Öldürücü istilərdən necə qorunmalı?

Maraq / Manşet

3 509

Öldürücü istilərdən necə qorunmalı?
Həkim məsləhət verir, nazirlik xəbərdarlıq edir

Artıq bir neçə gündür ki, ölkə ərazisində kəskin istilər müşahidə olunur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında avqustun 15-dək anomal isti hava şəraitinin davam edəcəyi, maksimal temperaturun 35-39, bəzi günlərdə 41 dərəcə isti olacağı gözlənilir. Yaxın 3 gün ərzində Abşeron yarımadasında gözlənilən yüksək temperatur, diskomfort şərait əhalinin əksəriyyəti üçün əlverişsiz, meteohəssas insanlar üçün isə çox əlverişsizdir. Avqustun 18-dən 20-dək havanın hərarəti 39 dərəcədən 41, bəzi aran bölgələrində isə 43 dərəcəyədək qalxacaq. Ən yüksək temperatur isə ayın 20-də gözlənilir.

Artıq isti hava şəraiti günvurmalara səbəb olub. Belə ki, təcili tibbi yardıma müraciət edənlərin sayı günü-gündən artır. Təcili və Tibbi Yardım Stansiyası baş həkiminin müavini İradə Əliyeva qəzetimizə açıqlamasında bildirdi ki, avqustun 6-da 3 nəfəri, ayın 7-də isə 4 nəfəri gün vurub: "Bu, digər günlərə nisbətən çoxdur. Çünki keçən həftə ümumi olaraq 3 nəfəri gün vurmuşdusa, indi gün ərzində 4 nəfəri gün vurur". Müavinin sözlərinə görə, yay mövsümü başlayan vaxtdan ümumilikdə 47 günvurma halı ilə bağlı müraciət olub. Onlardan 16 nəfəri xəstəxanaya yerləşdirilib. 27 nəfərə yerindəcə ilkin tibbi yardım göstərilib. Günvurma ilə bağlı müraciət edənlərdən 7 nəfəri uşaq olub ki, 4-ü xəstəxanaya yerləşdirilib.

Bəs bizi qarşıda gözləyən bu öldürücü istilərdən necə qorunmalıyıq?

Çölə çıxmayın!!!

Həkim-terapevt Nəzakət Qarayeva deyir ki, istilərdən ən çox əziyyət çəkənlər 4 yaşından kiçik uşaqlar, 55-dən yuxarı yaşlı insanlar, baxıma ehtiyacı olanlar, hamilələr, həddindən artıq kilolular, açıq sahədə çalışanlar, xroniki xəstəliyi olanlar, davamlı dərman istifadə edənlər, küçə uşaqları və evsizlərdir: "Bu istilərdən qorunmaq üçün günün ən isti saatlarında (10:00-16:00) məcbur qalmadıqca, çölə çıxılmamalıdır. Günəş şüalarının şiddətli olduğu saatlarda dənizə girilməməli və günəşlənilməməlidir. Çölə çıxmağa məcbur olanlar açıq rəngli, yüngül, möhkəm toxunmuş parçalardan geyimlər geyməli, mütləq geniş kənarlı və hava dəlikləri olan papaqlar qoymalıdırlar. İdmanla məşğul olmaq üçün səhər və axşam saatları seçilməli, hər bir saatlıq idman üçün ən az 2-4 stəkan maye qəbul edilməlidir. Bədən istiliyinin yüksəlməməsi üçün tez-tez duş alınmalıdır. Bunun mümkün olmadığı hallarda ayaqlar, əllər, üz və boyun soyuq suyla isladılmalı və ya silinməlidir. Susuzluq hissi olmasa belə, hər gün ən az 11-14 su stəkanı maye qəbul edilməlidir. Yeməklər bişirilərkən qızartma və qovurmadan çox yağsız qaynadılmış yeməklərə üstünlük verilməlidir. Kofein, spirt və çox miqdarda şəkər ehtiva edən içkilər bədəndən daha çox maye itkisinə gətirib çıxardığı üçün içilməməlidir".

Həkim deyir ki, istilərdə ən çox qarşılaşdığı narahatlıqlar günəş vurmasıdır. Bu hal baş verdiyi zaman ilkin tibbi yardım göstərilməlidir: "Günəş və ya isti vurması təcili olaraq müalicə edilməzsə, qalıcı ziyana və ya ölümə səbəb olur. İsti vuran zaman insanın istiliyi 39.4 dərəcənin üzərində olur. Dəri quru, qırmızı və isti olur. Tərləmə olmur. Ürək bulanması, qusma, baş ağrısı, baş gicəllənməsi baş verir. Bəzi hallarda görmədə problemlər də yaranır. İsti vuran xəstə dərhal sərin və hava axını olan bir yerə alınmalı, paltarları çıxarılmalı, soyuq su ilə soyudulmağa çalışılmalıdır. Qətiyyən içməsi üçün maye verilməməli və xəstəxanaya çatdırılmalıdır".

Həkimin sözlərinə görə, isti havalarda sintetik, rezin tərkibli paltarlardan uzaq durmaq lazımdır. Çünki bədənin normal hava ilə təmin olunmasına bu geyimlər maneə törədir. Gün vurmasından, istinin təsirlərindən müəyyən qədər qorunmaq üçün nazik yay geyimlərindən istifadə edilsə, daha yaxşı olar.

142-yə zəng edin...

Ölkəmizdə açıq şəraitdə, günün altında işləmək məcburiyyətində qalan xeyli insan var. Onlar günün ən qızmar çağlarında belə yol çəkir, asfalt döşəyir, körpü tikir, daş qaldırır, beton tökür, tarlada çalışırlar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanda əmək qanunvericiliyinə görə, kölgədə temperatur müsbət 41 dərəcəyə çatarsa, iş dayanmalıdır: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isti havalarla bağlı işəgötürənlərə müraciət edərək bildirib ki, havanın temperaturu +41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır".
E.Babayev vurğuladı ki, əgər işçilərin bununla bağlı hüquqları pozularsa, nazirliyin "142 qaynar xətti"nə müraciət edə bilərlər.


VOİCEPRESS.AZ

Ранее » Plastik butulkaları təkrar istifadə etməyin! - Bu çox təhlükəl...« Далее İlhamə Quliyevanın mirası kimindir? - mübahisə bitdi
Flag Counter