“Axıskalıların Vətən həsrəti”

Ölkə içi / Mədəniyyət / Manşet

1 233

“Axıskalıların Vətən həsrəti”
Türk tarix və mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan Axıska Türkləri Gürcüstanın cənubunda, Türkiyənin quzey sərhədləri, Kür çayının yuxarı mənbəyinə yaxın və Çoruh çayının sahillərindən Borçalıya qədər uzanan ərazidə, Axıska bölgəsi və Çıldır yörəsində, Adıgün, Aspinza, Axalgələk bölgələrində yaşayırdılar. Bu coğrafiyada Türklərin qədim izləri eramızdan əvvəlki minilliklərə gedib çıxır. Belə ki, qədimdən buntürklərinin yaşadığı Gürcüstanda oğuz, qıpçaq, tayfalarının məskunlaşdığı torpaqlar olmuşdur. Bununla bağlı məlumatlara həm Gürcü həm də Türk mənbələrində rast gəlmək mümkündür.

Türk tarixçisi Fahrettin Kırzıoğlu Gürcüstanda qədim Türklərin yerləşməsindən bəhs edərkən Kür çayı sahillərində yerləşmiş buntürklərinin adını çəkir və qeyd edir ki, burada mövcud olan yüzlərlə, minlərlə türk mənşəli toponimlər qədim Türk tayfalarının adı ilə bağlıdır. 1

Gürcü mənbəsi "Kartlis Sxovreba"da da buntürk (bunturki – buntürklər – qədim türklər) adı ilə yanaşı eli (el), tatarni (tatarlar), turkmani (türkmənlər), turkni (türklər), osmani, peçeneqi, uyğurlar, uclar, qacarlar, qaraqoyunlar, xəzərlər, səlcuqlar haqqında məlumatlar vardır.2

Axıska sözünün etimalogiyası, Türklərin tarix və mədəniyyətinin misilsiz dastanı sayılan “Kitabi Dədə Qorqud”da “Ağ-sıka” “Ağ qala”

mənasında ifadə edilir. Bu gün də Gürcüstanda, Türklər yaşayan bölgələrdə “Ağ qala”, “Ağca qala” kimi tanınan abidələr mövcuddur. Buna misal olaraq Marnauli rayonu ərazisində Quşçu kəndi yaxınlığındakı “Ağca qala”, Bolnisi rayonu ərazisində “Ağ qala” abidələrini göstərmək olar.

Axıska bölgəsi təbii şərait baxımından dağlıq, dağətəyi və düzən zonalardan ibarətdir. Bu ərazi uca dağları, sıx meşələri, məhsuldar torpaqları və ucsuz-bucaqsız vadiləri ilə maraq doğurur. Ahıska və Cavaxet sıra dağları, Ahıskanın ən hündür və geniş dağ silsiləsidir. Bunlar Qafqaz sıra dağlarına söykənir. Ahıska dağının dəniz səviyyəsindən orta yüksəkliyi 2850 metr olub, uzunluğu 150 km-ə çatır. Cavaxet silsiləsinin orta yüksəkliyi isə 3300 metr, uzunluğu isə 50 km-dir. Öz mənbəyini başı qarlı dağlardan götürən Kür, Çorox, Poshof çayları bu mahalda qovuşaraq dağətəyi və düzən ərazilərdən keçib Xəzər dənizinə tökülür.3

Axıska türklərinin tarixi, sürgünlük həyatının müxtəlif sahələri bəzi müəlliflərin əsərlərində öz əksini tapmışdır. Bu baxımdan, Tahircan Kukulovun 1999-cu ildə Bakıda nəşr etdirdiyi “Ahıska türklərinin tarixinə bir nəzər” əsərində müəllif göstərir ki, “əlverişli coğrafi şəraitə, zəngin floraya, faunaya, mülayim iqlimə malik olan Ahıska, yer kürəsində ibtidai insanlarının formalaşdığı ərazilər sırasına daxildir”.4 Şübhəsiz ki, belə əlverişli təbii şərait xalqların mədəniyyətinin inkişafı üçün olduqca yararlı olmuşdur.

Bölgənin tarixinin, folklorunun, etnoqrafiyasının öyrənilməsi və təbliğində böyük xidmətləri olan Prof. Dr. Asif Hacılı yazır: “Türk-islam nüfuzunun Axıskada, ümumən cənubi-qərbi Qafqazda əhəmiyyətini belə bir fakt da təsdiq edir: həmin dövrlərə aid gürcü mənbələrində indiki Gürcüstan ərazisi “Kartveloba” (“Gürcüstan”) və “Didi Türkoba” (“Böyük Türküstan”) adlı iki hissəyə bölünür! Əsas mərkəzi Axıska-Axılkələk və Borçalı olan “Didi Türkoba”nın hərbi-siyasi qüdrəti 13-cü yüzildə elə güclənir ki, İlxanlılar dövründə, yəni 1267-ci ildə türklər Axıskanın Gürcüstandan asılılığına son qoyur və paytaxtı Posof yaxınlığında Caksu qəsəbəsi olan Samshida qıpçaq bəyliyi yaratdıqlarını elan edirlər... Samshi bəyliyi müəyyən dövrlərdə zəifləsə də 1578-ci ildə Osmanlı fəthinə qədər faktiki müstəqilliyini və Türklüyünü saxlayıb, Axıska bəyliyi, gürcü mənbələrində isə Saatabaqo, Samshi Saatabaqo (Atabəylər yurdu, Samshi Atabəyliyi) kimi tanınıbdır.5

1578-ci ildən 1828-ci ilə qədər Axıska bölgəsi Osmanlı torpaqlarında eyni adla bir əyalətin mərkəzi olur. 1828-1829- cu illərdə Rus-Türk müharibəsi nəticəsində imzalanan Ədirnə müqaviləsinə əsasən Axıska torpaqları Çar Rusiyasının himayəsinə keçir.

N.N.Şavrov Rusiyanın Zaqafqaziyadakı müstəmləkəçilik siyasəti haqqında yazır: “Biz müstəmləkəçilik fəaliyyətimizə Zaqafqaziyada rusların deyil, bizə yad olan xalqların yerləşdirilməsindən başladıq... 1826-28-ci illər müharibəsinin qurtarmasından sonrakı iki il ərzində 1828-ci ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə erməniləri köçürmüş və onları Yelizavetpol (Gəncə) və İrəvan quberniyalarının ən yaxşı dövlət torpaqlarında yerləşdirmişdik ki, orada erməni əhalisi cüzi idi. Onları həmçinin Tiflis quberniyasının Borçalı, Axıska və Axılkələk qəzalarında yerləşdirdik, onların yerləşdirilməsi üçün 200 min desyatindən artıq dövlət torpağı ayrılmışdı.” 6

1829-cu ildə “Ədirnə müqaviləsi” ilə Osmanlı dövlətindən qoparılıb Rusiya imperatorluğuna ilhaq edilən Axıska və Axalkələk

bölgəsi, 1920-ci ildə Rusiyada bolşeviklərin hakimiyyətə gəlməsi ilə nəzarətsiz zonaya çevrilir. Həmin vaxt cənubi Borçalı ərazilərindən olan Loru-Pəmbək bölgəsi də ermənilərin silahlı basqısı ilə neytral ərazi elan edilmişdi. Əhalisi əsas etibarilə müsəlman acarlar və türklərdən ibarət olan bu Axıskalılar sovetlərin 1917-ci ildə elan etdiyi “Rusiyadakı millətlərin haqlarına aid bəyannamə” hüququndan istifadə edərək 26 aprel 1918-ci ildə ümumi bir qərarla Türkiyəyə birləşmək istədiklərini bildirmişdilər. Ona görə də Batum, Axıska, Acar və Axalkələk bölgələri xalqının Osmanlı hökumətinə göndərdiyi bu imzalı - möhürlü müraciəti Osmanlı hökuməti tərəfindən qəbul edilsə də, sonrakı hadisələr bu istəyin reallaşmasına imkan verməmişdir.

Professor Yunus Zeyrekin 2001-ci ildə Ankarada nəşr olunan “Ahıska bölgesi ve Ahıska türkleri” adlı əsərində, Axıskanın tarixi, coğrafi mövgeyi, Axıskalı milli qəhramanlar haqında geniş məlumat verilmişdir. Bu xalqın mədəni dəyərlərinin müxtəlif tarixi mərhələlərdə özünəməxsusluğu xüsusilə vurğulanır.7

Xalqın dili onun milli mədəniyyətinin ayrılmaz tərkib hissəsidir. Axıskalıların danışıq dilinin Türk dilləri qrupuna daxil olması danılmaz həqiqətdir. Vətənə, torpağa, millətə, dinə, dilə bağlılıq Axıskalıların etnosiyasi həyatının ən mühüm əlamətlərindən sayılır. Axıskalıların etnomədəni dəyərləri, adət-ənənələri, insan və yer adları müxtəlif bədii nümunələrdə, kitabələrdə, Türkün qiymətli xəzinəsi hesab edilən «Kitabi-Dədə Qorqud», «Bilqamıs», «Manas», «Oğuz Kağan», «Şah qızı» kimi dastanlarda öz əksini tapır. Alp-ərənlərinin mərd, mübariz xarakteri, vətən eşqi, yurd sevqisi Axıskalılar üçün tarixi nümunə olub. Həmin dastanlarda qəhrəmanların dünyaya gəlişi, azadlıq uğrunda mübarizəsi, vətənpərvərliyi dosta dost, düşmənə qənim olması və s. amillər ümumtürk adət-ənənəsinə mənsubluğun nişanələridir.

Axıska türkləri 202 kənddə məskunlaşmışdılar və onların ümumi sayı, tarixin müxtəlif dövrlərinə görə dəyişmişdir. 1897-ci ildə Çar Rusiyasının apardığı siyahıyaalmaya əsasən, təkcə Tiflis quberniya-sının Axalçix qəzasında əhalinin 35,1 faizini Axıska türkləri (24.317 nəfər) təşkil edirdilər.8 XX əsrin 40-cu illərində Gürcüstanda bu rəqəm 195.000 nəfərə çatırdı.

II Dünya müharibəsinədək orduya çağırılmayan Axıskalılardan müharibə başlayan kimi əli silah tutan hər kəsi, təxminən, 40 min nəfəri orduya aldılar. Geridə qalan yaşlı, qadın və uşaqlar isə Axıska-Borjom dəmiryolunun inşasına cəlb edildilər. Əhali xəbəri də olmadan gələcəkdə sürgün ediləcəkləri dəmiryolunu özləri tikməyə başladılar. Müharibənin sonlarına yaxın qələbənin sevinci ilə yaşayan Stalin Almanlarla əlaqə yarada biləcək Türk və Türkiyə meylli xalqları cəzalandırmaq qərarına gəldi. Yüz minlərlə əhali öz yurdlarından sürgün edildi. Sürgün edilənlərin içərisində Axıskalılar da var idi, halbuki onlara atılacaq böhtan belə tapılmamış, guya ki, onların müdafiəsi üçün köçməli olduqları bildirilmişdi. Mikoyanın təhriki, Stalinin imzası, Dövlət Müdafiə Komitəsinin 31 iyul 1944-cü il 6279 saylı qərarı ilə Axıskalıların sürgün əmri verildi. Qərar belə əsaslandırılırdı:

Gürcüstan SSR dövlət sərhəddini qorumaq məqsədilə lazım olan şərtləri təmin etmək üşün Dövlət Müdafiə Komitəsi, aşağıdakı qərarları alır:

- Gürcüstan SSR-nin sərhəd bölgəsi olan Axıska, Adıgen, Aspiniza, Ahalkələk və Bagdanovaka rayonlarıyla Acarıstan muxtarıyatından Türk, Kürt və s. olmaqla 86.000 nəfərlik əhalinin 40.000 nəfəri Qazaxıstan SSR-ə, 30.000 Özbəkistan SSR-ə, 16.000 isə Qırğızıstan SSR-ə köçürülsün. Köçürülmə SSRİ Xalq Daxili İşlər Komisarlıgına tapşırılsın, köçürmə prosesinə 1944-cü ilin noyabrında başlansın;

- Bu ərazilərə gələnlərə hər cür yardim göstərilsin, köçürülüb göndərilmiş əhalidən qalma ərazi və ev heyvanlarının əsası yeni gələnlərə verilsin, yeni gələnlər 1945 –ci ildə vergilərdən azad olunsun.9

Sənəd elə tərtib olunmuşdur ki sanki Axıskalıların köçürülməsi üçün hər bir tədbir görülüb və onların huquqları qorunacaq. Amma belə olmadı. Axıska Türkləri 1944-cu ilin soyuq qış ayında (noyabr) bir neçə saat içində köçə məcbur edildilər. Bu köç Axıskalıların tarixində ən agır faciələrdən biri idi. Belə ki 2 saat içində qapalı heyvan vaqonlarına yığılan və göndəriləcəyi yerə çatana qədər enməyə icazə verilməyən Axıskalılarin təxminən 30-40 mini yoldaca aclıq, susuzluq, xəstəlik və başqa səbəblərdən öldü.

Axıskalıların bu faciəsi, ağrı-acıları xalqın folklorunda da öz əksini tapdı.

Axıska bir gül idi gitti,

Bir ehli dil idi gitti,

Söyleyin Sultan Mahmuda,

İstanbulun kilidi gitti!

Sürgün həyatı, bu ağrı-acılı tarix Axıskalıların hər birinin qəlbində dərin iz buraxdı. Axıskalıların Qazaxıstan çöllərində yaşam mücadiləsi

asan olmadı. Quru səhra iqliminə alışmaq, saf bulaqları, münbit torpağı olan Axıskalılar üçün dözülməz idi. Axıskalıların daha tez ünsiyyət qurduğu insanlar, ləhcə və dil yaxınlığı baxımından Azərbaycanlılar oldu. Belə ki, Azərbaycanlılar bu iztirabın nə demək olduğunu yaxşı bildirdilər. 1920-ci illərdə Sovetlər Birliyində başlayan siyasi represiyaların ən ağır zərbəsi Azərbaycana dəydi. Onlar Azərbaycan ziyalılarının nümayəndələrini təcrid edir və qırırdılar, yüzlərlə adam Solovetsk adalarına, Suzdala, Novqoroda, Orta Asiya və Sibirə sürgün edildilər.10 Tarixi məlumatlarda, o zaman təqribən 120 min Azərbaycanlının məhz Qazaxıstana sürgün edildiyi qeyd olunur.

1944-cü ildə Qazaxıstana sürgün edilən Axıskalılar Canbul, Çimkənd və Almatı vilayətlərində Azərbaycanlılarla mehriban dostluq və qardaşlıq şəraitində yaşadılar. Elə bu səbəblə, Gürcüstandan Orta Asiya və Qazaxıstana deportasiya edilmiş Axıska türklərinin bir qrupuna 1958-ci ildən başlayaraq Azərbaycanda məskunlaşmağa icazə verildi.11 Onlar əsasən Saatlı rayonunda məskunlaşdılar. 1989-cu ildə Axıskalıların Özbəkistandan qaçqın düşmüş 40 min nəfərlik bir qrupuna Azərbaycanda yerləşmə imkanı verilməsi ilə 1990-cı ilin əvvəllərində Azərbaycanda yaşayan Axıskalıların sayı 60 min nəfərə çatdı.

Axıska Türklərinin əzəli torpaqları sayılan Gürcüstandan sürgün edilməsi bu xalqın mədəni həyatında dərin iz buraxsa da Axıska Türklərini ən ağır şəraitdə belə öz tarix və mədəniyyətlərini unutmamağa sövq etmiş, mübarizə əzmini artırmışdır. Təqdirəlayiq haldır ki, Ahıska Türkləri həmişə Gürcüstandakı tarixi yerlərə qayıtmaq, orda yaşamaq ümidlərini itirməmişlər.

Vaxtilə SSRİ Nazirlər Sovetinin, Əmək və Sosial Məsələlər üzrə Dövlət Komitəsinin materiallarında da göstərilirdi ki, Axıska Türklərinin öz tarixi ata-baba torpaqlara qayıtmaq inamı qalmaqdadır. Sənədlərdə həmçinin qeyd olunurdu ki, Fərqanə hadisələrindən sonra Axıskalıların Özbəkistan ərazisindən köçməsi davam edir. Təbii ki, Axıskalıların oradan köçməsini mərkəzin rəsmi dairələri guya Axıskalılarla Özbəklər arasında münaqişə ilə əsaslandırmağa çalışırdılar. Şübhəsiz ki, milli siyasətin əvvəlcədən düzgün həyata keçirilməməsi, məişət səviyyəsində

toqquşmaların baş verməsinə zəmin yardır. İndi də elmi dövriyyədə olan materiallarda etiraf olunur ki, həmin münaqişənin yaranması SSRİ-nin dağılma prosesində mərkəzi idarə sisteminin zəiflədiyi, milli münaqişələrin başladığı dövrdə baş vermişdir.

Axıska Türklərinin Azərbaycanda məskunlaşması xüsusi dövlət yardımı ilə təşkil edilməklə yanaşı, ictimai diqqətdən də kənarda qalmamışdır. Fərqanə faciəsindən sonra Saatlı rayonunun Adıgün kolxozunda məskunlaşmış Ahıska Türklərinin vəziyyəti, onların zəhmətsevərliyi haqqında o vaxt respublikanın əksər kütləvi informasiya vasitələrində geniş məlumatlar verilmişdir.

Qısa müddət ərzində özlərinə ev-eşik qurmuş Axıskalıların vətənə, torpağa bağlılığını, milli adət-ənənəyə sadiqliyini çox asanlıqla görmək olurdu. Öz milli ruhunu saxlaya bilmək bacarığı, əsrlərin keşməkeşində milli mədəniyyət nümunələrinə isti münasibət, bu xalqın milli-mənəvi dəyərləri uca tutmasından xəbər verirdi.

1992-ci ildə Turgut Özal döneminde Türkiyədə “Ahıska Türklerinin Geri Dönüşleri ve İskânı” ilə bağlı qunan qəbul edilmiş və bu qanuna görə 1993-cü ildə onlardan 300 aile Iğdıra yerləştirilməsi nəzərdə tutulsa da Axıskalılardan sadece 150 ailə Türkiyəyə köç edə bilmişdir. O dönemde Axıskalılar Türk soylulara tanınan haqlardan istifadə edərək oturma ve çalışma izni almışlar. Hal-hazırda isə Türkiyədə 200.000-ə yakın Axıska Türkünün yaşadığı təxmin edilir.

Bu gün Axıskalılar Azərbaycanda da digər xalqlar kimi dostluq və qardaşlıq şəraitində yaşayırlar. Onlar öz tarixi kökləri, milli adət- ənənə və folklor nümunələrini bayram tədbirləri və şənliklərdə nümayiş etdirirlər. Dünyada ümumi sayı təxminən 600.000 olan Axıska Türkləri dünyanın 15 – dən artıq ölkəsində yaşamaqdadırlar. Gürcüstan Avropa

Şurası qarşısında Axıska Türklərinin geri köçürülməsi ilə bağlı öhdəliklər götürsədə, təssüf ki, bu iş hələ də yerinə yetirilməyib.

Azərbaycan-Türkiyə-Gürcüstan münasibətlərinin inkişaf etdiyi, böyük ticarət əlaqələrinin qurulduğu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri və Bakı-Tbilisi-Kars dəmiryolu xətti kimi böyük layihələrin həyata keçirildiyi, hər üç ölkənin iqtisadiyyatına öz müsbət təsirini göstərdiyi bir vaxtda , sosial - mədəni əlaqələrin də inkişafına diqqət yetiriləcəyi, Axıskalılar üçün də əlverişli qərarların qəbul ediləcəyi gözləniləndir.

Mahir Qəribov
Tarix elmləri üzrə fəlsəfə doktoru


VOİCEPRESS.AZ


Ранее » Tanınmış bəstəkardan ürəkləri riqqətə gətirən mahnı - "Uşaqlar heç ağ...« Далее Ramiz Əzizbəyli təcili Türkiyəyə aparıldı