Azərbaycan manatı dollar və avro qarşısında ucuzlaşa bilər?

İqtisadiyyat

144

Azərbaycan manatı dollar və avro qarşısında ucuzlaşa bilər?
Azərbaycan manatının yaxın zamanlarda digər valyutalar, xüsusən dollar və avro qarşısında məzənnəsinin aşağı düşməsi ehtimalı, ümumiyyətlə, yoxdur. Ona görə də vətəndaşlarımız bununla bağlı əsla narahatlıq keçirməməlidirlər.

VOİCEPRESS.AZ
xəbər verir ki, bu barədə milli.az-a açıqlamasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov bildirib.

İqtisadçı millət vəkili əminliklə söylədiyi bu fikirlərini belə əsaslandırıb:
"Əvvəla, ona görə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə stabil, dinamik, dayanıqlı və artıq özünü təsdiqləmiş iqtisadi siyasət həyata keçirilir. Birinci devalvasiyadan sonra bank sektorunda, monetar və maliyyə siyasəti sahəsində çox önəmli addımlar atılıb.

Digər tərəfdən, devalvasiya ona görə baş verdi ki, ilk növbədə, neftin qiyməti dünya bazarında birdən-birə və kəskin şəkildə aşağı düşdü. İndi isə görürük ki, neftin qiyməti qalxır.

Bundan başqa, o dövrdə, yəni 2015-ci ildə bizim valyuta ehtiyatlarımız azalırdı. İndi isə valyuta ehtiyatlarımız artıb. Ticarət dövriyyəsi müsbət saldo ilə müşayiət olunur.

Eyni zamanda, ölkənin iqtisadi strategiyasının başlıca istiqaməti olan ixrac yönümlü məhsulların artıq dünya bazarına çıxması faktı var və bizim üçün valyuta mənbəyi deməkdir. Çünki istər kənd təsərrüfatı, istərsə də digər məhsullarımız dünya bazarlarına ayaq açıb və onlar ixrac edildikcə ölkəyə valyuta daxil olur.

Eləcə də əvvəlki illərlə müqayisədə ölkəmizə gələn turistlərin sayı dəfələrlə artıb. Turizm isə elə bir sahədir ki, ölkəyə daxil olan hər turist özü ilə xarici valyuta gətirir. Turistlərin sayı çoxalırsa, deməli, Azərbaycanda bu istiqamətdə də daxil olan xarici valyutanın həcmi artır.

Yəni biz görürük ki, ölkənin pul-monetar sistemi artıq stabilləşib və bu sahədə ardıcıl dayanıqlı siyasət həyata keçirilir".

A.Hüseynov hesab edir ki, Azərbaycanın milli valyutası olan manat öz möhkəmliyini bundan sonra da qoruyub saxlayacaq: "Ötən illərin təcrübəsi, eyni zamanda, xarici şoklardan özünüqoruma instiktinin qazanılması və risklərinin qarşısının alınması üçün həyata keçirilən tədbirlər bizə deməyə əsas verir deyək ki, manatın məzənnəsinin ən azından yaxın zamanlarda aşağı düşməsi ehtimalı yoxdur. Digər ölkələrin, xüsusən də Rusiya və Türkiyədə milli valyutaların məzənnələrinin aşağı düşməsinə gəlincə, bunlar iqtisadi amillərlə yox, daha çox bu ölkələrin ətrafında cərəyan edən siyasi hadisələrlə, təzyiqlərlə bağlıdır. Azərbaycan üçün belə bir problem yoxdur, üstəgəl, ölkədə siyasi stabillik var".

VOİCEPRESS.AZ


Ранее » Manatın məzənnəsi« Далее Manatın məzənnəsi
Flag Counter