Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib

Ölkə içi / Manşet

1 134

Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təmas xəttində törətdiyi təxribatı pisləyib
Türkiyə Azərbaycan Dərnəkləri Federasiyası erməni hərbçilərinin təsərrüfat işləri ilə məşğul olan dinc sakinləri hədəfə alması ilə bağlı etiraz bəyanatı yayıb.

Federasiyadan VOİCEPRESS.AZ-a daxil olan bəyanatda bildirilir ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndinin sakini Rahim Hacıyevin təsərrüfat işləri ilə məşğul olarkən erməni hərbçilərinin açdığı atəş nəticəsində yaralanması Ermənistan ordusunun dinc sakinlərə qarşı törətdiyi növbəti cinayətdir. Qeyd olunur ki, həmişə olduğu kimi, bu dəfə də erməni silahlılarının azğınlaşması onların sabitliyi pozmağa cəhd göstərmələri ilə bağlıdır. Yerevanda siyasi iğtişaşların alovlandığı bir ərəfədə işğalçı dövlət bu yolla diqqəti cəbhə bölgəsinə yönəltməyə çalışır.

Federasiyanın bəyanatında, həmçinin qeyd edilir ki, işğal olunmuş Azərbaycan torpaqlarında başda Xocalı faciəsi olmaqla əlləri dinc insanların qanına batmış erməni terrorçuları yenə də cinayətkar fəaliyyətlərini davam etdirir. Türkiyədə yaşayan bütün soydaşlarımız düşmənin bu təxribatçı və cinayətkar əməlini kəskin şəkildə pisləyir.

Xatırladaq ki, Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi qoşunların təmas xəttinə ən yaxın yaşayış məntəqələrindən biridir. Ermənistan silahlı birləşmələri bu kəndi 1993-cü və 1994-cü illərdə iki dəfə işğal etsə də, sonradan Azərbaycan Ordusu tərəfindən azad olunub. Düşmən kəndi tərk edərkən evləri yandırıb, hər tərəfə mina basdırıb. Doğma yurdlarına qayıdan kənd sakinləri həm ermənilərin basdırdığı minalardan, həm də atəşkəsin tez-tez pozulmasından əziyyət çəkirlər. Aprelin 18-də Yuxarı Qiyaməddinli kəndinin ərazisi ermənilərin növbəti təxribatına məruz qalıb. Kənd sakini, 1991-ci il təvəllüdlü Hacıyev Rahim Azər oğlu əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən Ermənistan ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində yaralanıb.

VOİCEPRESS.AZ


Ранее » Xarici mətbuatda şərqşünas alim Aida İmanquliyevanın həyat və...« Далее Yeni baş nazirin elmi və pedaqoji fəaliyyəti
Flag Counter