Sabir Rüstəmxanlı: "SONSUZLUQ..."

Maraq / Köşə yazıları / Manşet

16 488

Sabir Rüstəmxanlı:
Bəzən sonsuzluğu əks etdirən vərəq-vərəq yazılardansa, elə belə, kiçik, amma ən dəyərli sözlərin həzin sədaları ilə əsil sonsuzluğu dinləmək daha yaxşıdır. Dərk edərək dinləmək, sonsuzluğun belə o sonsuz həyata sahib oluşunu izləmək, özümüzü sonsuzluğun yerinə qoymağın, ucsuz-bucaqsız sonsuzluqda özümüzü dərk etməyin yeganə yoludur elə qafiyəli, qısa və öz olan sonsuzluq...


SONSUZLUQ


Ayrıcı hardan keçir işıq ilə zülmətin,
Ağ qaradan doğulur, qara enir ağ üstə.
Ocaq külün altında qoruyur nəfəsini,
Kül ölüm kəfənini biçsə də ocaq üstə...

Ceviz qarga ağzından düşəndə ağac olur,
Ayaqdan qalxan çiçək başımızda tac olur,
Kökündən qopmayana gövdəsi əlac olur,
Neçə pöhrə çalışır boy atıb qalxmaq üstə.

Toxumu qabıq saxlar torpaqla savaşında,
Sonra cücərib qalxar köhnə qabıq başında,
Qar torpağın yorğanı, qayğısı var qışın da
Tağ meyvədən göyərir, meyvə bitir tağ üstə.

Biçin əkindən doğur, əkin başlar biçindən,
Heç varlıqın kölgəsi, varlıq yatır heçində,
Günəş atoma bənzər, atom Günəş gücündə
İnsan da dağa dönür, dağ qoyanda dağ üstə...

Kədər sevinc cildində, sevinc bəslər ahını,
Qılınc qınını kəsməz, qın saxlar silahını,
Allahın yaşatdığı yaşadar Allahını
Ölmək üçün dirilir, ölür yaşamaq üstə...




Sabir Rüstəmxanlı

VOİCEPRESS.AZ