Ucuzlaşan lirə Azərbaycana necə təsir edə bilər?

İqtisadiyyat / Manşet

576

Ucuzlaşan lirə Azərbaycana necə təsir edə bilər?
İqtisadi baxımdan türk lirəsinin ucuzlaşması Azərbaycanın iqtisadi maraqlarına uyğun gəlmir. Amma lirənin ucuzlaşması Azərbaycanın iqtisadi sistemi üçün ciddi problemlər də yaratmır.

Bu sözləri VOİCEPRESS.AZ -a açıqlamasında türk lirəsinin kəskin ucuzlaşmasının Azərbaycana təsirini şərh edən iqtisadçı alim Vüqar Bayramov deyib. O bildirib ki, Türkiyə Azərbaycan üçün vacib ticarət tərəfdaşıdır:

“Azərbaycanın ən çox məhsul idxal etdiyi ölkə məhz Türkiyədir. Amma bununla belə, lirənin ucuzlaşmasının Türkiyənin ixracatına ciddi təsir edəcəyi gözlənilmir. Lirənin ucuzlaşması birbaşa bizim ixracatımızın azalmasına gətirib çıxarmayacaq”.

V.Bayramov vurğulayıb ki, bəzi hallarda Türkiyədən olan idxalın ucuzlaşacağını proqnozlaşdırırlar:

“Güman edirəm ki, indiki məqamda Türkiyədən gətirilən məhsulların qiymətində ucuzlaşma qeydə alınmayacaq. Çünki Türkiyədə lirənin dəyər itirməsi ilə bərabər həm də inflyasiya müşahidə edilir. Faktiki olaraq, son dövrlər Türkiyədə inflyasiya səviyyəsi yüksək olduğuna görə, Türkiyə ixracatının, eyni zamanda bizim üçün Türkiyə idxalının ucuzlaşmasına səbəb olmayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirib ki, əslində türk lirəsinin dəyərdən düşməsi məntiqlə Azərbaycana gətirilən türk mallarının ucuzlaşmasına səbəb olmalıdır:

“Türkiyədə baş verən hadisələrin Azərbaycana müəyyən təsirləri olur. Lirə ucuzlaşdıqca Türkiyədən gələn məhsulların Azərbaycan bazarında ucuzlaşmasını görməliyik. Amma bu o demək deyil ki, bu baş verəcək. Çünki Türkiyədəki proseslərin nə qədər çəkəcəyi hələ sual altındadır”.

Ekspert qeyd edib ki, baş verən proseslərin Azərbaycan üçün əks-effekti də ola bilər:

“Türk lirəsinin ucuzlaşması Azərbaycandan ixrac olunan məhsulların azalmasına səbəb ola bilər. Çünki lirəsinin ucuzlaşması Azərbaycan məhsullarının türk bazarında rəqabətini aşağı salır. Yəni Azərbaycanı daha ucuz məhsul satmağa məcbur edir. Bu anlamda hələlik müvəqqəti təsirləri qiymətlərin dəyişməsi yolunda ola bilər. Amma Türkiyədə bu proses davamlı şəkildə getsə, bunun bütün regionda, o cümlədən də Azərbaycanda orta və uzun vədəli təsirləri də qaçılmazdır”.


VOİCEPRESS.AZ

Ранее » Azərbaycan Türkiyə iqtisadiyyatına 13,9 milyard dollar sərmayə q...« Далее Qiymətlər artacaq