Söyün Sadıqov: “İrandakı çəkişmələr İsrail, ABŞ və İngiltərənin layihəsidir”

Siyasət / Manşet

5 031

Söyün Sadıqov: “İrandakı çəkişmələr İsrail, ABŞ və İngiltərənin layihəsidir”


“İsrail və ABŞ Suriyanı parçalamaq istəyirdi, amma İran, Rusiya və Türkiyə birliyi sahəsində bu niyyətləri baş tutmadı”. Bunu VOİCEPRESS-ə açıqlamasında Rusiyanın Strateji Araşdırmalar və Modelizasiya Mərkəzinin rəhbəri, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi Söyün Sadıqov İranda baş verən hadisələrlə bağlı danışarkən deyib. Onun sözlərinə görə, bu gün Rusiya, Türkiyə və İran Yaxın Şərqdə və xüsusən müsəlman dünyasında böyük rəğbət qazanıb:

“ABŞ isə hər gün bir qədər daha öz nüfuzunu itirməkdədir. İsrail isə belə olan halda İranın mövqeyinin güclənməsini qəbul etmək istəmir. İsrail hesab edir ki, onunla sərhəddə müsəlman dövlətinin bu qədər güclənməsi yaxşı hal deyil. İran isə Səudiyyə Ərəbistanı ilə dini siyasət və şiə məsələsi baxımından hər zaman rəqabət aparıb. İran bu günlərdə Yəmənə olduqca böyük dəstək verməyə başlayıb. Səudiyyə Ərəbistanının cənubunda şiələr hətta şahın igamətgahını güllə-baran da etmişdi. Bütün bunlar İran üzərində aktiv əməliyyatların aparılmasına gətirib çıxardı.

Bu əməliyyatlarda isə birmənalı olaraq, Amerikada, Kanadada və Avropa Birliyi ölkələrində təhsil almış, xüsusi hazırlıq keçmiş iranlı gənclər istifadə olunur. Həmin gənclərin dünyaya baxışları İrandakı gənclərdən olduqca fərqlidir. Həmin gənclər İranda dinlə dövlətin ayrılmasını tələb edirlər. Elə ona görə də, inqilabçıların daha əvvəlki tələbləri Xomeyninin rəhbərlik etdiyi dövlətin ali dini mərkəzinin hakimiyyətdən ayrılmasıdır. Gəlin razılaşaq ki, Xomeyni ilə İran prezidenti Rohani arasında artıq uzun müddətdir qarşıdurmalar müşahidə edilirdi. Təbii ki, bu qarşıdurmalarda ABŞ, İsrail, Səudiyyə Ərəbistanı və Böyük Britaniya kəşviyyatlarının da əli var.

İran hakimiyyətinin başı geopolitik siyasi kursa o qədər qarışıb ki, daxili siyasi gedişatı nəzarətsiz buraxıb. Əslində bu məsələ də, inqilabın səbəbi kimi təqdim olunur. Lakin əsas səbəb İranda daxili münaqişə yaradaraq, hakimiyyəti devirməkdir. Beləliklə dövlətin neft-qaz sahəsi üzrə nəzarəti ələ alaraq, İrandan Rusiyanın neft kompaniyalarını xaric etməyə planlanmışdır. 2004-cü ildə İraqda baş verən hadisələrin təkrarlanması nəzərdə tutulmuşdur. Plana görə, İrandan Rusiya kompaniyalarını çıxarmaqla, əslində Rusiyanı Yaxın Şərqdən uzaqlaşdırmağa nail olmaq mümkün olacaq. Beləliklə Suriyanı üç dövlətə bölmək məsələsi yenidən gündəmə gələ bilər. Göründüyü kimi İŞİD layihəsi yetəri qədər effekt vermədi, ona görə də indi bu layihəyə start verilmişdir.

İlk öncə diqqət etsəz Rusiya və Türkiyə arasında gərginlik yaratmaq istəyirdilər. Lakin Putinin və Ərdoğanın müdrük siyasəti sayəsində nəzərdə tutulan həmin provakasiya keçərli olmadı. Ona görə də, onlar İrandan başlamağa qərar verdilər. Bunun üçünsə ölkədə dinlə hakimiyyət arasında ədavəti daha da qüvvətləndirməkdə fayda olacağına hesablanmış bir projeyə start verdilər.

Bir qədər diqqət etsəz, görərsizniz ki, ABŞ Rusiyaya qarşı çox böyük hiyləgərliklərə əl atır, Rusiyanı fərqli səmtlərə güc sərf etməsinə şərait yaradaraq, Şərq və KNDR layihələrinə cəlb etmişdi. Əgər bu gün İranın müttəfiqləri hesab edilən Türkiyə və Rusiya ona böhrandan çıxış yolunu göstərməsə, demək olar ki, Rusiya, Türkiyə və İran aliansının anlaşmasını suya düşmüş hesab etmək olar. Bu isə birmənalı olaraq, dünya birliyi arasında neft-qaz sahəsində əməlli-başlı mübarizə getdiyinə dəlalət edir. Bu mübarizədə isə kim ağıllıdırsa, o da qələbə qazanacaq”.



Ülkər Musazadə
VOICEPRESS.AZ


Ранее » Milli Məclisin 2018-ci ildə ilk iclasının vaxtı müəyyənləşdi« Далее Birinci vitse-prezident: "İran və Azərbaycanın güclü münasibə...