Keçmiş rektordan yeni rektorun iddialarına - Cavab

Ölkə içi / Manşet

1 162

Keçmiş rektordan yeni rektorun iddialarına - Cavab
Son vaxtlar Bakı Slavyan Universiteti ətrafında yaranan qalmaqallar universitetin yeni rektoru Nurlana Əliyevanın müsahibəsindən sonra yenidən alovlanıb.
VOİCEPRESS.Az xəbər verir ki, Nurlana Əliyevanın “Universitetdə 110 ölü can var” açıqlaması sosial şəbəkədə geniş müzakirə olunub və etirazla qarşılanıb. Universitetin keçmiş rektoru, professor, Azərbaycanın tanınmış alimlərindən olan Asif Hacıyev də yeni rəhbər Nurlana Əliyevanın iddialarına Publika.az-a danışarkən cavab verib:

“Bizim universitetimizdə “ölü can” olmayıb. Çünki Bakı Slavyan Universiteti çox da böyük universitet deyil. Kim işləyirsə, hamısı da işinin başında olub. Kadrlar şöbəsi də hər gün davamiyyəti yoxlayıb, mütəmadi olaraq rektorluğu məlumatlandırıb. Heç vaxt “ölü canlar” barədə rektorluğa məlumat verilməyib. Bütün əməkdaşlarımız vaxtlı-vaxtında işə gəliblər. Əmək intizamını pozanlara qarşı inzibati tədbirlər görülüb”.

O, yeni rektorun ali məktəbin müxtəlif dövlət qurumlarına 300 min manatdan çox borcunun olmasına da aydınlıq gətirib: “Adətən bunlar təhsil haqqının yığılması ilə bağlı olur. Bəzi tələbələrin maddi durumu nəzərə alınaraq, onlara müəyyən güzəşt edilib, vaxt verilib. Bundan başqa, ötən il qəbulda da universitetin müəyyən kəsri var idi. Bu borclar həmin təşkilatlarla razılaşdırılır, bir müddət sonra ödənilir”.

A.Hacıyev yeni rektorun Bakı Slavyan Universitetinin sadəcə adının qalması və ən gözəl mütəxəssislərin hamısının bu təhsil ocağını tərk etməsi barədə iddialarına gəldikdə, bununla razılaşmadığını deyib: “Ölkəmizə gələn mötəbər qonaqlar dəfələrlə Bakı Slavyan Universitetində olub. İstər yerli, istərsə də xarici qonaqlar hər dəfə universitetdən xoş təəssüratla ayrılıblar. Bu təhsil ocağının sadəcə adının qalması doğru yanaşma deyil. Çünki bizim universitetimiz hər zaman tələbə və müəllim heyətinin yüksək keyfiyyəti ilə seçilib. Universitetdə beynəlxalq səviyyədə tanınmış mütəxəssislər çalışır. Tələbə və müəllimlərimizin həm elm, həm də təhsil sahəsində bir çox uğurları var”.

A.Hacıyev N.Əliyevanın universitetdə istilik sisteminin olmaması, kanalizasiyanın zirzəmiyə tökülməsi və universitetin maddi-texniki bazasında bir çox problemlərin olması ilə bağlı fikirlərinə də toxunub:

“Universitetdə istilik sistemi olub, sadəcə mərkəzləşmiş sistemə qoşulmuşdu, daxili qazanxana yox idi. Kanalizasiya zirzəmiyə tökülmürdü, amma universitetdə müəyyən qədər nəmlik olurdu. Təhsil ocağının maddi-texniki bazasını daim imkanlar daxilində təkmilləşdirməyə çalışılıb. Lakin maddi-texniki baza daim təkmilləşməlidir. Ona görə də daim yenilənməyə ehtiyac var. Biz də buna çalışmışıq”.

Xatırladaq ki, hələ 2014-cü ildə Hesablama Palatasının yoxlamaları zamanı universitetdə aşkar olunmuş “qanunsuz” halların - universitetin nəzdində fəaliyyət göstərən məktəb-liseyin bir sıra rəhbər, inzibati və xidmətedici işçilərinin maaşlarının 15 faiz artması və məktəb-liseydə 5 nəfərin ştatdankənar işə götürülməsi məsələsinin çatışmazlıq kimi təqdim olunması ictimaiyyətin etirazına səbəb olmuşdu. Onlar bunu universitet rəhbərliyinin ziyalılara, sadə vətəndaşlara qayğısı kimi qiymətləndirmişdi.

Əvvəllər M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutu adlanan bu təhsil ocağı sonradan - 2000-ci ildən Bakı Slavyan Universiteti kimi fəaliyyətə göstərməyə başlayıb. Elə həmin il də dünyaca məşhur yazıçı, akademik Kamal Abdulla rektor təyin olunub. K.Abdullanın rektor olduğu müddət ərzində (2000-2014) BSU ölkənin ən reytinqli ali təhsil ocaqlarından biri səviyyəsinə qalxıb. Dünyanın bir çox ölkələrinin prezidenti, nüfuzlu siması universitetin fəxri doktorudur.


VOİCEPRESS.AZ

Ранее » Əkrəm Əylisli prokurorluğa çağırıldı - İstintaq başlayır« Далее Yanan bina işi: "Kompensasiya verdilər, amma nə olsun?!"
Flag Counter