Ekspert: "Manatın dəyərdən düşməsi üçün heç bir əsas yoxdur..."

İqtisadiyyat / Tet-a-tet / Manşet / Azərbaycan Sosial Rifah Partiyası

16 974

Ekspert:
VOİCEPRESS eksklüziv olaraq, Azərbaycan Sosial Rifah Partiyasının sədr müavini, iqtisadçı-ekspert Əsli Kazımova ilə müsahibəni təqdim edir:


-Dolların məzənnə olaraq, yüksəlişi gözlənilir. Bu növbəti devalvasiyadan xəbər vermirki?

-Manatın ABŞ dollarına nəzərən guya dəyərdən düşəcəyi ilə bağlı yaranan söz-söhbətlərin əsasında heç də daxili səbəblər dayanmır. Bu, qonşu ölkələrdə, yəni Rusiya ilə Türkiyədə milli valyutaların ABŞ dollarına nəzərən dəyərdən düşməsiylə əlaqədardır. Məlum olduğu kimi, ölkəmizin ən geniş iqtisadi-ticari əlaqələrində olduğu ölkələr məhz Rusiya ilə Türkiyədir. Lakin, qonşu ölkələrdə milli valyutaların ABŞ dollarına münasibətdə ucuzlaşması siyasi səbəblərlə bağlıdır. Bununla belə, bu, iqtisadi və maliyyə məsələsi olduğundan, üstəlik qeyd etdiyim kimi Azərbaycanın sıx iqtisadi-ticari əlaqələrində olduğu bir ölkələrdə baş verdiyindən təbii ki, narahatlıq doğurur. Belə ki, istər rublun, istərsə də lirənin dünyanın aparıcı valyutalarına nəzərən dəyərdən düşməsi Rusiya və Türkiyəyə ölkəmizdən ixracı səmərəsiz edir. Bu ölkələrdən idxalı isə əksinə, səmərəli edir. Azərbaycanın isə öz ixrac potensialını genişləndirməyə böyük səylər qoyduğu bir vaxtda bunun nə demək olduğu aydındır. Odur ki, avtomatik olaraq manata təzyiq yaranır.

-Mövcud durum manatın dəyərdən düşməsi üçün zəmin yaradırmı?

-Manatın dəyərdən düşməsi üçün heç bir əsas yoxdur. Hərçənd, 2015-ci ildə 2 dəfə devalvasiyadan sonra sərbəst üzən məzənnə rejiminə keçildiyi bəyan edilib və 2016-cı il ərzində də 15 %-dək ucuzlaşma baş verdi, amma bizdə valyuta bazarı müvafiq tələblər nəzərə alınmaqla yüksək dəqiqliklə tənzimlənir. Bunu keçən il, yəni 2017-ci il ərzində manatın ABŞ dollarına nəzərən təqribən, 4 %-dək bahalaşması tendensiyası da sübut etdi. Belə ki, manat əslində, bundan da artıq bahalaşmaya meyil göstırirdi. Ancaq Mərkəzi Bank kursun 1,70 manatdan aşağıya doğru düşməsinə imkan vermədi.
Bu gün valyuta hərraclarında tələb təklifi üstələyir. Ölkədə fəaliyyət göstərən bütün bankların xarici valyutaya olan tələbatları ödənilir. AMB rəhbərliyi də qeyd edib ki, ölkəyə kifayət qədər nağd valyuta mövcuddur və nağd valyutaya olan istənilən tələb ödənilməyə hazırdır. Yeri gəlmişkən, bəllidir ki, manatın dəyəri keçən ildən sabitləşdi. Keçən ilin əvvəlində manat dollara nəzərən bir ara hətta 1,92 azn-dək ucuzlaşmışdı. Lakin sonradan il ərzində tədricən sabitləşmə başlandı və 2017-ci ilin sonunadək manat 4%-dək möhkəmləndi. Bu, ölkənin ixrac potensialının yüksəlməsi, habelə əlverişli beynəlxalq iqtisadi konyunktur şəraitində xarici sektor göstəricilərinin yaxşılaşmağa başlanması prosesi nəticəsində əldə olundu. 2017-ci ildən başlanan bu proses 2018-ci ilin ötən dövrü ərzində də davam edib. Belə ki, yanvar-mart aylarında xarici ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 31%, qeyri-neft ixracı isə 37% artım nümayiş etdirib. Ticarət balansı ilə yanaşı, xidmətlər balansında da yaxşılaşma davam edir. 2018-ci ilin qalan dövründə də tədiyyə balansı göstəricilərinin əlverişli olaraq qalacağı gözlənilir.


O zaman infilyasiya da, qaçılmazdır?

- Məlumdur ki, keçən ilin sosial-iqtisadi yekunları sırasında mənfi cəhətlərdən biri istehlak qiymətləri indeksinin, yəni inflyasiyanın yüksək qeydə alınması oldu. 2017-ci ildə 2016-cı illə müqayisədə istehlak məhsulları və xidmətlərin qiymətlərində 12,9% artım baş verdi. Ümumiyyətlə, keçən il ərzində inflyasiya amilinin ikirəqəmli səviyyəni saxlaması təəssüf doğurdu. Başqa sözlə desəm, ölkədə inflyasiya səviyyəsinin ümumən sabit qalmasına baxmayaraq, tempin azalmaq istəyində olmadığını nümayiş etdirməsi ciddi bir siqnal idi. Odur ki, cari ildə hökumətin əsas məqsədlərindən biri inflyasiyanı birrəqəmli səviyyəyə endirməkdən ibarətdir. Yəni, bu, qarşıya qoyulan ən ümdə vəzifələrdən birini təşkil edir.
Ümumiyyətlə, 2017-ci ildə inflyasiya başlıca olaraq qeyri-monetar amillərdən irəli gəldi. Valyuta bazarında sabitliyin yaranması və hətta manatın məzənnəsinin 4% möhkəmlənməsi şəraitində inflyasiyanın yüksəlməsi əsasən, ticarət tərəfdaşı olan ölkələrdə gedən anoloji proseslərin, habelə ayrı-ayrı əmtəə qrupları üzrə tələb və təklifin nisbətinin dəyişməsi hesabına baş verdi.

Cari ilin yanvar-mart ayları ərzində istehlak qiymətləri indeksi cəmi 4% təşkil edib. Hökumət 2018-ci ildə 6,1%, 2019-cu ildə 4,3%, 2020-ci və 2021-ci illərdə isə 3,1% inflyasiya proqnozlaşdırıb. Məlumdur ki, manatın ucuzlaşması prosesi dayanıb. Keçən il ərzində əgər bu da davam etsə idi, inflyasiya daha yüksək səviyyədə təşkil edə bilərdi. Odur ki, cari il ərzində və ondan sonra inflyasiyanın az olacağına dair proqnozlarının kökündə daha çox məhz manatın məzənnəsinin sabit olacağına əminlik dayanır. Mərkəzi Bankın hədəfində də bəyan edilib ki, makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olaraq qalır.


İran dollardan imtina etdi. Belə olan halda Azərbaycanla İran arasıinda ticarət hansi məzənnə üzərindən aparılacaq? Bu durum Azərbaycanla ticarət əlaqələrinə necə təsir edecək?


-İranın dollardan imtina etməsi vəziyyəti çox da dəyişməyəcək. Bu əslində, daxili siyasət üçün hesablanmış bir addımdır. Yəni, məqsəd milli valyutanın hədsiz dəyərdən düşməsinin qarşısını almaq və bundan doğacaq inflyasiyanı əngəlləmək. Belə ki, dolların məzənnəsini nəzarətə almağa çalışan bu ölkə hökuməti beynəlxalq hesablaşmalarda dollardan imtina edərək avrodan istifadəyə qərar verib. Avro özü aparıcı valyutadır.
O ki qaldı qarşılıqlı ticarət əlaqələrimizə, bu, milli valyutalarımız əsasında da aparıla bilər, avro ilə də... Ticarət əlaqələrinə bunun heç bir təsiri yoxdur. Azərbaycan ilə İran arasında geniş iqtisadi-ticari əlaqələr mövcuddur. Bununla belə, hər iki ölkənin dövlət başçılarının Bakıda keçirilən görüşü zamanı qeyd olundu ki, bu əlaqələr daha da inkişaf etdiriləcək. O cümlədən, sərmayə qoyuluşu, maliyyə və bank sahəsində də əməkdaşlıq mövcuddur. Bu özü də hər iki ölkənin valyutalarının da qarşılıqlı münasibətində və mübadiləsində heç bir problem olmadığını diqtə edir.








VOİCEPRESS.AZ

Ü. Musazadə