Azərbaycanda kimlər prezidentliyə iddialıdır

Siyasət / Ölkə içi / Manşet

1 926

Azərbaycanda kimlər  prezidentliyə iddialıdır
Yeni Azərbaycan Partiyasının icra katibi, baş nazirin müavini Əli Əhmədovun hakim partiyanın prezidentliyə namizədinin dövlət başçısı İlham Əliyev olacağını açıqlaması seçkiləri yenidən gündəmə gətirdi.

VOİCEPRESS.AZ xəbər verir ki, oktyabr ayında keçiriləcək prezident seçkilərinə qatılmaq istəyənlərin bir qismi artıq iddialarını ortaya qoyublar.

2018-ci ilin prezident seçkilərində namizədliyini irəli sürənlərdən biri də Müsavat Partiyasının keçmiş lideri İsa Qəmbərdir. Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı da namizədliyini verəcəyini açıqlayıb.

Eks-spiker, 21 ildir ABŞ-da mühacirətdə yaşayan Rəsul Quliyev bu il Azərbaycana qayıtmaq və 2018-ci il prezident seçkilərində iştirak etmək niyyətini ortaya qoyub. Düzdür, onun bu istəyi real görünməsə də, hər halda istək ortadadır.

Analoji qeyri-real iddianı hazırda Almaniyada mühacirət həyatı yaşayan Hüseyn Abdullayev də səsləndirib.

Klassik Xalq Cəbhəsi Partiyası bu il ölkədə keçiriləcək prezident seçkisində öz namizədi ilə iştirak etməyə qərar verib. Partiyanın Ali Məclisinin yanvarın 28-də keçirilən toplantısında KXCP sədri Mirmahmud Mirəlioğlu prezidentliyə namizəd irəli sürülüb.

Vətəndaş və İnkişaf Partiyası sədri Əli Əliyev də seçkilərdə prezidentliyə iddialıdır. Partiyasının 2017-ci ildə keçirdiyi qurultayda Ə.Əliyevin seçkilərdə namizədliyini irəli sürəcəyi rəsmiləşib.

Builki seçkilərdə ən gənc namizədin Ağ Partiya başqanı Tural Abbaslı ola biləcəyi ehtimalı da yox deyil. Partiyanın hələlik rəsmi qərarı olmasa da, T.Abbaslı mövqeyində qəti olduğunu deyib və seçkilərə hazırlaşdıqlarını bəyan edib.

Qeyd edək ki, Azərbaycanda 53 siyasi partiya mövcuddur. Hələlik, seçkilərdə iştirak arzularını yalnız bu şəxslər dilə gətirib.


VOİCEPRESS.AZ

Ранее » Azərbaycan memarlarına fəxri adlar verilib« Далее XİN: Xocalı və Qarabağda cinayətlərin törədilməsində iştira...