İƏT-ə üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanda ali təhsil müəssisələrində təhsil qrantının verilməsi proseduru açıqlanıb

İqtisadiyyat / Manşet

1 467

İƏT-ə üzv dövlətlərin vətəndaşları üçün Azərbaycanda ali təhsil müəssisələrində təhsil qrantının verilməsi proseduru açıqlanıb
Fənlər üzrə göstəriciləri 51 baldan aşağı olan tələbələrin xərclərinin ödənilməsi müvəqqəti dayandırılacaq.
Nazirlər Kabineti “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil qrantının verilməsi Qaydaları, o cümlədən təhsil qrantının məbləği”ni təsdiq edib.

VOİCEPRESS.AZ-a verilən məlumata görə, bu Qayda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində tədris dilinə uyğun hazırlıq kurslarında və ali təhsilin bakalavriat, magistratura, doktorantura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində (xüsusi təyinatlı ali təhsil müəssisələri istisna olmaqla) dövlət büdcəsindən Təhsil Nazirliyinə ayrılan vəsait hesabına İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşları olan təhsilalanların təhsilinin təşkili məqsədi ilə təhsil qrantının verilməsi qaydalarını, o cümlədən təhsil qrantının məbləğini müəyyən edir.

Qaydaya əsasən Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin vətəndaşlarına Azərbaycan ali təhsil müəssisələrində təhsil üçün qrantların verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 dekabr tarixli 3457 nömrəli sərəncamı ilə təsis edilmiş təhsil qrantı iştirak edəcək ölkələri, ölkələr üzrə kvotaları, namizədlərin seçimi meyarlarını və bunların əsasında qrant alacaq proqram iştirakçılarının siyahısını hər il aprelin 1-dək növbəti tədris ili üçün müəyyən edir. Xarici İşlər Nazirliyi tərəfindən seçimi həyata keçirilmiş və yekun olaraq Təhsil Nazirliyi ilə birlikdə təsdiq olunmuş siyahı üzrə Təhsil Nazirliyi proqram iştirakçılarının təhsil alacaqları Azərbaycan ali təhsil müəssisələrini müəyyən edir və onlara təhsil qrantı ilə əhatə olunan xərclərin müvafiq ali təhsil müəssisələri tərəfindən ödənilməsini təmin edir. Təhsil qrantı dövlət hesabına ödənilən təhsil haqqı, viza, qeydiyyat, yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə, kommunal xidmətlər, tibbi yardım və ildə bir dəfə ölkələrindən gəliş-gediş xərclərini əhatə edir. Proqram çərçivəsində ödənişlər bu məqsədlə dövlət büdcəsindən ayrılan və Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisəsinə köçürülən vəsait hesabına bu Qaydalarda müəyyən olunmuş məbləğdə həmin ali təhsil müəssisəsi vasitəsilə həyata keçirilir.

Təhsil haqqı ilə bağlı xərclərə təhsil dövrü üçün bakalavriat, magistratura, tibb təhsili üzrə əsas təhsil və rezidentura səviyyələrində təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclər, həmçinin doktorantura səviyyəsi üçün təhsil haqqı və dil (tədris dilinə uyğun olaraq) hazırlıq kursları üzrə xərclərlə yanaşı, elmi tədqiqat xərcləri də aiddir. Nəqliyyat xərclərinə proqram iştirakçılarının ildə bir dəfə (tədris ilinin əvvəlində Azərbaycana gəliş və tədris ilinin sonunda gediş) Azərbaycana gəlişi və gedişi üçün beynəlxalq reyslər üzrə təyyarə biletinin (“ekonom sinif” üzrə bir baqaj xərci ödənilməklə) alınması xərcləri aiddir. Aylıq təqaüd xərcləri proqram iştirakçısının yataqxana və ya mənzil kirayəsi, gündəlik qidalanma, tədris ədəbiyyatı ilə təminat, ictimai nəqliyyatdan (taksi xidmətindən başqa) istifadə və communal xərclərini əhatə edir. Bu xərclər proqram iştirakçısı Azərbaycana daxil olduqdan etibarən təhsil müddətinin sonunadək olan dövrü əhatə edir. Aylıq təqaüdlər Azərbaycanda ali təhsil pilləsinin təhsil səviyyələri üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 4 iyun tarixli 104 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil proqramlarının (kurikulumlarının) yerinə yetirilməsi müddəti”ndə müəyyənləşdirilmiş normative müddətə uyğun olaraq, hər tədris ili ən çoxu 10 ay olmaqla ödənilir. Tibbi yardım xərclərinə bu Qaydalarda müəyyənləşdirilmiş məbləğə uyğun proqram iştirakçısına Azərbaycanda təhsil aldığı müddətdə göstərilən tibbi xidmət və dərman alınması xərcləri daxildir. Viza və qeydiyyat xərclərinə proqram iştirakçılarının Azərbaycanda vizanın alınması ilə bağlı xərcləri və proqram iştirakçılarının Azərbaycanda müvəqqəti yaşama icazəsinin alınması xərcləri aiddir.

Hər bir proqram iştirakçısı proqram çərçivəsində nəzərdə tutulan xərclər və onların ödənilməsi proseduru barədə Xarici İşlər Nazirliyi və ali təhsil müəssisələri tərəfindən məlumatlandırılır. Ali təhsil müəssisəsi ilə proqram iştirakçısı arasında bu Qaydaların tələblərinə uyğun şəkildə xərclərin ödənilməsi şərtlərini, eləcə də tərəflərin digər məsuliyyət və öhdəliklərini özündə əks etdirən, Təhsil Nazirliyi tərəfindən müəyyən olunmuş formaya uyğun müqavilə imzalanır. Proqram iştirakçılarının xərclərinin maliyyələşdirilməsi il ərzində müvafiq ali təhsil müəssisələrinin sifarişləri əsasında vəsaitin Təhsil Nazirliyi tərəfindən həmin alim təhsil müəssisələrinə köçürülməsi yolu ilə həyata keçirilir. Proqram iştirakçılarının xərclərinin ödənilməsi aşağıdakı prosedurlar əsasında həyata keçirilir:

- hər il üçün təhsil haqqı ilə bağlı xərclərin ödənilməsi ali təhsil müəssisəsinin təqdim etdiyi sifarişlər əsasında ildə 2 dəfə olmaqla, hər bir semestrin əvvəlində Təhsil Nazirliyi tərəfindən müvafiq ali təhsil müəssisələrinin hesabına köçürmə yolu ilə həyata keçirilir;

- proqram iştirakçılarının nəqliyyat, viza və qeydiyyat xərcləri təqdim olunan müvafiq təsdiqedici sənədlər əsasında hesablanmaqla, Təhsil Nazirliyinə göndərilən sifarişə uyğun olaraq ayrılan vəsait hesabına ali təhsil müəssisəsi tərəfindən ödənilir. Nəqliyyat, viza və qeydiyyat xərcləri proqram iştirakçısı tərəfindən ödənildiyi halda, həmin vəsaiti müvafiq təsdiqedici sənədlər əsasında ali təhsil müəssisəsi proqram iştirakçısının yerli bankdakı milli valyuta hesabına ödəyir. Əgər nəqliyyat və viza xərci ödəniş edilməli tarixdən öncə proqram iştirakçısı tərəfindən xarici valyuta ilə ödənilmişdirsə, onda nəqliyyat və viza xərci ona ödənişin rəsmiləşdirilmə tarixinə olan rəsmi məzənnə əsasında manatla ödənilir;

- proqram iştirakçısının aylıq təqaüdləri ali təhsil müəssisəsi tərəfindən hər ay onun yerli bankdakı milli valyuta hesabına köçürülür. Proqram iştirakçıları tədris ilinin sonunda fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri nəticəsində öz ölkələrinə gedə bilmədikdə və onların hər hansı maliyyə mənbəyi olmadıqda, bu zaman sözügedən fövqəladə hal və ya qarşısıalınmaz qüvvənin təsiri aradan qalxana və proqram iştirakçıları öz ölkələrinə gedənə qədər müvafiq ali təhsil müəssisəsinin vəsatəti əsasında onlara tam aylıq təqaüd ödənilir;

- proqram iştirakçısı üçün Azərbaycanda təhsil aldığı müddətdə nəzərdə tutulan tibbi yardım haqqının ödənilməsi müvafiq ali təhsil müəssisəsinin sifarişi əsasında Təhsil Nazirliyindən ayrılan vəsait hesabına həmin ali təhsil müəssisəsi tərəfindən təşkil edilir. Proqram iştirakçılarının tibbi yardımla bağlı xərcləri Azərbaycanda təhsil aldıqları müddətdə proqram iştirakçılarını müqavilə əsasında müəyyən olunmuş qaydada tibbi xidmətlə təmin edən sığortaçı tərəfindən təqdim edilən, eləcə də digər təsdiqedici sənədlər əsasında ödənilir.

- Müvafiq ali təhsil müəssisəsi hər semestrin sonunda Xarici İşlər Nazirliyinə və Təhsil Nazirliyinə həmin semestrdə fənlər üzrə proqram iştirakçılarının aldıqları yekun qiymətlərin hesabatlarını təqdim etməlidir. Proqram iştirakçılarının təqdim edilən hesabatda əks olunan fənlər üzrə göstəriciləri 51 baldan aşağı olduğu təqdirdə, bu akademik müvəffəqiyyətsizlik hesab edilir və bu hal aradan qaldırılana qədər növbəti semestrlər üçün proqram iştirakçılarının xərclərinin ödənilməsi müvəqqəti olaraq dayandırılır. Bu zaman bütün xərclər proqram iştirakçısı, yaxud hər hansı fiziki və ya hüquqi şəxs tərəfindən ödənilir. Proqram iştirakçısı ali təhsil müəssisəsindən xaric edildikdə, həmin təhsil müəssisəsi 3 iş günü ərzində bu barədə Təhsil Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə və Xarici İşlər Nazirliyinə məlumat verməlidir. Proqram iştirakçılarının təhsil müddətinin üzrlü (xəstəlik, ailə vəziyyəti və s.) və ya onlardan asılı olmayan səbəblərə görə uzadılması halında, onların və ya ali təhsil müəssisəsinin müraciəti əsasında yalnız 1 əlavə semestr üzrə xərclərin ödənişi həyata keçirilə bilər.






VOİCEPRESS.AZ

Ранее » Azərbaycan prezidenti: "Tezliklə “Şahdəniz-2”dən qazın boru...« Далее Azərbaycanda İƏT-ə üzv dövlətlərin vətəndaşlarının ali t...