Azad Cabbarov: "Gənclər bu qədim diyarı yenidən kəşf etmək üçün Naxçıvanı paytaxt seçdilər"

Siyasət / Manşet

3 402

Azad Cabbarov:
Ulu öndər Heydər Əliyevin ideya-siyasi kursunun uğurla davam etdirilməsi nəticə etibarilə qədim Naxçıvanı inkişafa qovuşdurmuşdur. 5000 illik şəhər mədəniyyətinə malik olan Naxçıvan bu gün, həm də müasirliyi ilə öyünür. Keçmişini qorumaqla gələcəyə doğru inamla addımlayır.
Məlum olduğu kimi, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam Mədəniyyətinin paytaxtı elan olunmuşdur.

Həmçinin Naxçıvan Muxtar Respublikası 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində ilk yeri tutub. Təbii ki, bu da muxtar respublikanın sosial-iqtisadi inkişaf göstəricilərini xarakterizə edən mühüm faktorlardandır. Bütün bunların ardınca Naxçıvanın ölkəmizin Gənclər paytaxtı seçilməsi muxtar respublikanın tarixində yaşanan daha bir əlamətdar hadisə oldu.

Məlum olduğu kimi, Naxçıvan “www.genclerpaytaxti.az” saytında keçirilmiş onlayn səsvermənin qalibi olub. Artıq bu gün İslam mədəniyyətinin paytaxtı olan Naxçıvan həm də Gənclər Paytaxtıdır. Naxçıvanın Azərbaycanın Gənclər Paytaxtı seçilməsinə yalnız muxtar respublika sakinləri deyil, Azərbaycanın digər bölgələrindən olan sakinlər, ələlxüsus da gənclər dəstək verib. Səbəbi aydındır: Naxçıvanın bu statusu daşımağa daha çox haqqının olması.

Naxçıvan MR-ın gənclər və idman naziri Azad Cabbarov 2018-ci ilin Naxçıvan üçün uğurlu bir il olduğunu qeyd etdi: “Naxçıvan İslam mədəniyyətinin paytaxtı ünvanını aldı, ardınca da Azərbaycanın “Gənclər Paytaxtı” statusunu. Gənclər Naxçıvanı ölkənin gənclər paytaxtı seçməklə Azərbaycanın ictimai-siyasi həyatında öz sözlərini demiş oldular. Əminəm ki, bundan sonra da naxçıvanlı gənclər ümumən ölkəmizin ictimai-siyasi həyatında öz fəallıqları ilə seçiləcəklər.

Fevralın 2-də Azərbaycan Gəncləri Günü münasibətilə Bakıdan “Buta Palas”da keçirilən təntənəli mərasimə 10 nəfərlik heyətlə qatılmışdıq. Bu mərasimdə gənclər paytaxtının rəmzi açarı təqdim olundu və biz onu aid olduğu yerə-Naxçıvana gətirdik. Yaşanan həmin anın təəssüratlarını bölüşmək olduqca çətindir. Belə düşünürəm ki, Naxçıvanın qalibiyyəti yalnız səsvermə hesabına olmadı, Naxçıvan bunu haqq edirdi və qazandı. Biz bunu gözləyirdik, ona görə ki, Naxçıvan Muxtar Respublikasında aparılan gənclər siyasəti buna əsas verirdi. Hamımıza məlumdur ki, Naxçıvan MR Ali Məclisinin Sədri Vasif Talıbovun diqqət və qayğısı nəticəsində gənclər siyasəti ən yüksək səviyyədə həyata keçirilir və ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun aşılanması gənclərimizin bugünkü mövqelərini ortaya qoyur. Naxçıvanda həyata keçirilən dövlət gənclər siyasəti, gənclər üçün yaradılan yüksək şərait, son illər naxçıvanlı gənclərin beynəlxalq arenalarda qazandıqları uğurlar, Azərbaycanı layiqincə təmsil etmələri sübut edirdi ki, Naxçıvan Gənclər Paytaxtı olmağa layiqdir. Çox sevindirici bir hal idi, çünki Naxçıvan daha bir uğura imza atırdı.

Naxçıvanın Gənclər Paytaxtı seçilməsini gənclər çox istəyirdi. İlk səsvermə başlayan gündən sonuna qədər Naxçıvan səsvermədə öz liderliyini qorudu və sonda da qalib oldu. Naxçıvanda bu gün 3 böyük ali təhsil müəssisəsi, həmçinin 3 orta ixtisas məktəbinin olması gənclər kontingentinin çoxluğunu önə çıxarır. Gənclər üçün yaradılan müasir infrastruktur da əsas şərtlərdən biridir. Digər bölgələrimizdən də Naxçıvana səs verənlər çox oldu. Düşünürəm ki, gənclər Naxçıvanı yenidən kəşf etmək üçün Naxçıvana səs verdilər”.

Azad Cabbarov, həmçinin Gənclər Paytaxtı Naxçıvanda keçiriləcək tədbirlər haqqında da danışdı:

- İlboyu gənclərlə bağlı müxtəlif tədbirlər həyata keçiriləcək. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyə və tapşırığına əsasən Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, YAP Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə iş planı tərtib olunub. Bu tədbirlər planında sırf gənclər sferasını əhatə edən 37 maddə var. Nəzərdə tutulan tədbirlər sırasında ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin gənclərə aşılanması, intellektual oyunların keçirilməsi, hərbi xidmətdən tərxis olunmuş gənclərlə işi gücləndirmək və onları peşə ixtisasına yönəltmək, internetdən gəncləri səmərəli istifadəyə təşviq etmək kimi məsələlər yer alır. Digər tərəfdən, intellektual oyunlar olimpiadasının və Gənclər Forumunun bu il Naxçıvanda keçirilməsini planlaşdırmışıq. Keçiriləcək tədbirlər sırf gənclər sahəsini əhatə etdiyi üçün düşünürəm ki, biz 2018-də birgə tədbirlər planına uyğun olaraq gənclərlə işin gücləndirilməsində və gənclərimizin düzgün maarifləndirilməsində, onların intellektual səviyyəsinin yüksəldilməsində məqsədyönlü fəaliyyətimizi uğurla həyata keçirəcəyik.

Bu tədbirlərlə yanaşı, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar burada həm ölkə, həm beynəlxalq səviyyəli tədbirlər keçiriləcək. Bu tədbirlər Naxçıvan gənclərinin intellektual səviyyəsinin artırılması, eləcə də Naxçıvanın tanıdılmasına səbəb olacaqdır. Naxçıvanın Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar yaxın günlərdə hazırlanacaq tədbirlər planına əsasən fəaliyyətimizi həm də bu istiqamətdə quracağıq. Gənclər paytaxtının rəmzi açarının təqdimat mərasimindən sonra ölkəmizdə fəaliyyət göstərən bir çox ictimai təşkilatlar, gənclər təşkilatları bizə yaxınlaşıb, bu il Naxçıvandayıq,- deyə mesajlar verdilər. Düşünürəm ki, Naxçıvanın Gənclər Paytaxtı seçilməsi bu qədim diyara töhfə verəcəkdir. Həyata keçiriləcək ölkə və beynəlxalq əhəmiyyətli tədbirlər çərçivəsində naxçıvanlı gənclərin fəaliyyət dairəsi daha da genişlənəcək. Bu tədbirlər naxçıvanlı gənclərlə ölkəmizin müxtəlif bölgələrindən olan gənclər arasında sıx dostluq əlaqələrinin qurulmasında körpü rolunu oynayacaq. Həmçinin ölkəmizin müxtəlif bölgələrindən bura gələcək gənclər təşkilatları Naxçıvanda gənclər üçün yaradılan şəraitlə tanış olacaq, Naxçıvanın tanıtımına və turizm potensialının təbliğinə öz töhfələrini verəcəklər.

Muxtar respublikanın tanıdılması ilə bağlı Naxçıvan televiziyası tərəfindən müxtəlif videoçarxlar hazırlanır. Bu videoçarxların sosial şəbəkələr vasitəsilə, internet resurslarından düzgün istifadə etməklə geniş kütlə arasında yayımlanması da həyata keçirəcəyimiz tədbirlər sırasında yer alacaq. Bununla yanaşı Heydər Əliyev adına Hərbi Liseyin kursantları və orta məktəblərin yuxarı sinif şagirdləri arasında yazı, eləcə də rəsm müsabiqələri keçiriləcək. Dövlət Dram Teatrının repertuarındakı tamaşalardan istifadə etməklə gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində muxtar respublikanın rayon mərkəzlərində müxtəlif tamaşaların göstərilməsi, gənclərin hərbi hissələrə səfərlərinin təşkili, onların əsgər və zabitlərlə görüşlərinin keçirilməsi və bir sıra digər tədbirlər də 2018-ci ildə reallaşdırılacaq layihələr sırasındadır.

Naxçıvanın “Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar burada ölkə səviyyəsində də mühüm layihələr həyata keçiriləcək.





VOICEPRESS.AZ

Ранее » NAZİR MÜAVİNİ MİLLİ MƏCLİSDƏ HESABAT VERDİ: “BƏLƏDİYYƏ...« Далее “Əlillər işlə bağlı ciddi problemlə üzləşirlər”-Qənir...