İmtahanların birləşdirilməsində ilk addım atıldı

Elm və kəşf / Manşet

1 613

İmtahanların birləşdirilməsində ilk addım atıldı
Attestatlar yeni qaydayla veriləcək

Şagirdlərə attestatların yeni qaydalarla verilməsi qərara alınıb. Belə ki, 2016-2017-ci tədris ilində ümumi orta təhsil səviyyəsi üzrə yeni təhsil proqramları (kurikulumları) üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) yeni qaydalar əsasında həyata keçiriləcək.
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov VOİCEPRESS.Az-a bildirib ki, bu, yaxın zamanlarda Azərbaycanda vahid imtahanın əsasının qoyulması deməkdir: “Amma nəzərə alsaq ki, bu imtahanda iştirak edən şagirdlər arasında əvvəlki illərdə orta məktəbləri bitirənlər də olacaq, bu, onlar üçün bir qədər çətinlik yaradacaq. Çünki IX illik bazadan buraxılış imtahanlarında təkcə cari ilin məzunları yox, həm də əvvəlki illərdə şəhadətnamə almayanlar da iştirak edəcək, onlar bu qiymətləndirmə ilə tanış deyillər. Dövlət İmtahan Mərkəzinin tətbiq etdiyi yeni qiymətləndirmə forması onu deməyə əsas verir. Yaxın günlərdə biz XI siniflərin buraxılış imtahanları və ümumiyyətlə V ixtisas qrupu üzrə qəbul imtahanlarının həyata keçirilməsində də dəyişikliklər görəcəyik”.

İmtahanın iki mərhələli olmasına gəlincə, ekspert hesab edir ki, bu məsələ də çətinlik yaradacaq: “Xoş olmayan bir məsələ də ondan ibarətdir ki, könüllü şəkildə yazılacaq esse yalnız fərqlənmə sənədi almaq istəyənlərin nəticələrinə təsir edəcək. Düşünürəm ki, esse də müəyyən balla qiymətləndirilməlidir və əgər şagird qeyri- kafi qiymət alarsa, esse balı ona təsir etsin. Amma ümumən, bu yeniliyi dəstəkləyirəm və hesab edirəm ki, bu şagirdlərin itmiş və ya itməkdə olan yazı, nitq vərdişlərinin inkişafına böyük təkan verəcək. Çünki bizim şagirdlərin yazmaq və nitq qabiliyyətləri çox aşağı səviyyədədir”.

Xatırladaq ki, Dövlət İmtahan Mərkəzinin şagirdlərə attestatların yeni qaydalarla verilməsində dəyişikliklər edib. Qərar alınıb ki, IX sinif üzrə buraxılış imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili) və riyaziyyat fənlərindən iki mərhələdə keçiriləcək. Birinci mərhələdə şagirdlərə ana dili (Azərbaycan və ya rus dili) fənindən oxuyub-anlama və yazı bacarıqlarını yoxlamaq məqsədilə 2 mətn əsasında 10 açıq, 10 qapalı, riyaziyyat fənnindən riyazi bacarıqları yoxlamaq məqsədilə 10 açıq, ümumilikdə 30 test tapşırığı təqdim ediləcək. Bundan əlavə, şagirdlər birinci mərhələdə təqdim edilmiş mövzu üzrə könüllülük əsasında inşa (esse) yazacaqlar. Ümumi orta təhsil haqqında fərqlənmə sənədi almaq üçün inşanın (essesin) qiyməti nəzərə alınacaq. İkinci mərhələdə digər məzmun standartları üzrə bilik və bacarıqları yoxlamaq məqsədilə hər bir fənn üzrə 30, ümumilikdə 60 qapalı tipli test tapşırığı təqdim ediləcək. Buraxılış imtahanında iştirak etməyən şagirdlərin biliyi qiymətləndirilməyəcək və bu şagirdlərə ümumi orta təhsil haqqında sənəd verilməyəcək. Qaydaların sərtləşdirilməsi ictimai narazılığa səbəb olub.


VOİCEPRESS.AZ


Ранее » Azərbaycanda keçiriləcək buraxılış imtahanlarında dəyişiklik...« Далее Azərbaycanlı gənc iş adamından fərdi mobil tətbiq
Flag Counter