Paytaxtda cinayətkarlıq dəfələrlə azalıb

Ölkə içi

342

Paytaxtda cinayətkarlıq dəfələrlə azalıb
Əvvəlki illə müqayisədə Bakıda ağır və xüsusilə ağır cinayətlər 6, qəsdən adam öldürmə cinayətləri 4,8, soyğunçuluqlar 10, quldurluqlar 16, dələduzluqlar 3,4, avtonəqliyyatın qaçırılması 6,3, xuliqanlıq cinayəti isə 12,2 faiz azalıb. Cinayətlərin 80, onun ağır növlərinin 78,7, qeyri-aşkar şəraitdə baş verənlərin 69,7, şəxsiyyət əleyhinə olan cinayətlərin 94,4, o cümlədən qəsdən adam öldürmələrin 92,9, adam öldürməyə cəhdlərin 96,9, qəsdən sağlamlığa ağır zərər vurmaların 90,2, adam oğurluqlarının 80 faizinin açılması təmin olunub.

DİN-dən VOİCEPRESS.AZ-a verilən məlumata görə, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov yanvarın 18-də daxili işlər naziri, general-polkovnik Ramil Usubovun iştirakı ilə Bakı Şəhər Baş Polis İdarəsində keçirilən 2017-ci ilin yekunlarına həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirib.

Cinayətlərin profilaktikasında və açılmasında müasir informasiya texnologiyalarının tətbiqinin böyük əhəmiyyəti olduğunu deyən polis general-mayoru M.Seyidov tədbir iştirakçılarıının nəzərinə çatdırıb ki, baş idarənin və ərazi polis orqanlarının "Təhlükəsiz şəhər" xidmətinin operatorları tərəfindən 5.301 hadisə aşkarlanıb, kameraların arxiv görüntülərindən istifadə edilməklə 316 bağlı cinayət açılıb.

Onun sözlərinə görə, təqsirləndirilən şəxs qismində axtarışda olanların 73,7, ağır və xüsusilə ağır cinayətlərə görə axtarılanların isə 55,1 faizi tutulub.

Narkotiklərlə bağlı aşkar edilmiş 802 fakt üzrə qanunsuz dövriyyədən 272 kiloqramdan çox narkotik vasitə çıxarılıb.

M.Seyidov qeyd edib ki, 2016-cı illə müqayisədə paytaxtda yol-nəqliyyat hadisələrinin sayı 5,6 faiz, xəsarət alanların sayı isə 20 faiz azalıb, habelə avtoxuliqanlıq edən 92 sürücü barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi təmin edilib.

Məruzədə vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbulu işinin il ərzində ciddi nəzarətdə saxlanıldığı, 74.283 ərizə və müraciətin daxil olduğu, 1.915 vətəndaşın qəbul edildiyi bildirilib.

Baş idarənin rəisi, eyni zamanda, xidməti fəaliyyətdə yol verilmiş nöqsanlara da toxunaraq onların aradan qaldırılması üçün görülən işlər və qarşıda duran vəzifələr haqqında geniş məlumat verib.

VOİCEPRESS.AZ


Ранее » Eldar Mahmudovun ortağı Bakıya gətirildi« Далее Bakıda zəncirvari qəza, prospektdə tıxac yarandı