Azərbaycanın Ukraynadakı səfirliyi: “Azər Xudiyev Tələt Əliyev barəsində Avakova müraciət etməyib”

Dünya / Manşet

423

Azərbaycanın Ukraynadakı səfirliyi: “Azər Xudiyev Tələt Əliyev barəsində Avakova müraciət etməyib”
Azərbaycanın Ukraynadakı səfriliyi son günlərin qalmaqallı məsələsi - eks-səfir Tələt Əliyevlə hazırkı səfir Azər Xudiyevin mübahisəsi haqda məlumat yayıb. Səfirlikdən VOİCEPRESS.AZ-a daxil olan məlumatda bildirilib:

“Bəzi kütləvi informasiya vasitələrində keçmiş səfir Tələt Əliyevin hazırkı səfir Azər Xudiyevə qarşı səsləndirdiyi əsassız ittihamlarla bağlı Milli Məclis üzvlərinin narahatlığına səbəb olan məqamlara dair aşağıdakıları bildirmək istəyirik:

2016-cı ildə səfir A.Xudiyev tərəfindən Ukraynadakı Səfirliyin inzibati binası təhvil alınarkən, onun qəzalı olub-olmamasının qiymətləndirilməsi və binada çatların yaranma səbəbinin müəyyən edilməsi məqsədilə Səfirlik tərəfindən Ukrayna Tikinti-konstruksiya üzrə Dövlət Elmi-Tədqiqat İnstitutuna müraciət edilib və müvafiq ekspertizanın təyin edilməsi üçün mütəxəssislər dəvət olunub. Ekspertizanın yekun rəyinə əsasən müəyyən olunub ki, binanın zirzəmisi və damı qəzalı vəziyyətdədir.

Bildirmək istəyirik ki, 2007-2009-cu illərdə Səfirliklə Ukrayna vətəndaşı, “SPD Qashimova S.Q” şirkətinin təsisçisi Səbinə Həşimova arasında bağlanmış müqaviləyə əsasən Səfirliyin inzibati binasında əsaslı təmir işlərinin aparıldığı müəyyən edilib. Lakin İnstitut tərəfindən aparılmış araşdırmada binada heç bir əsaslı təmir işlərinin aparılmadığı aşkarlanıb.

Daha sonra səfir A.Xudiyev S.Həşimovanı Səfirliyə dəvət edərək, ekspertizanın rəyini onun diqqətinə çatdırıb və bağlanmış müqavilənin şərtlərinin düzgün yerinə yetirilməməsi ilə bağlı iradlarını bildirib. S.Həşimovadan xahiş olunub ki, həmin müqaviləyə əsasən Səfirliyin binası tam təmir olunaraq təhvil verilsin. Çoxsaylı müraciətlərə baxmayaraq, şirkət əsaslı təmirin aparılmasından imtina edərək görülmüş işlərlə bağlı heç bir təhvil-təslim sənədlərini səfirliyə təqdim etməyib.

S.Həşimovanın Ukrayna vətəndaşı olduğunu və həmin şirkətin Ukraynada təsis edilərək qeydiyyatdan keçdiyini nəzərə alaraq, sözügedən müqavilənin icrasını tam təmin edilməsi məqsədilə Səfirliyin müraciəti əsasında Ukrayna Baş Prokurorluğunda araşdırmalar aparılır.

Səfirlik tərəfindən T.Əliyevlə bağlı hər hansı məsələdə yerli hüquq-mühafizə orqanlarına, eləcə də Ukrayna daxili işlər naziri A.Avakova müraciət edilməyib. Hesab edirik ki, xüsusilə A.Avakovun adının hallandırılması və bu ətrafda eyforiya vəziyyətinin yaradılması məqsədyönlü və qərəzli xarakter daşıyır.

Onu da xüsusilə qeyd etmək istəyirik ki, sözügedən məsələ ilə bağlı yekun hüquqi qiymətin verilmədiyi halda bəzi kütləvi informasiya vasitələrində hər-hansı bir fikrin söylənilməsi məqsədəmüvafiq deyil”.







VOİCEPRESS.AZ

Ранее » Çində zavodda partlayış olub, ölənlər və yaralananlar var« Далее Çində Azərbaycan məhsulları satılır