Duqin Qarabağ münaqişəsinin həllini göstərdi: "Ən real variant..."

Siyasət / Manşet

1 314

Duqin Qarabağ münaqişəsinin həllini göstərdi:
"Postsovet məkanında ərazi bütövlüyünü qorumaq istəyənlər Rusiya ilə strateji əlaqələrini balanslaşdırılmış şəkildə qurmalıdır".

VOİCEPRESS
xəbər verir ki, bunu yenicag-a açıqlamasında rusiyalı ictimai xadim, filosof, politoloq, sosioloq Aleksandr Duqin deyib. Onun sözlərinə görə, Rusiya və Türkiyənin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək edəcək:

"Düşünürəm ki, bu, Azərbaycan üçün çox əlverişli kontekstdir. Xüsusilə də Azərbaycan prezidenti İlham Əliyevin son zamanlar apardığı uğurlu siyasət üçün çox əlverişlidir. O, atası Heydər Əliyevin siyasi mirasına çox diqqətlə yanaşıb. Yeni müstəqil dövlət yaratmaq, ölkənin suverenliyini möhkəmləndirmək üçün Rusiya ilə balanslaşdırılmış əlaqələr qurmaq lazımdır. Bu mənada, İlham Əliyev Rusiya və Türkiyənin yaxınlaşmasından öz ölkəsinin xeyrinə istifadə etmək üçün mümkün olan hər şeyi edib. Onun əvvəlcədən atdığı bir sıra addımlar hazırda müsbət nəticələrini verir".
Politoloq qeyd edib ki, əgər bu yaxınlaşma rəsmi Moskva ilə Bakı arasındakı münasibətlərin yaxşı olmadığı bir zamanda baş versəydi, tamamilə başqa effekt alınardı. Lakin indiki şəraitdə Azərbaycanın potensialı daha da möhkəmlənir. Azərbaycan GUAM-ın yox, Avrasiyanın tərəfində yer alır. Müvafiq olaraq, Azərbaycan Avrasiya kontekstində regionda mövqeyini möhkəmləndirməyə hazırdır. Təbii ki, bu, Dağlıq Qarabağın taleyinə müsbət təsir göstərəcək.

Duqinin sözlərinə görə, Rusiya ilə Azərbaycanın münasibətləri Gürcüstanla Rusiya arasındakı münasibətlər qədər çətin olmasa da, həmişə belə alınırdı ki, Rusiya Ermənistanın, Azərbaycan isə Avropanın yanında olurdu.

"Mən bu halın müsbət, ya da mənfi olduğunu demirəm. Lakin kənardan hər şey belə görünürdü. İ. Əliyev hələ Rusiya ilə Türkiyənin yaxınlaşmasına qədər bu modeli qıranda vəziyyət daha da çətinləşdi. Hazırda Rusiya yaxşı başa düşür ki, Cənubi Qafqazda sülh və əmin-amanlıq üçün məsuliyyət daşıyır. Həmçinin Azərbaycan, Ermənistan və bizimlə dost olan bütün ölkələrin ərazi bütövlüyü üçün zəmanət rolunda çıxış edir. Rusiya bu və ya digər formada Dağlıq Qarabağ münaqişəsini həll etməlidir. Çünki əgər əvvəllər status-kvo rəsmi Moskva üçün ən uyğun variant idisə, bu gün status-kvo Kremli qane etmir. Birinci növbədə isə rəsmi Bakı status-kvonun saxlanılmasının əleyhinədir. Ona görə də mən düşünürəm ki, Qarabağ münaqişəsinin həllində tərpəniş olması qaçınılmazdır və hesab edirəm ki, bu, bütün tərəflərin maraqlarına uyğun olacaq".

Münaqişənin sülh yolu ilə həll edilməsini istəyən politoloq hesab edir ki, bu istiqamətdə ən real variant Dağlıq Qarabağın tərkibinə daxil olan 5 rayonun Azərbaycana geri qaytarılmasıdır.

Duqin həmçinin qeyd edib ki, Rusiya Azərbaycanın ərazi bütövlüyünün zəmanətçisidir, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir və bu, Rusiyanın siyasi mövqeyidir.

Aleksandr Duqin erməni tərəfinin dinc əhaliyə atəş açması nəticəsində öldürülən 2 yaşlı Zəhra və onun nənəsi ilə bağlı başsağlığı verib:

"Mən həm öz adımdan, həm də Rusiya xalqı adından başsağlığı verirəm. Uşağın hansı milliyyətdən olması heç bir əhəmiyyət daşımır. Əslində, onlar hamısı bizim uşaqlarımızdır və hər biri bizə çox yaxındır. Xüsusilə də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin zəmanətçisi olan biz ruslar üçün bu, çox böyük zərbədir. Dövlət suverenliyini möhkəmləndirmək üçün Azərbaycana cəsarət, ağıl, səbr və əzmkarlıq arzulayıram".

VOİCEPRESS.AZ


Ранее » Özbəkistan səfiri Alxanlıya getdi« Далее İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkilinin diploma...