İtkin düşən neftçilərlə bağlı yeni məlumat yayıldı

Ölkə içi / Manşet

1 076

İtkin düşən neftçilərlə bağlı yeni məlumat yayıldı
Axtarışla əlaqədar xarici bayraq altında üzən gəmilərlə mütəmadi məlumat mübadiləsi aparılır

Xəzərdə baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin axtarış zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib.

Bu barədə Axtarış-xilasetmə Qərargahından VOİCEPRESS-ə verilən məlumatda bildirilir.

Qeyd olunur ki, "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-yə məxsus ümumilikdə 44 gəmi və üzən vasitə, 6 helikopter, habelə 700-dən artıq canlı qüvvə cəlb edilməklə intensiv davam etdirilən axtarış-xilasetmə əməliyyatları, uzunluğu 100 km, eni isə 72 km olan geniş ərazini əhatə etməkdədir.

Hazırda hadisənin baş verdiyi rayonda hava şəraiti, küləyin, sualtı və suüstü axıntıların istiqaməti və sürəti təhlil olunaraq, axtarış-xilasetmə zonasının daha da genişləndirilməsi barədə qərar qəbul edilib və bununla əlaqədar olaraq, adıçəkilən Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzləri ilə mütəmadi məlumat mübadiləsi aparılır.

Eyni zamanda, sahilboyu ərazilərdə Fövqəladə Hallar Nazirliyi və Dövlət Sərhəd Xidmətinin canlı qüvvələri tərəfindən də axtarış tədbirləri həyata keçirilir.


VOİCEPRESS.AZ


Ранее » Şəhidimizin medalı valideynlərinə təqdim olundu« Далее Azərbaycanda rəqəmsal yayıma tam keçidin vaxtı bilindi