinliklə olsa belə çəkdiyim kadrları göndərməyə müvəffəq olurdum.
Həmişə Qarabağda şahidi olduğum hadisələr barədə konfranslarımda, sərgilərimdə danışmış, kitabımlarımda yazmışam. Heç bir halda gördüklərimi və şahidi olduqlarımı deməkdən çəkinməmişəm...İndi Azərbaycan höküməti Xocalı ilə bağlı daha çox danışmağa başlayıb. Məlum məsələdir ki, daha öncə müəyyən imkanlar, xarici əlaqələr və digər siyasi proseslər buna imkan vermirdi... Azərbaycanlıların Xocalı qətliamı və bütün qeyd etdiyim tendensialar dünyada görünür. Hər kəs bunun fəqindədir. İnanıram ki, biz ədalətə nail olana qədər bu yöndə fəaliyyəti davam etdirməliyik. Vacib məsələlərdən biri odur ki, mən bir insan və fotoqraf kimi bu faciənin şahidi olmuşam və onu dünyaya yaymaq missiyasına bu gün də, xidmət edirəm.

-Siz Şuşada olarkən iki məktəblinin də şəklini çəkmisiniz. Uzun axtarışlardan sonra onlardan biri, Bəhrəm Xəlilovla görüşə bildim.Bəhrəmin o zaman 10 yaşı vardı. Bəhrəm deyir ki, o vaxt çəkdiyiniz şəkil onun uşaqlığından yeganə fotodur...


-Mən o oğlanları yaxşı xatırlayıram. Onlarla bir az söhbət də etdim. Nə danışdığımız yadımda deyil, amma çox şadam ki, onu tapmısınız. Bakıya səfər edəndə o oğlanlarla görüşmək, danışmaq istərəm.

-Əcnəbi tamaşaçıların sizin Qarabağla bağlı əsərləriniz haqda təəssüratları necədir? Sizdən münaqişə ilə bağlı daha çox nələri soruşurlar?

- Həqiqət odur ki, bu məsələ ilə bağlı dünya çox az məlumatlıdır. Mən sərgilərimdə, konfranslarda Qarabağ münaqişəsi haqda danışanda, gəlib deyirlər ki, bu barədə biz bilmirdik. Çünki Avropa və Amerikaya informasiya ermənilər vasitəsi ilə yayımlanır. Ona görə də, bu gün hər kəsin bu faciə ilə bağlı məlumatı yaymasına ehtiyac var. Müxtəlif ölkələrdə “Xocalıya Ədalət!” kampaniyası çərçivəsində keçirilmiş bir sıra layihələrin şahidi olmuşam. İnanıram ki, bu cür məlumatlandırma kampaniyası Xocalı həqiqətlərini dünyaya çatdırmaq adına daha doğru yoldur.

- Azərbaycanla bağlı hansı layihə və planlarınız var?

-Daha çox fəaliyyətimlə bağlı Avropa ölkələrində, ABŞ-da konfranslar təşkil edirəm. İstərdim ki, Qarabağla, Xocalı ilə bağlı əsərlərimdən ibarət kitab nəşr etdirim və bunları bir çox dillərdə dünyaya nümayiş etmək imkanına malik olum. Dünyanın müxtəlif yerlərində “master klasslar” da təşkil edirəm. Məsələn, qaçqın düşərgələrində suriyalı uşaqlarla dərslərim olub. Dünyanın müxtəlif ölkələrində tələbələrim var. İstərdim ki, Azərbaycanda daha çox hərtərəfli bir fotoqrafiya, Vizual ART məktəb fəaliyyətə başlasın. Çünki inanıram ki, Azərbaycanda istedadlı şəxslər çoxdur. Onların yaxşı müəllimə ehtiyacları var…

-Qarabağ münaqişəsinin canlı şahidlərindən biri kimi Azərbaycana nə arzu edərdiz?

-Hər şeydən əvvəl istərdim ki, Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapsın. Azərbaycan torpaqları işğaldan azad edilsin. Bir milyon məcburi köçkün düşmüş insanlar öz doğma vətənlərinə geri dönə bilsinlər.

Ümid edirəm ki, Azərbaycan öz gözəlliyini dünyaya tanıtdırmaq üçün tutduğu yolu bundan sonra da davam etdirəcək. Həm Azərbaycan dövlət rəhbərliyinin, həm də Heydər Əliyev Fondunun ölkənin zəngin mədəniyyətinin xaricdə tanıdılması adına gördüyü sil-silə fəaliyyət proqramı mütləq şəkildə öz tövhəsini verəcək…




Əfsanə BAYRAMQIZI

VOİCEPRESS.AZ

Ранее » "Elə "zapravkalar" var ki, ordan alınan 10 manatlıq benzin 90 ki...« Далее Moskva-İrəvan soyuq müharibəsi başladı