"Elə "zapravkalar" var ki, ordan alınan 10 manatlıq benzin 90 kilometr getməmiş qurtarır"

Siyasət / Tet-a-tet / Manşet

1 935

"İstehlak malları bazarı keyfiyyətsiz məhsulların satış poliqonuna çevrilib"
"Keyfiyyətsiz və insan orqanizmi üçün ziyanlı, təhlükəli malların bir hissəsi ölkə daxilində istehsal olunursa, onun çoxu xaricdən gətirilir"


VOİCEPRESS.AZ
İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimlinin moderator.az-a müsahibəsini təqdim edir:

- Çıxışlarınızda süni qiymət artımına qarşı baxışlarınız üstünlük təşkil edir. Amma Milli Məclisin son Plenar iclasında mal və məhsulların keyfiyyəti məsələsini önə çəkdiniz....

- Xaricdən gətirlən, eləcə də Azərbaycanda istehsal olunan malların qiymətinin artması, bu artımda süni qiymət artımının payının böyük olması, daim çoxalması və bu artımım əhalinin gəlirlərinin artım tempini üstələməsi insanların güzəranını pisləşdirir. Ötən ilki 13 faizlik inflyasiyanın, o cümlədən ərzaq məhsullarının 17 faizlik qiymət artımının yarıdan çoxu monopoliya və haqsız rəqabətdən qaynaqlanan süni qiymət artımının hesabına olub. Süni qiymət artımının hər faizinə görə əhalinin ailə büdcəsini ildə 200 milyon manatdan çox, beləliklə milyard manatlarla ziyan dəyir. Ona görə də təbii qiymət artımını təbii qəbul edir, amma monopolistlərin qaynatdıqları süni qiymət artımına qarşı çıxıram. Qarşıdan Novruz bayramı gəlir. Bu il bu gözəl bayram Azərbaycan Xalq Cümhuriyyətinin 100 ilik yubiley ilinə düşür. Bu bayramı layiqincə qarşılamaqdan ötrü, digər şərtlərlə yanaşı həm də əhalinin çox işlətdiyi mal və məhsulların süni qiymət artımının qarşısın alınması da vacib şərtdir ki, hər bir ailə Novruzu da Cümhuriyyətimizin 100 illiyini də layiqincə qeyd edə bilsin.

Qiymətlə yanaşı mal və məhsulalrın keyfiyyəti də ciddi narahatçılıq doğurur. Əslində məhsulların keyfiyytinin aşağı salınması bir tərəfdən, insanların sağlamlığı üçün təhlükə yaradırsa, digər tərəfdən də aşağı keyfiyyət həm də süni qiymət artımının bir növüdür. Ona görə də bu məsələyə diqqət onun ciddiliyinə adekvat səviyyədə artırılmalıdır. Məhz diqqətin yetərincə olmaması nəticəsində Azərbaycan istehlak malları bazarı xeyli dərəcədə keyfiyyətsiz məhsulların satış poliqonuna çevrilib. Həm də keyfiyyətsiz və insan orqanizmi üçün ziyanlı, təhlükəli malların bir hissəsi ölkə daxilində istehsal olunursa, onun çoxu xaricdən gətirilir. Bunun qarşısının alınması üçün islahatlar mexanizmi, azad rəqabətə rəvac vermə və sair vasitəsilə təsirli tədbirlər görülməlidir.

- Keyfiyyətdən danışarkan niyə məhz 3 məhsulun - çörək, uşaq geyimləri və benzinin keyfiyyətinin aşağı olmasını önə çəkdiniz?

- Çörək,uşaq geyimləri, benzinin və bir də dərman vasitələrinin keyfiyyətinin aşağı olması və bunun yaratdıqları fəsadlar gündəlik həyatımızda çox qabarıq şəkildə əks olunur və ciddi narahatçılıqlar yaradır.

Çörəyin keyfiyyətinin aşağı olması tədricən orqanizmimizdə ciddi problemlər yaradır. Ona görə də çörək bişirmədə istifadə olunan unun, eləcə də çörəyə qatılan duz, orda istifadə olunan yağ və sairin də keyfiyyətinə ciddı nəzarət edilməsini zəruridir. İstehlakçılara tərkibi təhlükəli olan məhsullarının qarşısını almaqdan ötrü digər şərtlərlə yanaşı həm də qanunvericilikdə, eləcə də də Qida təhlükəsizliyi haqqında qanun hazırlananda belə məsələrlərə xüsusi diqqət yetirilməlidir.

Uşaq geyimlərinin, uşaq qidalarının, bir sözlə, uşaqla bağlı bütün mal və məhsulların keyfiyyətsizliyi uşaqlara mənfi təsir edir.

Benzinin keyfiyyətinin aşağı olması, həm həcmə uyğun gələn məsafəni qət etməyə imkan vermədiyindən, daha çox benzin sərfiyyatına səbəb olur. Elə yanacaqdoldurma məntəqələri var ki, ordan alınan 10 manatlıq benzin 100-120 kilometrlik yola bəs edir, amma digərlərindən eyni məbləğə alınan benzinlə 90 kilometr getməmiş qurtarır. Benzinin keyfiyyətinin aşağı olması həm də avtomobillərin tez sıradan çıxamsı ilə müşayət olunduğundan ailə büdcəmizə zərbə vurur. Hər dəfə benzinin qiyməti qaldırılanda daha çox 2 məsələ önə çəkilir. Bincisi, rəsmilər bildirlər ki, bizdə benzin ucuzdu. İkincisi bildirilir ki, qiymətin qalxması benzinin keyfiyyətinə müsbət təsir edəcək. Biz Avro-4 və Avro-5 sahəsində görülən işləri müsbət qiymətləndirir və sürətləndirilməsini arzulayırıq. Eyni zamanda bir sıra benzindoldurma məntəqələrində satılan benzinin keyfiyyətinin aşağı olmasına, oktan ədədinə tam uyğun gəlməməsi, çənlərin plomblarının qırılması hallarına və sair bu kimi məqamlara da diqqət yetirilməsini zəruri hesab edirik.

- Benzinin keyfiyyəti və qiyməti bir-biriinənə dərəcədə uyğundu? Doğrudan bizdə benzin çox ucuzdu?[/b]

- Əgər əhalinin əksər hissəsinin gəlirlərinin aşağı olmasını, neft istehsal edən əsas ölkələrdə benzinin qiymətlərini müqayisə etsək, bizdə benzinin qiymıti ucuz deyil. Qiymət qalxır, amma benzinin keyfiyyəti yaxşılaşmır. Üstəlik bir sıra yanacaqdoldurma məntəqələrində sürücüləri aldadırlar.

Düzdü, bizdə benzinin qiyməti orta dünya göstəricisindən (1,1 dollar) və ABŞ istisna olmaqla inkişaf etmiş ölkələrdəkindən (1,5-2 dollar) ucuzdu. Amma onlarda əhalinin gəlirləri və benzinin keyfiyyəti də bizdən qat-qat yüksəkdi. Əsas neft hasil edən ölkələrdə isə benzinin qiyməti bizdəkindən çox aşağıdır. Səudiyyə Ərəbistanı, Küveyt, Qatar, Venesuaela, İran, Misir və digər ölkələrdə benzinin qiyməti bizdəkindən aşağıdır.

[b]- Bəs MDB məkanı ölkələri ilə müqayisədə necədir?


- Ukrayna istisna olmaqla (Gürcüstan MDB-yə daxil deyil) digər MDB ölkələri ilə müqayisədə elə bir kəskin fərq yoxdur. Obyektiv mənzərə almaqdan ötrü, yaxşı olar ki, bu məsələdə biz özümüzü MDB-nin digər iki əsas enerjidaşıyıcılı ölkələri olan Rusiya və Qazaxıstanla müqayisə edək. Belə bir müqayisə etsək, bizdə benzinin keyfiyyətinin təqdim olunduğundan aşağı və orta gəlirlərin az olduğunu nəzərə almaqla hesablama aparsaq, onda bizdə də qimət baha çıxır. Rusiyada Aİ-92 markalı bezninin 1 litrinin qiyməti 67 sent, Qazaxıstanda- 50 sent, Azərbaycanda 53 sentdir. Başqa sözlə, Rusiyada bezninin qiyməti bizdən 26% bahadır, amma əmək haqqı 2 dəfə yüksəkdir. Qazaxıstanda isə bizdəkindən 6% ucuzdur, əmək haqqı isə bizdəkindən 1,5 dəfə yüksəkdir. Deməli keyfiyyət də, gəlirlərimiz də onlardakından aşağı olduğundan, Tarif Şurası Aİ -92 benzinin1 litrinin qiyməti rəsmən 90 qəpik etsə də, bizdə benzinin keyfiyyətinin təqdim olunduğundan aşağı olmasını,bir sıra benzindoldurma məntəqələrində benzinin keyfiyyətinin onun markasından aşağı olması,benzinə əlavə edilən qatqıları ( benzini 2 gün bir qabda saxlayandan sonra həcminin azalması və əlavə qatqıların qatılması açıq görünür),həcmdən kəsmələri,10 manatlıq benzinin 100-120 kilometr əvəsinə 90 kilometrdən artıq qurtarmasını və sairi nəzərə almaqla 1 litri 90 qəpiyə olan benzin, əslində ishehlakçıya 1,2 manata başa gəlib çıxır ki, bu da o deməkdir ki, bizdə nominalda ucuz görünsə də, keyfiyyəti və kəsmələri nəzərə alanda realda benzinin qiymətini Rusiyadan baha edir.

Ona görə də rəqbət mühiti yaratmaqla yanaşı, həm də mal və məhsulların keyfiyyəti ilə bağlı qanunların reallaşdırma mexanizmini də işlək hala gətirmək lazımdır ki, keyfiyyətin aşağı salınması kimi halların qarşısını almaq mümkan olsun.

VOİCEPRESS.AZ


Ранее » Əli Həsənov: "Bakı İrəvanı Ermənistana verib"« Далее Fransalı fotoqrafın etirafı: “Xocalı qətliamının qurbanları...