Dünya Bankı: 35 ölkə arasında Azərbaycan ən dinamik inkişaf edən ölkədir

İqtisadiyyat / Manşet

1 215

Dünya Bankı: 35 ölkə arasında Azərbaycan ən dinamik inkişaf edən ölkədir
İqtisadiyyat naziri Şahin Mustafayevin Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə vitse-prezidenti Siril Müller ilə bu gün keçirilən görüşündə ölkəmizlə Dünya Bankı arasında əlaqələrin mövcud vəziyyəti və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.

Nazirlikdən VOİCEPRESS- ə verilən məlumata görə, İqtisadiyyat Nazirliyinin və Dünya Bankının rəhbər vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan Bankın dövlət və özəl sektorun inkişafına göstərdiyi dəstəyi yüksək qiymətləndirir.

Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr çərçivəsində qabaqcıl beynəlxalq təcrübənin tətbiq olunması, ən qabaqcıl texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və Dünya Bankı arasında əməkdaşlıq çoxşaxəlidir, infrastruktur, kənd təsərrüfatı və sosial sahələri əhatə edir. Dünya Bankı ölkəmizə 53 layihə üzrə 4,15 mlrd. ABŞ dolları vəsait ayırıb. Artıq 41 layihə üzrə işlər başa çatıb, 11 layihə üzrə tədbirlər isə davam etdirilir.

Dünya Bankı ölkəmizdə özəl sektorun inkişafına da dəstək göstərir, bu sahə ilə sıx əməkdaşlıq edir. İndiyədək Dünya Bankı tərəfindən 72 layihə üzrə özəl sektora 500 mln. ABŞ dolları vəsait ayrılıb.

Dünya Bankı ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda "Bərk məişət tullantılarının vahid idarəçiliyi" layihəsi uğurla icra olunub və Dünya Bankı tərəfindən mükafata layiq görülüb. Bank tərəfindən rəqabətliliyin artırılmasına, ölkəmizdə yaradılan sənaye parklarına və məhəllələrinə texniki dəstək göstərilib. Artıq texniki dəstəyin göstərildiyi sahələr üzrə müsbət nəticələr əldə olunub.

Ş.Mustafayev qeyd edib ki, qeyri-neft sektorunun inkişafı və şaxələndirilməsi, biznes və investisiya mühitinin yaxşılaşdırılması, sahibkarlığa dəstək Azərbaycan iqtisadiyyatının prioritetləridir. Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı bu prioritetlərə uyğun olaraq, davam etdirməkdə maraqlı olduğunu bildirən Ş.Mustafayev ölkə iqtisadiyyatı, həyata keçirilən islahatlar barədə məlumat verib, biznes mühitinin təkmilləşdirilməsi, özəl sektorun maliyyə resurslarına çıxışının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərinə dair təklifləri diqqətə çatdırıb. Vurğulanıb ki, Azərbaycan bərk məişət tullantılarının idarəedilməsi, sənaye parklarına və özəl sektora dəstəyin davam etdirilməsi sahələrində Dünya Bankı ilə əməkdaşlıqda maraqlıdır.

Dünya Bankının Avropa və Mərkəzi Asiya Regionu üzrə vitse-prezidenti S.Müller Bankın Azərbaycanla əməkdaşlığının 25 ildir ki, uğurla davam etdiyini və təmsil etdiyi qurumun bu əlaqələrdən məmnunluğunu diqqətə çatdırıb. Vitse-prezident Dünya Bankının Azərbaycan da daxil olmaqla, 35 ölkə ilə əməkdaşlığına rəhbərlik etdiyini, Azərbaycanın onların arasında ən dinamik inkişaf etdiyini bildirib, 2017-ci ildə mühüm irəliləyişlərin olduğunu vurğulayıb. Qeyd olunub ki, Dünya Bankı bir çox sahələrdə, o cümlədən Cənub Qaz Dəhlizi layihələri çərçivəsində ölkəmizlə əməkdaşlıq edir. S.Müller ugurla icra olunan bərk məişət tullantılarının idarəedilməsinə dəstəyin davam etdiriləcəyini, Dünya Bankının Azərbaycanın iqtisadi inkişafına hər zaman dəstək göstərməyə hazır olduğunu diqqətə çatdırıb.


VOİCEPRESS.AZ


Ранее » Azərbaycan Qətərə yumurta ixrac edəcək« Далее Qızıl ucuzlaşır, gümüş bahalaşır