Aşurada baş yarmaq, zəncir vurmağın islamla əlaqəsi yoxdur

Ölkə içi / Tet-a-tet

792

Aşurada baş yarmaq, zəncir vurmağın islamla əlaqəsi yoxdur
Bu gün Məhərrəm ayının 8-ci günüdür. VOİCEPRESS.AZ tanınmış jurnalist, ilahiyyatçı Kənan Rövşənoğlunun Məhərrəm ayı ilə bağlı kult.az-a verdiyi müsahibəni təqdim edir:

- Əvvəlcə Məhərrəm ayının tarixindən danışaq. Məhərrəm ayı niyə hüznlə keçirilməlidir?

- Məhərrəmlik - Həzrət Məhəmmədin nəvəsi, İmam Əli və Hz.Fatimənin oğlu İmam Hüseynin hicrətin 61-ci (miladi təqvimlə 680-ci il - K.R.) ilində qətlə yetirildiyi aydır. O, xəlifə Yezid ibn Müaviyəyə biət etmədiyi (hakimiyyətini tanımadığı) üçün İraqın Kərbəla çölündə 72 tərəfdarı (o cümlədən, iki oğlu və qardaşı) ilə birlikdə qətlə yetirilib, ailə üzvləri - həyat yoldaşı, bacısı, qızları girov götürülərək, şəhidlərin nizəyə taxılmış kəsik başları ilə birlikdə Kufəyə, daha sonra Dəməşqə, xəlifə Yezidə aparılıb. Bu hadisə həmin gündən bu yana islam dünyasında böyük bir matəm, hüzn, faciə kimi qeyd olunmağa başlayıb.

Hətta radikal Əməvi sülaləsinin hakimiyyəti illərində belə, müsəlmanlar Şərqin müxtəlif ölkələrindən Kərbəlaya axışaraq, İmam Hüseynə yas keçirib. Eyni zamanda, tədricən sonrakı illərdə bu mərasimlər Afrikada - Misirdə Fatimilər dövlətindən Xorasana, sonrakı illərdə Hindistana qədər müxtəlif coğrafiyalarda qeyd olunub.

- Bu ayda hansı əməllər savab kimi qəbul olunur?

- Bu ay hüzn və kədərlə qeyd olunur, insanlar o acı hadisələri xatırlayır, yaşadırlar. Füzuli deyir ki, "Mahi Məhərrəm oldu, məsərrət haramdır, matəm bu gün şəriətə bir ehtiramdır”. Məhərrəm ayında əza saxlamaq Peyğəmbər və Əhli Beytə ehtiram kimi qəbul olunur. Həmin günlərdə imkanı olanlar Kərbəlanı ziyarət edir, olmayanlar isə yaşadıqları yerlərdə matəm məclisləri keçirir.

- Kənan bəy, sizcə, Aşurada insanların zəncirlərlə bədənlərindən qan çıxarması düzgündürmü?

- İslamda özünə xəsarət yetirməklə bağlı hökm yoxdur. Bu, daha çox sonradan bəzi xalqların adətləri kimi Aşuraya əlavə olunub. Qədim xalqlarda tayfanın nüfuzlu insanları öləndə onun üçün xüsusi mərasimlər təşkil olunur, hətta meyitini ortaya qoyub, ətrafına atla dövrə vuraraq, ağı mərasimi keçirir və daha sonra başlarını yarırmışlar. Görünür, sonradan bu ənənəni Aşura adətlərinə də əlavə ediblər. Çünki ərəblərdə baş yarma yoxdur, daha çox təvvabinlər başlarına torpaq, palçıq yaxaraq, peşmanlıq və kədərlərini büruzə veriblər.

Özünü zəncirlə döymə sonradan yaranmış ənənədir. Amma bu, dini hökm deyil və bəyənilmir. Bunu da çox cüzi, hətta ümumi şiələrin sayı ilə müqayisə etsək, 1 faiz insan edir. Bəlkə də daha az.

- Bəzi bölgələrimizdə hələ də qorunub-saxlanılan adətlər var. Bunlardan biri də Aşura günü sabun və digər təmizlik vasitələrindən istifadə etməməkdir. Bunlara münasibətiniz necədir?


- Bunlar zamanla ortaya çıxmış adətlərdir, dini əsası yoxdur, xürafatdır. İnsanlar fərqli düşünür və hər zaman insanlar sevgisini, acısını fərqli formada büruzə verir. Həzrət İsaya görə özünə əzab verən, zəncirləyən insanlar olub. Bu məhəbbətin izhar şəkilləridir. İnsanlar düşüncələri, baxışlarına görə özlərini o acını yaşatmağa çalışır və bu zaman ifrata varmalar da olur. Bunlar dində göstərilən qaydalar deyil, sonradan yaranmış, əsassız adətlərdir.

VOİCEPRESS.AZ


Ранее » Bu gün niyyət axşamıdır