Məğlubedilməz xalqın qəhrəman oğlu İbad Hüseynov

Ölkə içi / Manşet

2 709

Məğlubedilməz xalqın qəhrəman oğlu İbad Hüseynov
İnsanlıq yarandığı gündən bu günədək onun əldə etdiyi ən sonuncu məşğuliyyətlərdən biri çox böyük təəssüflər olsun ki, müharibələr hesab olunur. XVII əsr Holland alimi Huqo Qrossiya 1625-ci ildə yazdığı «Müharibə və sülh hüququ haqqında» əsərində müharibənin pozulmuş ədalətin bərpası üçün bir vasitə olduğu qeyd edir. Çox qəribədir, ən qədim və zəngin bir mədəniyyətin yaradıcısı olan Azərbaycan xalqının sərbəst və azad yaşamaq hüququ neçə dəfə pozulub? Bunun üçün son üç min il ərzində ona qarşı nə qədər təcavüzlər olub, əraziləri işğal olunub, şəhərləri, kəndləri viran qoyulub, sərvətləri vəhşicəsinə talan edilib. Lakin, o heç zaman məğlub olmayıb.
Dünya hərb tarixinə Kiaksar, Atropat, Cavanşir, Babək, Şəmsəddin İldəniz, Cahanşah, Uzun Həsən, Şah İsmayıl Xətayi, I Şah Təhmasib, I Şah Abbas, Fətəli xan Əfşar, Qubalı Fətəli xan, Əlimərdan bəy Topçubaşov, Səmədağa Mehmandarov, Əliağa Şıxlınski, Tərlan Əliyarbəyov, Hüseyn xan və Cəmşidxan Naxçıvanskilər, İsrafil Məmmədov, Həmzə Sadıxov, Mehdi Hüseynzadə, Əhəmədiyyə Cəbrayılov, Vidadi Hüseynov, Cavad Həkimli, Həzi Aslanov, Ziya Bünyadrov və nəhayət Heydər Əliyev kimi hərb və dövlət xadimləri verən bir xalq təbii ki, məğlubedilməzdir.

Azərbaycan xalqı son iki əsrdə ən acı faciələri yaşayıb: əraziləri işğal olunub və tikə-parça edilib, ona iki min ildən artıq düşmən kəsilən yırtıcı kütləni – ermənilər onun doğma torpaqlarına: İrəvan, Naxçıvan, Qarabağa köçürülüb və sonradan onların əlinə silah verilərək ona qarşı insan ağlına sığmayan cinayətlər törətməyə təhrik ediliblər. 1905-1907, 1918-1920, 1921-1937, 1948-1953-cü və 1988-ci ildən bugünədək başda ABŞ olmaqla Qərb dövlətlərinin, Sovet dövləti və Rusiya Federasiyasının bilavasitə iştirakı ilə Azərbaycan xalqına qarşı ən dəhşətli cinayət-soyqırımı cinayəti törədilib. 1918-ci ildə bu cinayətkar dövlətlərin əli ilə qədim İrəvan şəhəri və ətraf bölgələr, 1921-1929-cu illərdə isə Zəngəzur və Göyçə mahalı kimi qədim Azərbaycan torpaqları ermənilərə verilərək onlar üçün «dövlət» yaradıldı.

1988-ci ildə Sovet dövlətinin və Qərb dövlətlərinin əlində dağıdıcı virus olan erməni diasporu və qondarma Ermənistan “dövləti” Azərbaycan xalqına qarşı açıq müharibəyə başladılar. Əslində bu bizim üçün heç də gözlənilməz bir hadisə deyildi. Çünki ata və babalarımız onlarn xalqımıza qarşı törətdikləri cinayətləri heç də unutmamışdılar. Cəllad Şaumyanın, Andronikin, Ter-Qabrelyanın, Hamazaspın, Lalayanın, Markaryanın, Mikoyanın, Levon Mirzoyanın, Qriqoryanın, Tatevos Əmiryanın, onların hamısının ideoloji rəhbəri Erməni Qriqoryan kilsəsinin və digər başkəsənlərin törətdikləri cinayətlər törətdiklərini bilirdilər. Müasir Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyev, hansı ki, 1918-1920-ci illərdə anası İzzət xanımın yeddi və atası Əlirza kişinin üç qardaşlarının quldur Andronikin daşnak silahlıları tərəfindən Zəngəzur mahalının Qarakilsə bölgəsinin Comərdli və Urud kəndlərində qəddarlıqla məhv etdiklərini və bütövlükdə ermənilərin XX əsrdə xalqımıza qarşı hansı ağır cinayətlərini bilirdi.

Ona görə də ermənilər və onların arxasında dayanan Rusiya Federasiyası, ABŞ, Fransa kimi cinayətkar dövlətlər, onların müdafiə etdikləri erməni faşizminə qarşı qüdrətli Azərbaycan xalqının qəhrəman övladlarının dayandığını unutmuşdular. Onlar unutmuşdular ki, erməni faşizmini içindən bilən Heydər Əliyev kimi qüdrətli dövlət xadimi, İqrar Əliyev və Ziya Bünyadov kimi alimləri, Məhəmməd Əsədov, Əlif Hacıyev, Şirin Mirzəyev, Eldar Bağırov, Mübariz İbrahimov, Fərid Əhmədov və nəhayət beynəlxalq erməni terror təşkilatı olan ASALA-nın hərbi qanadının təşkilatçılarından biri olan Monte Melkoniyanı Qarabağda məhv edən qəhrəman Azərbaycan övlad İbad Hüseynov vardır. Mənim üçün İbad Hüseynov Babəkdir, Şəmsəddin İldənizdir, Şah İsmayıl Xətaidir, Cavad xandır, Sultan bəy Sultanovdur, İsrafil Məmmədov, Ziya Bünyadov, Sadıx Həmzəyev, Mehdi Hüseynzadə, Cavad Həkimli, Əhmədiyyə Cəbrayılovdur. İbad Hüseynovu başqalarından fərqləndirən ən başlıca cəhət odur ki, o erməni faşizmini müdafiə edən dövlətlərə, xüsusilə də Monte Meckoniyanını vətəndaşı olduğu ABŞ-a və digərlərinə göstərdi ki, Azərbaycan xalqı ona qarşı təcavüz edənləri, 20 yanvar, Ağdaban, Boğanis Ayrım, Qaradağlı və Xocalı soyqırımı cinayətlərini törədənlərin aqibəti ölümdür.

İbad Hüseynovun bir Azərbaycan əsgəri və kəşfiyyatçı olaraq Monte Melkoniyanı məhv etməsi və bununla da Azərbaycan xalqına qarşı hazırlanmış dəhşətli işğal planını pozulmuş oldu. İbad Hüseynovun bu addımı erməni faşizmə və onun himayədarlarına endirilmiş zərbə idi. O zaman onun tərəfindən atılan bu addım dövlət müstəqilliyin yenicə bərpa etmiş Azərbaycan xalqı və dövləti üçün yaranmış ağır fəlakətin qarşısının alınması idi. İbad Hüseynov Monte Melkoniyanı məhv etməklə erməni faşizminin qurbanı olmuş bütün türk dünyası övladlarının qisasını almış oldu. Azərbaycan xalqının qəhrəman oğlu İbad Hüseynovun bu addımı müasir Azərbaycan dövlətinin banisi, Azərbaycan Respublikasının Prezidenti, Ümummilli lider Heydər Əliyev tərəfindən yüksək qiymətləndirilərək 9 oktyabr 1994-cü ildə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edildi.

Doğrudur, İbad Hüseynov keçirdiyi həmin kəşfiyyat əməliyyatından sonra ölümcül yaralansa da, Vətəninə, torpağına, anasına, millətinə və dövlətinə olan sonsuz məhəbbət onu həyata qaytardı. İbad Hüseynovun türk dünyasına göstərdiyi xidmətə görə Türkiyə Cümhuriyyəti dövlətinin razılığı ilə paytaxt Ankara şəhərinin bir küçəsi və Qaziantep şəhərində bir park onun adı ilə adlandırılmışdır. Türkiyə dövlətinin bu addımını qardaşlıq və milli həmrəyliyin təsdiqi kimi qiymətləndirmək lazımdır. O ağır, lakin İbad Hüseynov kimi igid və cəsur Azərbaycan övladlarının göstərdikləri qəhrəmanlıq dövründən 23 il keçsə də, heç nə unudulmur. Bu illər ərzində bütün çətinliklərə baxmayaraq çox güclü Azərbaycan dövləti və onun Ordusu yaradılmışdır. Müasir Azərbaycan Ordusu hazırda dünyanın ən güclü ordularından sayılır. O hər gün təxribatlara əl atan işğalçılara layiqli zərbələr endirir. Bu günki Azərbaycan əsgəri üçün İbad Hüseynov igidlik və qəhrəmanlıq simvoludur. Mən qəti əminəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «İrəvan Azərbaycan torpağıdır, Göyçə Azərbaycan torpağıdır, Qarabağ Azərbaycan torpağıdır və biz azərbaycanlılar bu torpaqlara qayıdacağıq və bu torpaqlarda Azərbaycanın bayrağı dalğalanacaqdır» çağırışına cavab verən İbad Hüseynov kimi milyonlarla qəhrəman övladlarımız vardır və onlar Vətən torpaqlarını azad edərək Bütöv və Bölünməz Azərbaycanı yaratmağa nail olacaqlar.

İbad Hüseynov və onun kimi milyonlarla Azərbaycan övladlarına dərin məhəbbət və inam hissi ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, professor: Cəbi Bəhramov

VOİCEPRESS.AZ


Ранее » Atəşkəs 121 dəfə pozulub« Далее “Böyük Ermənistanı necə inkar etmək olar?” - qalmaqallı dərsliyin müəl...