Gələcək onillikdə 30 milyon qız sünnət təhlükəsi ilə üz-üzədir

Qadın dünyası

855

Gələcək onillikdə 30 milyon qız sünnət təhlükəsi ilə üz-üzədir
Qadın sünnəti tibbi müdaxilə olmadan vaginanın bir hissəsinin və ya hamısının götürülməsidir.

Qadın cinsi orqanı olan klitorun kəsilməsi ilə qadınlar cinsi əlaqədən heç bir həzz almır və yalnız nəsil artırmaq üçün cinsi münasibətdə olurlar.

Bu qadınlar üçün çox ciddi insan hüquqları pozuntusu hesab olunur. Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qadın cinsiyyət orqanlarının qeyri-tibbi ehtiyaclardan bilərəkdən dəyişdirilməsi məqsədilə keçirilmiş bütün əməliyyatları qadınların cinsi əzalarının şikəst edilməsi hesab edir.

UNİCEF-in sonuncu (2013) qadın sünnəti hesabatına görə, dünyada 125 milyondan çox qız uşağı və qadın sünnət edilib. Gələcək onillikdə isə 30 milyon qız sünnət təhlükəsi ilə üz-üzədir.

Qızlar daha çox 4 - 12 yaş arasında sünnət edilirlər.

Sünnət qadınlara fiziki təsirlərdən əlavə psixoloji təsir də göstərir. Belə bir zorakılığa məruz qalan qadınlar, adətən, ailələri tərəfindən xəyanətə uğradıqlarını və cəzalandırıldıqlarını düşünürlər. Qadını cinsi cəhətdən qeyri-aktiv etmək üçün bu praktika bir cəza üsuludur. Qadınlara böyük bir zərbə vuran bu hadisə yuxusuzluq, özünə etibarsızlıq, iştahsızlıq və ya həddindən artıq yemək istəyi kimi problemlər yaradır.
VOİCEPRESS.AZ xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri, “İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru Rafiq Əliyev modern.az-a açıqlamasında Quranda qadın sünnəti ilə bağlı heç bir hökmün olmadığını qeyd edib.

“Təkçə islamda deyil, ümumiyyətlə heç bir səmavi dində (islam, xristianlıq, iudaizm) bununla bağlı hökm yoxdur”.

Qadın sünnətinin ən çox yayıldığı region Afrika və Cənub-Şərqi Asiyadır. Somalidəki qızların 98%-i sünnət edilir. Bu adət daha çox müsəlmanların yaşadığı regionlarda yayılsa da, xristian dininin geniş yayıldığı Nigeriya, Tanzaniya və Nigerdə də çox tətbiq edilir. Qadın sünnəti Nigeriyada 2015-ci ildə qadağan edilib.

Bu müsbət addım olsa da, mütəxəssislər heç bir əngəlləyici mexanizmlər tətbiq olunmadığı müddətdə qadın sünnətinin qanunsuz yollarla davam edəcəyini söyləyirlər. Təsadüfi deyil ki, 2016-ci ilin ortalarında Dağıstanda qadınların hamılıqla sünnət edilməsinə dair olunan çağırışla bağlı xəbərlər yayılırdı.

Bəzi hədislərdə ilk sünnət olunan qadının məhz İbrahim peyğəmbərin ikinci xanımı Həcər xanım olduğuna dair fikirlər mövcuddur.

Bununla bağlı R.Əliyev qeyd edib

“İbrahim peyğəmbərin birinci xanımı Saranın övladı olmurdu. Razılıq əsasında Həcər xanımla evlənən İbrahim peyğəmbərin Həcər xanımdan İsmayıl adlı oğlu dünyaya gəlir.

Nəzərə alsaq ki, qadın sünnəti həzzin azalması və yalnız nəsil artırmaq üçün tətbiq olunur , fərz edirəm ki, Həcər xanımın sünnət olunması məhz Sara xanımın istəyi ilə həyata keçirilib”.

Bəzi mənbələrə görə, qadın sünnətindən Afrika və Asiyada fahişəliyin qarşısını almaq üçün istifadə olunur. Lakin araşdırmalar göstərir ki, bunun tətbiq olunduğu ölkələrdə fahişəlik heç də az yayılmayıb. Hətta “seks-turizm” anlayışı da daha çox Afrika üçün istifadə olunur və Afrikanın bəzi bölgələri fahişələrin ucuz xidməti ilə tanınır.

Afrikalı top model Varis Dirie 1997-ci ildə dərgilərin birinə verdiyi müsahibəsində 5 yaşında sünnət olunduğunu ilk dəfə açıqlayıb.

O,“Səhra çiçəyi” adlı avtobioqrafik romanında qeyd edib ki, qadın sünnəti sadə bir şəkildə, kənddə hansısa bir qadın, yaxud mamaça tərəfindən heç bir ağrıkəsici istifadə edilmədən həyata keçirilir.

“Hansı kəsici alət olması fərq etmir: ülgüc, bıçaq, şüşə sınığı, qayçı, iti daş və s. kimi alətlərlə qızlar sünnət edilir”.

Romanda hətta bəzən sünnət edən qadınların klitoru dişləri ilə qopardıqları da qeyd olunur. Sünnət yerinin sağalması üçün bir neçə gün qızlar evdən uzaqda, səhralıqda tək başına tərpənmədən yatmalı olurlar. Bəzən yaralar infeksiya qaparaq daha pis nəticələrə gətirib çıxarır. Somalidə qızı sünnət olunmayan kişi cəmiyyət tərəfindən yaxşı qarşılanmır.

Qadın sünnəti ilə qızlar yetkinləşir, onlar daha ciddi şeylər üzərində düşünməyə başlayır və yalnız bundan sonra onlar uşaq sahibi ola bilərlər. Sünnət olunmayan qızlar Misir, Somali, Sudan kimi ölkələrdə murdar hesab olunur. Amma bu sünnət qızlar üçün cəhənnəm əzabına çevrilir. Hazırda bir çox ölkələrdə bu adət qanunla qadağan olunsa da, yenə də müəyyən qanunsuz yollarla icra edilir.

Dünyaca məşhur bəzi elm xadimlərinin məlumatlarına əsaslanaraq deyə bilərik ki, dünyəvi dinlərdə qadın sünnəti heç də hazırda Afrika və Asiyada tətbiq edilən sünnətlə eynilik təşkil etmir.
Tətbiq olunan sünnət qadınların həzzinin aradan qaldırılması üçün nəzərdə tutulsa da, dində bunun əksinə klitorun üzərini örtən dərinin soyulması əməliyyatı nəzərdə tutulub.

Klitorun kəsilməsinin insan orqanizmi üçün müəyyən ağrılar verdiyi və qadınları yarımçıq hiss etdirdiyini nəzərə alsaq, deyə bilərik ki, bu, dini baxımdan zülm hesab edilir.

Və Quranda zülm etmək haram, qadağan hesab olunursa, bunun klitorun götürülməsi deyil, yalnızca dərinin çıxarılması ehtimalı daha çox uyğun gəlir. Lakin bunu etmək üçün də heç bir qadın məcbur edilə bilməz. Sadəcə bu dini ayinlərə əsaslanaraq müxtəlif xalqlar tərəfindən öz adət-ənənələrinə çevrilərək səhv tətbiq olunur. Təsadüfi deyil ki, sorğu əsasında bu əməliyyatı keçirmiş qızlar “çərtiblər”, “bir azca kəsiblər”, “bir qadın dişi ilə qopardıb”, “ülgüclə kəsiblər” kimi ifadələr işlədib.
Hazırda qadın sünnətinin adi insanların, heç bir tibbi müdaxilə olmadan həyata keçirməsi əlavə bir problemdir.

Varis Dirie də romanda qeyd edir ki, Somalidə bu cür şəraitdə edilən sünnət nəticəsində qanaxmadan, infeksiyadan və “əməliyyat” zamanı ağrıdan şoka düşüb ölənlərin sayı çoxdur. Və bu sünnət bir ömür boyu qadının adət dönəmində onun üçün əsl cəhənəm əzabına çevrilir.

Fəlsəfə elmləri doktoru Əli Rza Dəmircanın “ İslama əsasən seksual həyat” kitabında qız sünnəti mövzusunda bir hədisə yer verilib. Hədis Ümmü-İ-Mühacir adlı bir möminə xanımın dilindən nəql edilir:

“Mən Rum məmləkətindən əsir götürülən kənizlərin arasında idim. Həzrəti Osman bizə müsəlmanlığı başa saldı. Məndən və bir nəfər kənizdən başqa müsəlmanlığı qəbul edən olmadı. Həzrəti Osman bizim haqqımızda belə dedi:

Bunları aparıb sünnət etdirin və çimizdirin.”
Bir sıra mütəxəssis qeyd edir ki, qadın sünnəti düzgün yerinə yetirildiyi halda bu seksual həzzi azaltmır, əksinə bu hissi daha da gücləndirir.

Ginekoloq Cəlil Bağırov bildirib ki, əslində qadın sünnəti ilə klitoropeksi ( kiçik əməliyyat) təxminən eyni şeydir.

“Əfsuslar olsun ki, bu gün qadınlara sünnət kütləvi olaraq kor təbii şəkildə tətbiq olunur. Bunda məqsəd isə cinsi istəyi azaltmaq və bakirəliyi qorumaqdır. Əlbəttə belə bir durumla rastlaşan xanımlarda əsəb, stress kimi psixoloji hallar yaşanır. Və bu qadınların hətta spid, Hepatit B,C kimi viruslara yoluxma təhlükəsi vardır”.

Belə ki, düzgün qadın sünnəti hazırda estetik əməliyyat hesab olunan klitoropeksi əməliyyatı ilə eyniləşdirilir. Belə ki, klitorun üzərindəki dərinin klitoru gizləməsi səbəbi ilə orqazm olmaqda çətinlik çəkən qadınlarda bu dəri əməliyyatla alınır. Bununla klitor üzə çıxarılır və və qadının orqazm problemi aradan qaldırılır”.

C.Bağırov deyib ki, klitoropeksi əməliyyatını işini bilən həkim edərsə, bu əməliyyat tamamən ziyansızdır və həzzi artıra bilər.

“Klitoropeksi klitorun üzərindəki dərinin götürülməsidir ki, bu da təxminən kişilərdəki sünnətlə eynilik təşkil edir. Bu gün xanımların problemlərindən biri də onların orqazm olmaması və ya az olmasıdır.
Əməliyyatdansa, ziyansız və heç bir vəsait ödəmədən "ön sevişməyə" üstünlük vermək daha məqsədə uyğundur. Həm cütlüklər arasında bağlılıq artar, həm də hər iki tərəf cinsi aktdan həzz alar. Amma zatən klitor sinirlə zəngin bir hissədir. Onun əməliyyata, sünnətə ehtiyacı yoxdur.”

Qeyd edək ki, ərəblərdə sünnət gözəllik, təmizlik hesab olunur. Kişilərdə sünnət kişi cinsiyyət orqanının başını örtən və qoruyan üst dərinin (prepus) bir qisminin və ya hamısının kəsilib atılmasıdır. İslamdan əvvəl ərəblərdə həm qadınların, həm də kişilərın sünnət olunmasına dair faktlar var.

Ərəb dilində kişi sünnətinə “xitan”, qadın sünnətinə isə “hafd” deyilir. Sünnət olunacaq yer “əl-xitan” adlanır. Bu söz isə kişi və qadın üçün istifadə olunur.

Hədislərdə ilk sünnət olunan şəxs məhz İbrahim peyğəmbər olduğuna görə onun xanımı Həcər xanımında ilk sünnət olunan qadın olması həqiqətə daha çox uyğun gəlir. Lakin bəzi tarixçilər sünnətin Misirdə yarandığını qeyd edir.

Əli Rza Dəmircanın “ İslama əsasən seksual həyat” kitabında yenə bir hədis oxuculara çatdırılır:

Məhəmməd Peyğəmbər qız sünnətçisi kimi tanınan Ümmü Ətiyyə adlı qadını belə bir tapşırıq verir:

“Qızları sünnət edərkən toxunmaqla kifayətlən (klitora və ondakı sinirlərə toxunma, bu işi onu əhatə edən hissədə gör). Belə etmək qadına daha çox həzz verir, ərini də daha çox xoşbəxt edir”.

Qısacası, nə qadın sünnəti, nə də kişi sünnəti Quranda hər hansısa ayədə qeyd olunub. Hər ikisi hədislərə əsasən tətbiq olunur. Lakin qadın sünnətindən hazırda qadınların cinsi əlilliyi və bakirə qalmaları üçün istifadə olunur və bu kortəbii şəkildə aparıldığı üçün “qadınlara şiddət” şüarı altında təqdim olunur. Qadınların əzab çəkməsinə səbəb olmaq isə bütün mənalarda bu edən şəxslərə haram hesab edilir.

Hazırda əksər regionlarda bu əməliyyat qanunla qadağandır.


VOİCEPRESS.AZ


Ранее » Fəxriyyə Xələfovanın işləri ilk dəfə Ermitajda« Далее Hamilə xanımlar üçün menyu
Flag Counter