Liposaksiya nədir?

Maraq

3 312

Liposaksiya nədir?
Liposaksiya dərialtı təbəqədəki yağların cərrahi yolla aspirasiyasıdır. Bu, Amerika Birləşmiş Ştatlarında ən çox istifadə olunan estetik cərrahi müdaxilədir. Texnika olaraq çətin bir prosedur olmasa da, estetik olaraq müsbət nəticə əldə etmək üçün yaxşı bir planlama və diqqətli xəstə seçimi mütləqdir. Səhv planlama düzəlməyəcək deformasiyaların yaranmasına səbəb ola bilər.

Liposaksiya haqqında ümumi məlumat

Yağın sovrulması ilk dəfə Avropada künt kanyula və mənfi təzyiq istifadə olunaraq həyata keçirilmiş və populyarlaşmışdı. İlk dəfə üç Fransız cərrah: Yves Gerard İllouz, Pierre Fournier və Francis Ottenti 1982 ci il Honolulu-Havaidə keçirilən Amerika Plastik və Rekonstruktiv Cərrahlar dərnəyinin illik iclasında liposaksiya təcrübələrini paylaşdılar.

VOİCEPRESS.AZ
hekimtap.az-a istinadən bildirir ki, əvvəlvə bu müdaxilə çox narazılıqla qarşılanıb və ona görə elə həmin ildə dərnəyin təşkil etdiyi "Blue ribbon Committe" Parisə Dr.İllouzu ziyarətə gedib, lakin geriyə xoş məruzələrlə qayıtmışlar. Bundan sonra Amerikada bu cərrahi müdaxilə ildən ilə populyarlaşmışdır və insanların rəğbətini qazanmışdır.

Liposaksiya əməliyyatı üçün xəstə seçimi

Bədən şəkilləndirilməsində yaxşı nəticə əldə etmək üçün xəstəni düzgün seçmək çox vacibdir. Belə ki, liposaksiya istəyən pasientlərin hamısı heç də ideal namizəd deyillər. Liposaksiya əməliyyatı üçün ideal olmayan xəstələr :

- Mükəmməlliyyətçi olanlar
- Qidalanma problemi olan ağır depressiv xəstələr
- Çəki verə bilməyən kök xəstələr
- 18 yaşdan kiçik olanlar
- Birləşdirici toxuma xəstəliyi olanlar
- Laxtalanma problemi olanlar
- Şəkərli diabet xəstələri
- Hipertoniya xəstəliyi olanlar
- Hamilələr
- Tez tez çəkisi dəyişən insanlar
- Dəri elastikliyi azalmış və çoxlu dəri striyaları olanlar

Liposaksiya əməliyyatı üçün ideal olan xəstə qrupuna isə aşağıdakılar daxildir.

- Gənc və orta yaşlı olanlar
- Dəri tonusu yaxşı olanlar
- Əzələ tonusu yaxşı olanlar
- İdeal çəkisindən ən az 30% artıq olanlar.
- Dieta və idmanla məşğul olan sabit bədən çəkili xəstələr
- Ümumi vəziyyəti sağlam olan insanlar

Liposaksiya arıqlamaq üçün istifadə olunan əməliyyat deyil. Liposaksiya konturların düzəldilməsi, yəni bədən şəkilləndirilməsi əməliyyatıdır. Liposaksiyadan sonra da dieta və idmanla məşğul olmaq şərtdir.

Liposaksiya - əməliyyatdan əvvəl

Həkim ilə xəstə hansı nahiyyələrə liposaksiya olunacağı və əməliyyatın nəticəsi barəsində həmfikir olmalıdırlar. Mütəxəssis bədənində olan sellülit, asimmetriya, deformasiyalar və damar problemləri barədə məlumatlandırılmalıdır. Əməliyyat barəsində razılıq aktı imzalanmalıdır. Liposaksiya olunacaq nahiyyələr markerlə işarətlənməli və xəstənin əməliyyatdan öncə şəkilləri çəkilməlidir.

Liposaksiyanın təsnifatı

Liposaksiya əməliyyatının 4 üsulu var:
- Vakuumlu liposaksiya- Suction asistet liposuction ( SAL
- Ultrasəs dalğalı liposaksiya- Ultrasound asisted liposuction (UAL)
- Laser liposaksiya - Laser asisted liposuction (LAL)
- Güc dəstəkli liposaksiya- Power asisted liposuction (PAL)
- Su yardımlı liposaksiya

Vakumlu liposaksiya

İlk kəşf olunan liposaksiya üsuludur. 1982-ci ildən Amerikada populyarlaşmağa başlamışdır. Bu əməliyyat növündə ucu künt olan, müxtəlif diametrli və müxtəlif uzunluqlu kanyulalar cərrahi elektrosorucuya bağlanaraq dərialtı toxumadakı yağları sovurub çıxarır. Uzun bir tarixə sahib olan bu texnika "Qızıl Standart" adını alıb. Günümüzdə hələdə bir çox klinikalarda bu texnikadan istifadə olunur.

Kiçik aspirasiyalarda və yumşaq piylərdə mükəmməl texnikadır, amma fibrozlu nahiyyələrdə daha az təsirlidir və cərrah tərəfindən çox yurucu bir üsuldur. Başqa çatışmayan cəhəti isə piylər vakumun köməyi ilə qoparılaraq çıxarıldığı üçün damar və sinir dəstəsini çox zədələməsi, dəridə nahamarlığın qalmasıdır. Bu üsulda ən çox qarşılaşdığımız məmnuniyyətsizlik yağların yetərsız sovrulması və dəri səthinin kələ-kötür qalmasıdır.

Ultrasəs dalğalı liposaksiya

1990-cı ildə vakuumlu liposaksiyanın əksikliklərini tamamlamaq üçün Amerikada istifadə etməyə başladılar. Bu üsulda ultrasəs dalğası UAL-nın "hand piece" deyilən qismində meydana gəlir, daha sonra dalğa probun ucuna ötürülür və dərialtı toxumadakı yağların ətrafındakı mayedə kavitasiya yaradır. Bu hərəkət yağ hüceyrələrini kiçik ölçülərə parçalayır və maye halına keçmış yağlar az dərəcəli vakumlu liposaksiyanın köməyi ilə bədəndən uzaqlaşdırılır.

Ultrasəs dalğasının liposelektiv özəlliyi bu üsula üstünlük verir. Beleki dalğa yalnız piy hüceyrələrinə təsir edir, damar, sinir və bağ toxumasını zədələmir. Nəticədə damar zədələnmədiyi üçün xəstə əməliyyat müddətində daha az qan itirir, əməliyyat nahiyyələrinin göyərməsi demək olarki olmur, eyni zamanda sinir zədələnməsi olmadığı üçün dəridə aylarla davam edən hissiyyatsızlıq olmur.

Bağ toxuması zədələnmədiyi üçün dəri özünü daha tez toparlayır. Nəticədə vakumlu liposaksiyaya görə reabilitasiya daha tez olur. Digər üstün cəhəti isə piyləri dalğa parçaladığı üçün cərrah daha az yorulur, ona görə böyük həcimləri rahatlıqla götürə bilir. Dalğa piylər arasında bərabər paylandığı üçün aspirasiya zamanı dəri səthində kələ kötürlüyün qalma ehtimalı düşük olur.

Ultrasəs dalğalı liposaksiya xüsusilə fibrozlu nahiyələrdə, kürək, bel nahiyyəsində, kişi süd vəzisi kimi çətin nahiyyələrdə mükəmməl üsuldur. Çatışmayan cəhəti isə dəri və əzələdə termal yanıqlar yaratması, uzun müddət istifadə olunduqda seromanın əmələ gəlmə ehtimalının çoxalmasıdır.

Amma ultrasəs dalğalı liposaksiyanın yeni nəsil cihazı olan Vaser də (üçüncü nəsil) bu çatışmayan cəhətlər minimuma endirilmişdir.

Laser liposaksiya

Laser tibbin bir çox sahələrində müvəffəqiyyətlə istifadə olunmağına baxmayaraq, liposaksiyada uğurla tətbiq oluna bilmədi. Lazer qaynağı saniyədə 40 dəfə "ultrashort pulse" lazer atışı edir. Lazer işığı birbaşa yağ hüceyrəsinin divarını zədələyir və partladır.

Çatışmayan cəhəti odur ki, termal yanıq ehtimalı daha yüksəkdir, özündən sonra dəri altında kobud çapıq toxuması buraxır, 1.5 kq-dan artıq yağ toxuması çıxartmaq olmur, çıxarılan yağ öz canlılığını qorumadığı üçün şəkil vermək üçün başqa nahiyələrə vurula bilmir.

Güc dəstəkli liposaksiya

1990-cı ildə ultrasəs dalğalı lıposaksiyanın çatışmayan cəhətlərini doldurmaq üçün kəşf edilib. Bu üsulun əsasında "reciprocating" kanyula ilə gücləndirilmiş klassik vakumlu liposaksiya (SAL) durur. PAL nın SAL ya görə üstün cəhəti fibrozlu nahiyyələrdə daha yaxşı işləməsi və cərrahı yormamasıdır, amma ultrasəs dalğalı liposaksiyada olduğu kimi, damar-sinir dəstəsini və bağ toxumasını qorumur. UAL ya görə üstün cəhəti isə istilik hasil etməməsi, yəni termal zədə törətməməsidir. Təcrübəli cərrah üçün UAL ən ideal liposaksiya növüdür, amma termal zədədən çəkinən cərrahlar üçün isə PAL uyğundur.

Su yardımlı liposaksiya

Daha bir populyar metod su yardımlı liposaksiyadır. Bu əməliyyatda bədənə çox miqdarda su vurulur, suyun titrəyişindən istifadə olunaraq, piylər kiçik ölçülərədək parçalanır və orqanizmdən xaric edilir.

Narkozun növü. Cərrahın seçimi, xəstənin seçimi, eyni zamanda çəkiləcək yağın miqdarı və liposaksiya ilə birgə başqa əməliyyatların birləşdiriləcəyindən asılı olaraq yerli, vena daxili və ya ümumi anesteziya altında icra oluna bilər.

Liposaksiyanın əməliyyat planı

Əməliyyat maye infiltrasiyası ilə başlayır. İlk öncə liposaksiya olunacaq nahiyyələrə "Wetting" mayesi vurulur. Bu mayenin bir çox üstün cəhəti var. Belə ki, içərisindəki adrenalin vazokonstruktiv təsir edərək damarları daraldır və qan itkisini azaldır. Eyni zamanda lidokain əməliyyat sonrası ağrıları azaldır. Bu mayenin istifadəsi kanyulaların toxumalar içərisindəki hərəkətini asanlaşdırdı və əməliyyatdan sonra maye ehtiyacını azaltdı.

Wetting mayesinin düzgün vurulma qaydası var, beləki əvvəl dərin plan doldurulur, daha sonra səthi plana keçilir. Əgər maye bərabər paylanılmazsa, o zaman əməliyyatdan sonrakı nahamarlığın qalma ehtimalıda yüksəlir. Wetting mayesi şişirmə texnikası, yəni Tumesan texnikası ilə vurulur. Standart mayenin tərkibi: 1 ədəd Ringer laktat + 1 ml epinefrin+ 30 ml 1% lidokain.

Dəri səthində giriş dəlikləri açılır. Bu dəliklər Langer xətləri üzərində və ya dərinin büküşlərində və ya saçlı nahiyələrdə gizlədilməlidir. Aspirasiya etməzdən öncə boş kanyulanın köməyi ilə "pretunelling" olunmalıdır və bununla cərrahi plan hazırlanmalıdır.

Ardından dərialtı yağların aspirasiyası başlanılır. Aspirasiya dominant əllə icra olunmalıdır. Vacib olan nə qədər yağın aspirasiya olunması deyil, nə qədər yağın qalmasıdır.

Nə qədər yağın qaldığını bilmək üçün "pinch" test istifadə olunur. Bu testdə dərialti yağ toxuması baş barmaq və işarət barmaq arasında sıxışdırılaraq qalınlığı hesablanır. Əməliyyatdan əvvəl 3 sm üzərində olan qalınlıq əməliyyatdan sonra 1-2 sm arası qalmalıdır.

Liposaksiya əməliyyatından sonrakı mənzərə

Əməliyyatdan sonra xəstəyə korset geyindirilir. Korset əməliyyatdan sonra olacaq göyərmələri və şişlikləri azaldır ki, bu da sağalma müddətini qısaldır. Əməliyyat günü xəstə ayağa qaldırılıb gəzdirilməlidir. 24-36 saat kəsik yerlərindən seroz maye axır.

Bu haqda məlumat mütləq pasientə və yaxınlarına verilməlidirki, yaranmış mənzərə onları qorxutmasın. Ağızdan bol maye və proteinli qidalar yeməsi məsləhət görülür. 1 həftə ev istirahəti kifayət edir. Bir ay ağır qaldırmaq və idman etmək olmaz.

Liposaksiya əməliyyatının ağırlaşmaları

Hər bir əməliyyatda olduğu kimi, liposaksiyada da ağırlaşmaların olma ehtimalı qaçılmazdır. Ən tez-tez rast gəlinən ağırlaşması dəri nahamarlığın yaranmasıdır. Bunun səbəbi cərrahın təcrübəsizliyi və liposaksiya üçün doğru xəstənin seçilməməsidir. Revizyonlar, şişlər tam çəkildikdən sonra olunur. Digər ağırlaşmalardan qanama, böyük hematomalar, seroma, infeksiya, hissiyyatsızlıq, yağ emboliyası, tromboemboliya, dəri nekrozu, daxili orqanlarin perforasiyası və ölüm ola bilər.

Günümüzdə liposaksiya olduqca populyar estetik cərrahi müdaxilədir. Texnika tərəfdən icrası asan olsa da, liposaksiya sənətini mükəmməlləşdirmək üçün estetik göz və xüsusi diqqətcillik şərtdir. Yağ sovurmaq asandır, ancaq mükəmməl miqdarda yağı uzaqlaşdırıb, mükəmməl miqdarda yağı geridə saxlayaraq insan bədəninin şəkilləndirilməsi bir heykəltəraşlıq sənətidir.

VOİCEPRESS.AZ


Ранее » Qəhvə arıqladır, yoxsa kökəldir?« Далее Göy soğanın faydaları