İbad Hüseynov: "Səsimiz və seçimimiz İlham Əliyevdir"

ibadhuseynov / Tet-a-tet / Manşet

2 169

İbad  Hüseynov:
Keçmiş kəşfiyyatçı-döyüşçü "Azərbaycan bayrağı" ordenli İbad Hüseynovla müasahibə...

– İbad bəy, tez-tez qəhrəmanlıq və şəhadət anlayışından söz açılır. Maraqlıdır, sizin üçün insanı vətən uğrunda döyüşə səsləyən qüvvənin adı nədir? Söhbətimizə burdan başlayaq...

– Əgər bir ölkə müharibə şəraitindədirsə, tez-tez qəhrəmanlıqdan, şəhiddən, söz açılması təbii haldır. Vətən ana deməkdir, bu sözün müqəddəsliyini, toxunulmazlığını anlayan hər bir vətəndaş döyüşməyə də, şəhidliyə də hazır olmalıdır. Biz müharibədə qəhrəman olmaq üçün döyüşmürdük. Sadəcə, elə döyüşürdük ki, bizə o adı verirdilər.

Yaxşı yadımdadır, müharibə başlayanda bir neçə şəhidimiz olmuşdu, onların şəkillərindən bir lövhə düzəltmişdik və mən öz şəklimi onların şəkillərinin arasından asdım və dedim ki, bizi yalnız ölüm ayıra bilər. Və həqiqətən də elə oldu. Mən son nəfəsimə qədər vuruşdum, sonda isə tank əleyhinə minaya düşərək ölümcül yaralandım. Bir ay komada qaldım, bir neçə ay hərbi hospitalda yatdım. Uzun illər qoltuq ağaclarında xəstəliyimlə mücadilə apardım.

Ayağım, qolum iflic olmuşdu. Həkimlər yeriməyəcəyimi demişdilər...

– Bəs necə oldu ki, sağaldınız?

– Uzun müddət müalicələr aldım. Mən uşaqlıqdan idmanla məşğul olduğum üçün özüm-özümü müalicə etdim və sağaldım. Xəstəxanadan çıxanda isə birbaşa rayona – hərbi hissəyə getdim.

– Axı borcunuzu yerinə yetirmişdiniz. Yəni vətən uğrunda gedib o dünyanı görüb gəlmişdiniz. Bəs təzədən hərbi hissəyə nə üçün gedirdiniz?

– Əvvəla, başqa yerdə yaşaya bilməzdim. İkincisi, orda mənə ehtiyac vardı və bu ehtiyacı öz daxilimdə də hiss edirdim.

– Təzədən döyüşməyə fiziki sağlamlığınız imkan verirdimi?

– Vermirdi. Buna baxmayaraq, mən mənəvi cəhətdən əsgərlərin arasında, yanında idim. Amma əsas bir məqamı unutmamalıyıq: vətən uğrunda ölməyə deyil, öldürməyə hazır olmalıyıq.

– Bu yaxınlarda qardaş ölkənin Afrin əməliyyatına dəstək olmaq üçün Türkiyə ordusunda savaşa hazır olduğunuzu da elan etdiniz. Necə oldu ki, belə bir qərara gəldiniz?

– Bilirsiniz ki, Türkiyənin paytaxtı Ankarada mənim adıma küçə veriblər. Qaziantəp şəhərində park salıblar, Kirşəhərdə küçə veriblər. Tez-tez konferanslara dəvət edirlər, görüşlər keçirirlər. "Türk dünyasının qəhrəman övladı” adlı Yeni Türkiyə Strateji Araşdırmalar Mərkəzində haqqımda kitab yazıblar. Orada məni özlərinin qəhrəmanı kimi qələmə verirlər. Bir düşünün, bəs mən nə etməliydim? Təbii ki, doğru addım atdım. Çünki Türkiyə mənim üçün ikinci vətəndir.

– Afrinə getmək istəyiniz sadəcə, bir elan idi? Yoxsa ciddi addımlar da atdınız?

– Mən bunu sadəcə, elan etmədim, birbaşa Suriya-Afrinlə sərhəd olan Kilis şəhərinə getdim. Şəhərin valiliyi məni qarşıladı, orda sadə insanlarla, şəhər sakinləri ilə görüşdüm. Yanımdaca bir neçə yerə raket düşdü, yaralananlar oldu. Daha sonra xəstəxanalarda yaralı əsgərlərlə görüşdüm. Təbii, Türkiyənin güclü və qüdrətli ordusu var, onun kiminsə köməyinə ehtiyacı yoxdur. Hesab edirəm ki, dünyada türk əsgəri kimi cəsur əsgər də yoxdur.

– Əgər doğrudan da, Türkiyə ordusunun heç bir köməyə ehtiyacı yoxdursa, bəs nə üçün Afirnə getməklə bağlı qərar verdiniz?


– Mən sadəcə, öz içimdən gələn bir addımı atdım.

– Onda belə çıxır ki, dünyanın harasında türk varsa və bir-birimizə qardaş deyiriksə, deməli, çətin gündə də bir-birimizin yanında olmalıyıq?

– Türkiyə Cümhuriyyətinin Cumhurbaşqanın başdanışmanı Yalçın Topçunun dilinin əzbəri olan bir sözü xatırlatdınız mənə. "Bütün türk dövlətləri qardaşdır, Azərbaycan və Türkiyə isə əkiz qardaşdır”. Türkiyə-Azərbaycan birliyi, dostluğu olduqca önəmli və vacibdir. Təbii ki, Türkiyəni sevməyən Azərbaycanı da sevməyəcək. Uzun illər bu iki qardaş ölkəni bir-birindən uzaq tutmaq üçün nələr etməyiblər, hansı addımları atmayıblar. Şükürlər olsun gec də olsa Türkiyə-Azərbaycan bütövlüyü, dostluğu bütün sahələrdə göz qabağındadır. Və mən də qardaşlığımıza görə bu dövlətlərin oğlu, əsgəri olaraq çox şadam.

– İbad bəy, Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etməsi Azərbaycan xalqı üçün unudulmaz bir hadisədir. Sizcə, iki ölkənin – Azərbaycan və Türkiyənin birlik və bərabərliyini bu gün daha da gücləndirmək üçün nələr edilməlidir, hansı tərəf hansı addımı atmalıdır?

– Alman alimi Fritz Neumarkın yaxşı bir sözü var. Deyir ki, tarixdən türklər çıxarılırsa tarixdə tarix deyə bir şey qalmaz. Çanaqqala türk tarixinin qanla yazılan qızıl tarixidir, savaşıdır. Çanaqqla savaşı türkün böyüklüyünü, cəsarətini, türk əsgərinin ölümsüzlüyünü təsdiqləyən tarixi faktdır. Bilirsiniz ki, Çanaqqla savaşında yüzlərlə Azərbaycan əsgəri də şəhid olub. Eyni zamanda Qafqaz İslam Ordusunun Bakını erməni işğalından azad etdiyi zaman nə qədər türk əsgərləri şəhid olub. Türk dünyası böyük dünyadır. Hətta Avropa da sivilizasiya inkişafını türklərdən götürüb.

– Maraqlı fikirdir...

– Bu gün ölkəmizdə olduğu kimi Türkiyədə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin yeni formada ortaya çıxması və davamlı inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması hər kəsə məlumdur. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq "bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla işlədilir.

Qeyd etmək lazımdır ki, Azərbaycan-Türkiyə münasibətlərinin əsası Azərbaycana Xalq Cümhuriyyəti ilə Osmanlı arasında yaranmışdır. Lakin tarixin acı nəticələri iki qardaş ölkənin münasibətlərinə problemlər yaratdı. Müstəqilliyimizin bərpasından sonra isə belə demək mümkünsə iki qardaş xalq sürətlə bir-birinə qaynayıb qarışmışdı. İki ölkə arasında əlaqələrin durmadan yüksəliş dinamikasında qorunması təkcə qardaş tərəflər üçün yox, eyni zamanda böyük bir coğrafiyanın inkişafını da təmin etməkdədir. Məlum olduğu kimi, artıq prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinin qeyd olunması ilə bağlı müvafiq sərəncam imzalayıb və dövlətimizin başçısı 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. 100 illik ərəfəsində Azərbaycan və Türkiyə arasında dövlət əhəmiyyətli tədbirlərin, layihələrin gerçəklşməsi danılmazdır. Azərbaycan hər zaman Türkiyədən böyük dəstək gözləyir və lazım gələndə də öz dəstəyini göstərir.

– İbad bəy, son illər sosial şəbəkələrdə insanlar, qruplar, siyasi qüvvələr, bloggerlər bir-birini söyməyə, təhqir eləməyə başlayıb. Hərdən sizin də adınız hallandırılır.

– Əslində, dediyiniz məsələ bu günün, dünənin hadisəsi deyil. Mənim haqqımda şər, böhtan xarakterli məlumatlar illərdir yayılır. Müharibənin qızğın vaxtı apardığım əməliyyata özlərinə məxsus səviyyədə min cür don geyindirib məni gözdən və nüfuzdan salmağa çalışırlar. Hansı ki, onlar Azərbaycanın çörəyini yeyib, suyunu içib, amma müharibədə hansı işlərlə məşğul olduqları, hansı hoqqalardan çıxdıqları bəlli olmayan, erməni lobbisi tərəfindən maliyyələşdirilən qurumun nümayəndələridir. Mən düşünürəm ki, onların atdıqları addımların qarşısı gərək vaxtında alınaydı. Amma görünür, onların oyununu "oynatmağa" şərait yaradan "oyunçular" vardı. İnanın, dəfələrlə demişəm ki, söhbət təkcə məndən getmir, söhbət Azərbaycan xalqından və bu xalqın bundan sonrakı taleyindən gedir.

– Daha konkret danışaq. Sizcə, nəyə görə xaricə sığınmış blogerlər ancaq ölkə prezidentini hədəf alırlar? Bu barədə sizin məntiqiniz nə deyir?

– Son illər Azərbaycan bütün sahələrdə – istər ictimai-siyasi, istərsə də mədəni, idman və s. sahəsində, müxtəlif layihələrlə dünyanın diqqətində olan bir dövlətə çevrilib. Dünyanın müxtəlif ölkələrindən Azərbaycana gələnlər oldu və onlar Azərbaycan haqqında xəbərdar olmağa başladılar. Bir Azərbaycan vətəndaşının öz xalqına və prezidentinə olan mənfi münasibətini, reaksiyasını, fikirlərini görəndə xarici vətəndaşın, nümayəndənin üçü inanmasa da, üçü inanacaq. Əslində, o adamların bacardıqları yalnız, üzdəniraq fikirlər, çirkin əməlləridir. Çünki bundan savayı əllərindən heç nə gəlmir. Başqa nə edə bilərlər ki? Amma yenə də istər-istəməz insanların düşüncələrində, fikirlərində müəyyən qara fikirlər yaradırlar.

– Həmin adamlarla – söhbət xaricdə yaşayan və Azərbaycan hakimiyyətinin təhqir edənlərdən gedir – şəxsən danışmaq, yazışmaq, görüşmək kimi bir cəhdiniz olubmu?

– Düzü, mən onlarla sosial şəbəkədə bir neçə dəfə yazışıb-pozuşdum, o dəqiqə mənə qarşı təxribata başladılar. Necə ki, hər prezident seçkiləri zamanı göstərdiyimiz dəstəyə görə bizə qarşı müxtəlif münasibətlər sərgiləyiblər. İndi də ağızlarına gələni yazıb-pozmağa başladılar. Belə hallara mən çox təəssüf edirəm. Amma nə etmək olar? Əslində, onlar siyasət adamı deyillər, sadəcə, siyasətə kimlərinsə tapşırıgı ilə "ilişirlər".

Biz 1990-cı illərdən bəri vətəni, torpağımızı qoruduq, müdafiə etdik. Biz hələ o vaxtlar deyirdik ki, bu ölkəni xaosdan yalnız Heydər Əliyev xilas edəcək. Həqiqətən də ulu öndər Azərbaycanı xilas etdi. Mən və mənim ətrafımda olan yüzlərlə, minlərlə döyüşçülər Heydər Əliyevi dəstəklədik. Ulu öndər isə Azərbaycanı yenidən qurdu və dünyaya yeni bir Azərbaycan tanıtdırdı. Sonra da İlham Əliyev cənabları o siyasəti layiqincə davam etdirdi. Biz İlham Əliyevi də hər zaman dəstəkləmişik və bu gündə dəstəkləyirik!

– Məsələn, dəstəyinizi necə əsaslandıra bilərsiniz?

– Mən 1993-cü illərdə vətən yolunda sağlamlığını itirmiş bir döyüşçü olaraq ölkəmizin maraqlarını müdafiə edirəm. Və məhz dövlətin maraqları naminə, onun müstəqilliyinin qorunması, daha da möhkəmlənməsi naminə cənab İlham Əliyevi dəstəkləyirəm. Özlərini böyük siyasi qüvvə kimi göstərməyə çalışanlar ətraflarında heç 10 nəfəri birləşdirə bilmirlər. Ancaq xarici dairələrin bədnam sifarişlərini ölkəmizdə həyata keçirməyə çalışırlar. Əslində, o cür adamlar daxilimizdə cücərmiş naqislərdir. Bu, xarici dairələrlə erməni lobbisinin ortaq layihələri, ortaq işbirliyidir.

– Sizcə, məqsədləri nədir?

– Məqsəd Azərbaycanın beynəlxalq imicinə xələl gətirmək, xalqımızı aşağılamaqdır. Ancaq gərək bunun qarşısı ciddi şəkildə alınsın. İctimaiyyətin qəzəbini qazanmış və pulla satın alınmış "söyüşçü”lər söyüşü özlərinə silah hesab edirlər. Bunlar vətəninə, dövlətinə, ailəsinə dəyər verməyən məxluqlardır. Əxlaqi çərçivələri söyüşlə sərhədləşmiş bu məxluqlar pulu özlərinə əsas dəyər, maliyyə mənbəsi olan "iş” yeri kimi baxırlar. Ailə kiçik dövlətdir, dövlət də böyük bir ailə. Ailənin başçısını təhqir edən üzvlər ya xəstədir, ya dəli. Ağlıma sığışdıra bilmirəm ki, ailədə ataya, anaya qarşı bu qədər amansız və qəddar münasibət göstərilsin. Bu söyüş söyənlər kimlərin davamçılarıdır, bax, onları araşdırmaq lazımdır. Sosial şəbəkə o cür insanların "döyüş meydanına” çevrilib. Ən asan, ən rahat gəlir mənbəyi və qazanc meydanı.

– Aydındır...

– Əslində, fikir versəniz, son vaxtlar Azərbaycanda tanınmış insanların, tarixi şəxsiyyətlərin əksəriyyəti haqda mənfi, ağıla sığmayan yazılar yazılır, onları gözdən salmağa çalışırlar. Mən də şəxsən bu prosesləri yaşayan və gərginliyini hələ də yaşadığım şər-böhtan xarakterli addımların qarşısının alımasını və onları məsuliyyətə cəlb edilməsinin tərəfdarıyam. Şəxsi və ya ümumi uğursuzluqlar üzündən yaranmış hər hansı kin-küdurət hissi bəzən elə zəif insanların şər-böhtana əl atmasına səbəb olur. Məsələn, onlarda o qədər qısqanclıq, paxıllıq var ki, qarşısında olan uğurlu insanların fəaliyyətini həzm etmirlər və bu cür addım atmağa məcbur olurlar.

Biz azərbaycanlıyıq, öz adət-ənənəmiz, əxlaq və şərəf ölçülərimiz var. Bu gün Avropada oturub öz "siyasi mübarizəsini” söyüş və təhqir üzərində quranlar tutduqları yolun nə qədər yanlış və bağışlanılmaz olduğunu anlamalıdırlar. Və mən şəxsən Azərbaycan vətəndaşı olaraq, yenə deyirəm, ulu öndər Heydər Əliyev siyasətini layiqli şəkildə davam etdirən İlham Əliyevə alternativ olaraq kimisə görmürəm. Biz dövlətimizin, dövlət rəhbərimizin yanındayıq, səsimiz və seçimimiz İlham Əliyev olacaq.

Kəramət Böyükçöl
VOİCEPRESS.AZ


Flag Counter