Şair-publisist Taleh Həmid vəfat etdi

Mədəniyyət / Manşet

1 430

Şair-publisist Taleh Həmid vəfat etdi
Şair, publisist və jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü Taleh Həmid 64 yaşında vəfat edib.

VOİCEPRESS.AZ bildirir ki, bu barədə şairin ailəsindən məlumat verilib.

Taleh Həmid 1952-ci il iyunun 19-da Şəmkir rayonunun Dəllər Cəyir kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra 1970-1972-ci illərdə sovxozda əmək fəaliyyətinə başlayıb. 1972-ci ildə ordu sıralarında xidmət edib, 1974-1979-cu illərdə Kənd Təsərrüfatı Nazirliyində işə başlayıb. Nazirliyin baş idarəsində kadrlar şöbəsində xüsusi işlər üzrə müfəttiş, daha sonra isə (təhsildən ayrılmadan) təsərrüfat müdiri vəzifəsində çalışıb. 1975-1980-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.

1980-ci ildə Gənc Jurnalistlərin II Ümumittifaq, 1984-cü ildə Gənc yazıçıların VIII Ümumittifaq müşavirələrində iştirak edib. 1985-ci ildə SSRİ Yazıçılar Birliyinin üzvü seçilib, 1986-cı ildə Respublika Lenin Komsomolu mükafatına layiq görülüb. Şeirləri və publisistik yazıları təkcə ölkəmizdə deyil, onun kənarlarında da işıq üzü görüb.

Bir sıra mətbu orqanlarında - "Ulduz" jurnalında şöbə müdiri (1979-1989), "Yeni fikir" qəzetində baş redaktor (1989-1992), "Müstəqil qəzet"in təsisçisi və baş redaktoru (1992-2005) vəzifələrində işləyib. 2005-2015-ci illərdə Regionların İnkişafı İctimai Birliyinin sədr müavini olub.

2010-cu ildə şeir və poemalarından ibarət iki cildliyi Mədəniyyət və Turizm Nazirliyinin "Qızıl kəlmə" ədəbi mükafatına layiq görülüb. 2012-ci ilin noyabrında "VI Uluslararası Çanaqqala şeir axşamları" festivalında Azərbaycan poeziyasını təmsil edib. 2015-ci ildə Taleh Həmidin "Yəhya bəy Dilqəm" adlı ikihissəli lirik psixoloji dramı Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulub.


VOİCEPRESS.AZ


Ранее » Rusiyada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş konsert keç...« Далее BANM-də II Elm Festivalı çərçivəsində tədbir həyata keçirild...
Flag Counter